"Prezidentin Şuşada verdiyi mesajlar hədəfinə çatıb"

“Erməni “Telegram" kanalları və ekspertləri dərhal reaksiya verdilər"

“Şuşada baş tutan Dünya Azərbaycanlılarının V Qurultayı 44 günlük Vətən müharibəsinin zəfər payıdır”

“Burada çıxış edən Prezidentimiz həmişəki kimi möhtəşəm nitq söyləyib. Dünya azərbaycanlıları dosta-düşmənə mesajlar verib”

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Qurultayda çıxış edib:
"Bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq.
Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz" .

Aprelin 23-dək davam edəcək Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edir.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür.

 Prezidentin çıxışı ilə bağlı “Sherg.az”a danışan “Yeni Müsavat» Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu gün keçirilən tədbir 44 günlük Vətən müharibəsinin zəfər payıdır. Ölkəmizə və dünya azərbaycanlılarına yaraşan qurultaydır. Burada çıxış edən Prezidentimiz həmişəki kimi möhtəşəm nitq söyləyib. Dünya azərbaycanlıları dosta-düşmənə mesajlar verib. Təsadüfi deyil ki, erməni "Telegram" kanalları və ekspertləri dərhal bu çıxışa reaksiya bildirib. Deməli, ölkə rəhbərimizin mesajları öz hədəfinə çatıb. Bu çıxışda bizlər üçün də mesajlar olub. Onları qəbul edərək qürur duyuruq. Fəxr edirik ki, qalibiyyət qazandıq”.

R.Arifoğlu Prezident İlham Əliyevin siyasətindən bəhs edib:

“Bundan əvvəlki tribunalarda niyyətlər və arzular səslənib. Həmişə deyilərdi ki, Allah eləsin, növbəti qurultaylarımız Qarabağda, Şuşada keçirilsin. Bəlkə də, bəziləri bu çağırışa inanmırdı. Zəfərdən sonrakı postmüharibə dövrüna aid siyasətin diplomatiyasının hazırlanmasında və konkret olaraq Şuşada keçirilən tədbirdə Prezident İlham Əliyevin rolu böyükdür. 50 milyon azərbaycanlının başını ucaldan ləyaqətli siyasət aparır. Bir vətəndaş olaraq sözügedən prosesdən qürur duyuram. Cənab Prezidentə xalq olaraq minnətdarıq. Allah hər bir soydaşımıza Şuşanı görməyi nəsib etsin”.