Faşizmin təzahürləri Ermənistanın dövlət siyasətində hər zaman öz əksini tapıb

Prezident İlham Əliyev erməni faşizminin bir daha başını qaldırmasına imkan verməyəcəyini ermənilərə və bütün dünyaya bəyan edib. 

Dünya Azərbaycanlılarının V Qurultayında növbəti dəfə bu məsələni gündəmə gətirən ölkə başçısı deyib ki, biz faşizmi məhv etdik, Cənubi Qafqazı faşizmdən xilas etdik: “Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır.

Biz gücümüzü daha da  artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. İndi bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. 

Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və əgər erməni faşizmi bir daha baş qaldırarsa, biz onu hər an əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”.

Politoloq Yeganə Hacıyeva “Şərq”ə açıqlamasında deyib ki, faşizm təzahürləri  erməni dövləti və erməni xalqının milli maraqlarının ifadəsində, dövlət siyasətində hər zaman  öz əksini tapıb:

 “Əsrlərdir  bizə qarşı istifadə olunan bu ideologiyanın şahidi olmuşuq. Tarixin müxtəlif mərhələlərində ermənilər Azərbaycana qarşı faşizmin ən kəskin formalarından, sistemli soyqırım, bəşəriyyətə qarşı  müharibə cinayəti, adlandırılan  vəhşiliklərdən istifadə ediblər. Soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçiriblər”. 

Politoloqun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal edilməsində, xalqımıza qarşı soyqırımın həyata keçirilməsində də bu cür faşist, nasist əhval-ruhiyyəsi mühüm rol oynayıb: “Azərbaycan Ordusu erməni faşizminə hər nə qədər güclü zərbə endirsə də bu ideologiya dünya ermənilərinin təşkilatlanması prosesinin  təməl prinsipidir. 

Qəhrəman Azərbaycan Ordusu tərəfindən darmadağın edilən erməni faşizminin təsir gücü xeyli dərəcədə  zəifləyib. Onlar yenidən baş qaldırmağa çalışsalar belə  ölkəmiz imkan verməyəcək ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər erməni faşizmi yeni bir fəlakətlə üzləşmək istəmirsə tarix boyunca edikləri təxribatlara son qoymalıdırlar”. 

Y.Hacıyeva xüsusilə qeyd edib ki, ermənilərin faşizmlə bağlı təbliğatı təkcə Ermənistanla məhdudlaşmır: 

“Onlar faşizmi qəhrəmanlaşdıran bir xalq kimi tanınır. İkinci Dünya müharibəsində  alman faşistlərinə xidmət etmiş, Hitlerin silahdaşı hesab olunan  Qaregin Njdenin  Ermənistanda xalq qəhrəmanı elan edilərək ona  heykəl qoyulması  ermənilərin dövlət siyasətinin məhz faşizm və terrorizm üzərində qurulmasından xəbər verir”.