“Son təxribat Paşinyanın öz gedişi ola bilər” – AKTUAL ŞƏRH

“Ola bilsin o, bununla xaricə - Rusiya, Avropa, ,Azərbaycan və Türkiyəyə  göstərmək istəyir ki, ölkədə yeganə sülh müqaviləsinə imza atacaq şəxs özüdür”

“Bu mənada ki, “onun qədrini bilmək, üzərinə çox getməmək  lazımdır” kimi fikirlər formalaşdırmaq istəyə bilər”


Ötən gün Dövlət Sərhəd Xidmətinin vediyi məlumata görə, aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərilib.

DSX tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycan Respublikasının ərazisinə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur ediliblər. Məsələ ilə bağlı DSX bəyan edib ki, belə hal bir daha baş verərsə, tərəfimizdən daha ciddi tədbirlər görüləcək.

Bakı ilə İrəvan arasında yekun sülhə dair danışıqlar gedərkən Ermənistan tərəfinin bu addımı atmasını “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, ermənilərin sərhəd bölgəsində belə bir cəhdə əl atması Ermənistanda hakimiyyətlə ordu arasında vahid mövqeyin olmamasının bariz təzahürüdür:

“Buna görə də biz hansısa toqquşmaları, fasilə öncəsi təxribatları gözləyirik. Çünki hegemon bir  siyasi vəziyyət olmayan Ermənistanda Fransanın, Amerikanın, Rusiyanın, Qərb agenturasının müxtəlif formada maraqları var. Onların heç də hamısı Azərbaycanla sülh müqaviləsinin bağlanmasına tərəfdar deyil. Bu mənada mərkəzi hakimiyyəti müxtəlif formada simuliyasiya edə bilərlər”.

Ekspert hesab edir ki, baş verənlər Nikol Paşinyanın öz mövqeyi də ola bilər:

“Çünki həm Qərb, həm də Rusiya sülh bağlanılmasına yönəlik addımlar atır, amma təbii ki, hər iki mərkəz bunu öz təşəbbüsü ilə icra etmək istəyir. Təsəvvür edin ki, Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı konkret adddımıların atılması istiqamətində fəaliyyət göstərir. Amma  tutaq ki, eyni zamanda isə Ermənistanda hərbçilərə belə tapşırıq verir. 

Belə bir aqument çıxır ortaya. Ona görə də burada Paşinyanın da öz gedişi ola bilər. Ola bilsin o, bununla xaricə - Rusiya, Avropa, Azərbaycan və Türkiyəyə  göstərmək istəyir ki, ölkədə yeganə sülh müqaviləsinə imza atacaq şəxs özüdür. Bu mənada ki, “onun qədrini bilmək, üzərinə çox getməmək  lazımdır” kimi fikirlər formalaşdırmaq istəyə bilər”.