Tbilisidə ermənilərin keçirdiyi aksiya başa çatıb - YENİLƏNİB-2

Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası yaxınlığında qondarma “erməni soyqırımı”nın ildönümü ilə əlaqədar keçirilən aksiya başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar Türkiyəni sözdə soyqırımını tanımağa çağırıblar.

Polis aksiya zamanı ictimai asayişi təmin edib, heç bir insident baş verməyib.

Qeyd edək ki, aksiyada Azərbaycan və Türkiyə əleyhinə olan plakatlar, həmçinin tarixə qovuşmuş qondarma rejimin “bayraq”ları ölkəmizin Gürcüstandakı səfirliyinin məsələyə çevik müdaxiləsindən sonra yığışdırılıb.

Belə ki, diplomatik nümayəndəliyimiz Gürcüstanın aidiyyəti dövlət qurumlarını ermənilərin təxribatçı hərəkətləri barədə dərhal məlumatlandırıb. Bəzi aksiya iştirakçıları təxribatlarını davam etdirərək endirilən bayraqları çiyinlərində gəzdiriblər.

15:45

Ermənilərin Tbilisidə keçirdiyi aksiya-yürüş Türkiyə səfirliyinin binası yaxınlığında davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, diplomatik korpusun binasına yaxınlaşan aksiyaçılar polisin göstərişi ilə vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində mövcud olmuş qondarma rejimin "bayraq"larını, üzərində Azərbaycan və Türkiyə əleyhinə yazılar olan plakatı yığışdırıblar.

Əraziyə cəlb olunan əlavə polis əməkdaşları səfirliyin ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.

14:50

Tbilisidə uydurma “erməni soyqırımı”nın 107-ci ildönümünə həsr olunan aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binası istiqamətində yürüşlə davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, yürüş iştirakçılarını müşayiət edən polis əməkdaşları öndə aparılan təxribatçı plakatın yığışdırılmasına göstəriş versə də, təşkilatçılar buna məhəl qoymayıblar.

Mərkəzi İlya Çavçavadze prospekti boyu addımlayan yürüşçülər Türkiyə əleyhinə şüarlar deyir, erməni dilində mahnılar səsləndirirlər.

13:48

Gürcüstanın paytaxtı ​​​​​​Tbilisi şəhərində qondarma “erməni soyqırımı”nın 107-ci ildönümünə həsr olunan aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.

Ermənilər ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin "bayraq"larını da tutublar.

Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.