Bu artıq sondur! – “Ölkədə jurnalist yoxdur, yetişmir” 

“Nə BDU-dan gəlir, nə Slavyan Universitetindən, nə də jurnalistika fakültəsinin olduğu digər ali məktəblərdən”

“Bu gün jurnalist çox təəssüf, ali məktəblərin eyni adlı fakültələrində yetişmir, onlara yazmağı redaksiyalar öyrədir. Nə edək, haradan alaq?”

“Elə həmin ali məktəblərin jurnalistika fakültələrindən gələnlərə reportajın nə olduğunu, inşa deyil, reportaj yazmağı öyrədənə qədər redaktor sözün həqiqi mənasında çərləyir”

Son vaxtlar peşə vəzifələrini düzgün yerinə yetirə bilməyən jurnalistlərdən gileylənənlər çoxdur. Onların paylaşımlarındakı qrammatik səhvlər, diksiyalarındakı nöqsanlar media nümayəndələrini tənqid hədəfinə çevirib. Hətta jurnalistika sahəsi ilə bağlı olan vakansiyalarda qeyd olunan  “tələblər”  müxtəlif müzakirələrə yol açıb. Elə bu məsələ barədə tanınmış jurnalist Səbuhi Sədəf öz Feysbuk səhifəsində fikrilərini bölüşüb: “Saytların birinə yeni əməkdaşlar axtarılır. İlk tələb nə olsa yaxşıdır? Azərbaycan dilində səlis yazmağı bacarsın. Təəccüblənməyin, reallıq belədir”.

 Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan S.Sədəf jurnalistikamızın bugünkü vəziyyətini tənqid edib. Onun sözlərinə görə, heç kim özünə əziyyət vermir:

“Yadımdadır, bir dəfə saytlardan biri bəndənizdən müsahibə götürürdü. Onda demişdim ki, Azərbaycan mətbuatında jurnalist qıtlığı var.  Çox yox, son beş ildə mətbuatda adından söz etdirmiş birini tanıyırsınızmı? Ölkə mediasında ciddi reportyor qıtlığı var.

 Yoxdur, yetişmir, nə BDU-dan gəlir, nə Slavyan Universitetindən, nə də jurnalistika fakültəsinin olduğu digər ali məktəblərdən. Hamı otaqlara çəkilməyi sevir, hamı press-reliz müxbiri olmağı üstün tutur. Heç kim özünə əziyyət vermir. 

Heç kim bəlkə də içində olduğu istedadının çörəyini yemək istəmir. Yetişən, yetişdirilən tək-tük reportyorlar isə ayrı-ayrı təşəbbüslərin nəticəsidir. Adını reportyor qoyub bu və ya digər yerdən reportaj hazırlayanların əksəriyyətinin məhsulu isə sadəcə biabırçılıqdır. 

Mövzu dalınca gedib onu ərsəyə gətirən reportyor ən azı mövzunu bilməlidir, onu diletant şəkildə işləməməlidir.
Yuxarıda dediyim kimi, bu gün jurnalist çox təəssüf, ali məktəblərin eyni adlı fakültələrində yetişmir, onlara yazmağı redaksiyalar öyrədir. Nə edək, haradan alaq? Elə həmin ali məktəblərin jurnalistika fakültələrindən gələnlərə reportajın nə olduğunu, inşa deyil, reportaj yazmağı öyrədənə qədər redaktor sözün həqiqi mənasında çərləyir. Bunun nə vaxta qədər davam edəcəyi də bilinmir. Bu problem deyil, əslində, jurnalistikamızın dərdidir, mərəzidir...”

Jurnalist  bugünkü media nümayəndələrini əvvəlkilərlə müqayisə edib:

Məqsədlər ayrıdır. 90-larda biz Nəcəf Nəcəfov, Şakir Yaqubov, Mehman Cavadoğlu, Adil Qaçayoğlu, Rizvan Cəbiyev, Məmməd Nazimoğlu olmaq istəyirdik. Amma indi ev istəyirlər, yazı yazmaq istəmirlər. Bir saytın ki baş redaktoru “və” bağlayıcısından sonra, hətta əvvəl belə vergül qoyur, “da”, “də”ni ayıra bilmir, ”Xəbər”i və “Zərfliyi” cümlə üzvü yox, kişi və qadın adı hesab edir…demək vəziyyətimiz çox gərgindi. 

Bir ucdan da gəlirlər. Heç bir yerdə uğur tapmayanlar jurnalistikaya üz tutur. Onun “j”sından xəbəri olmayıb və olmayacaq “J”lar...

Və nəhayət o statusda yazmışdım, əgər redaksiya “Azərbaycan dilində səlis yazmağı bacaran jurnalist axtarılır” elanı veribsə, bu artıq sondur. Yox, bəlkə də son bu vaxt olacaq:“Azərbaycan dilində yaza bilən jurnalist axtarılır”.”