Türkiyə mediası yazdı: Prezident İlham Əliyev Ermənistana  sərt xəbərdarlıq etdi

Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür.

AZƏRTAC xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışı zamanı ifadə etdiyi bu və digər fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.

Qardaş ölkədə fəaliyyət göstərən bir çox xəbər agentlikləri, həmçinin qəzetlər Zəfər qurultayı barədə orijinal videomateriallar və fotolar yayımlayıb, tədbirin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər.

Türkiyə mediası Prezident İlham Əliyevin Ermənistana növbəti dəfə sərt xəbərdarlıq etdiyini xüsusi vurğulayıb.

Bildirilib ki, Zəfər qurultayı Azərbaycan diasporunun gələcək fəaliyyəti və dinamik inkişafına təkan verəcək tarixi əhəmiyyətli hadisədir.