Vətən Müharibəsi Şəhidi Elfak Daşdəmirov ANILDI: Doğum günü ilə əlaqədar tədbir + FOTOLAR 

26 Aprel 2022-ci il tarixində Azərbaycan Dövlət AQRAR Universitetinin, "Qazax" Xeyriyyə İctimai Birliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ADAU-nun məzunu, Vətən Müharibəsi Şəhidi Elfak Daşdəmirovun doğum günü ilə əlaqədar tədbir keçirilib.

"Sherg.az" xəbər verirt ki, ilk olaraq tədbir iştirakçıları universitetin tələbə parkında yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Tədbir 2 saylı Tələbə evində davam edib. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım tədbirində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Qazax Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri Valeh Nəsibli, Aşıq Samir Cəlaloğlu, Qazi Namiq Əliyev, Qazi Xəyyam Əliyev, Səbinə Yusif, Ələddin Kəsəmənli, Ceyhun Əliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Ariz Qədiməliyev,  şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları, tələbə yoldaşları və Türkiyənin EGE Universitetinin bir qrup professor-müəllim heyəti iştirak ediblər.

ADAU-nun rektoru professor İbrahim Cəfərov tədbir iştirakçılarını salamladı. İbrahim Cəfərov eyni zamanda "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun, Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun adından Şəhidin valideynlərini, doğmalarını, tədbir iştirakçılarını salamladı. Vətən Müharibəsinin millətimizə baş ucalığı gətirdiyini, ləkələnmiş namusumuzun təmizləndiyini, başı uca, alnı açıq yaşadığımızı vurğuladı və bunların hamısını biz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevə, Şəhidlərə, Qazilərə, Azərbaycan Ordusunda xidmət edən bütün şəxsi heyətə borcluyuq, deyən Cənab rektor öz çıxışına davam etdi: "Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi". Rektor, bu Qələbə sevincini bizə yaşadan şəhidlərə, o cümlədən şəhid Elfak Daşdəmirova Allahdan rəhmət diləyərək, valideynlərinə səbr arzulayıb. Şəhidin ad gününün təhsil aldığı universitetdə qeyd olunub, əziz xatirəsinin anılmasını isə Elfakın simasında bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu diqqətə çatdırıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk iki qardaş ölkə arasında olan münasibətlərdən söhbət açıb. Konsul Türkiyənin daim haqq davasında Azərbaycanın yanında olduğunu deyib. Şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyən diplomat şəhid Elfak Daşdəmirov kimi övladları olan Vətənin heç vaxt düşmən tapdağında qalmayacağını deyib.

Qazax Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun adından tədbir iştirakçılarını salamlayib. Qazax rayonunun Şəhidləri haqqında, Şəhid ailələrinə, Qazilərə göstərilən diqqət və qayğıdan söz açan Samir Çobanov Vətən Müharibəsi başlayan ilk gündən Qazax Rayon İcra Hakimiyyəti və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə fəaliyyətini vurğulayaraq bu istiqamətdə görülən işlərin uğurlu nəticələrini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Samir Çobanov Şəhidin valideynlərinə, doğmalarına Allahdan səbr diləyib. Tədbirə ev sahibliyi edən ADAU-nun rektoru professor İbrahim Cəfərova minnətdarlığını bildirib.

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, BDU-nun Qazax filialının müəllimi, professor Valeh Nəsibli tədbir iştirakçılarını "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun adından salamlayıb. "Qazax" Xeyriyyə İctimai Birliyinin Şəhid ailələrinə, Qazilərə göstərdiyi diqqət, qayğıdan söz açıb. Elfak Daşdəmirov kimi mərd, Vətənpərvər oğul böyutdükləri üçün Şəhidin valideynlərinə təşəkkürünü bildirib. Elfakın xatirəsini əziz tutduqları üçün ADAU-nun rektoru professor İbrahim Cəfərova minnətdarlığını bildirib.


Sonra Şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə ADAU-nun istedadlı tələbələri Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq şəhidlərin xatirəsinə yazılmış şeirlər səsləndirib, Vətənpərvərlik mahnıları ifa ediblər.

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Aşıq Samir Cəlaloğlu Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq şair Məmməd İlqarın "Yol verin" şeirini ifa edib.

Şəhid Elfak Daşdəmirovun coğrafiya müəllimi Alı Həsənov çıxış edərək tədbirin təşkilatçılarına  təşəkkürünü bildirib. Alı Həsənov Elfakın körpəlikdən necə Vətənpərvər, yurdcanlı olduğundan söhbət açıb: " Elfak olduqca Vətənpərvər şagird idi. Dərslərdə həmişə Birinci Qarabağ savaşının necə başlaması ilə maraqlanırdı. Torpaqlarımızın düşməndə qalması ilə barışa bilmirdi. Hörmətli tədbir iştirakçıları, Elfakın Vətənpərvər olması elə-belə hadisə deyildi. 

Elfak gözünü od-alov içində açmışdı. Fərəhli kəndi mənfur düşmənlə həmsərhəddir. Elfak güllə səsləri altında böyüdü. Bizim kəndin sakinləri 90-cı illərdə silah tapmayanda əlimizə yaba, toxa götürüb düşmənlə vuruşduq, ancaq kəndimizi tərk etmədik. Bunlar hamısı kəndimizdə böyüyən körpələrin Vətənpərvər ruhda tərbiyə almasına böyük təsir etdi. Elfakın təhsil aldığı məktəb də Şəhid adını daşıyır. 

Şəhid Kamran Kərimov Birinci Qarabağ savaşında Vətən uğrunda canını əsirgəməyən qəhrəman oğullarımızdandır. Aprel Şəhidi, "Kəşfiyyatın Mixaylosu" adlandırılan kapitan Mühüd Orucov, Vətən Müharibəsi Şəhidi XTQ-nin Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əhməd Məmmədov da Fərəhli kəndinin övladlarıdır. 600 nəfərlik əhalisi olan kəndimizin 15-ə yaxın Şəhidi var. Biz kəndimizin Qəhrəman oğulları ilə fəxr edirik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin".

Tədbirdə Şəhidin döyüş yoldaşları, tələbə yoldaşları və İnstitut müəllimləri də çıxış edərək onun haqqında xatirə və təəssüratlarını bölüşüblər. Şəhidin atası Eltun Daşdəmirov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

P.S. Elfak Eltun oğlu Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2002-2011-ci illərdə K. Kərimov adına Fərəhli kənd orta məktəbində, 2011-2013-cü illərdə isə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə ali təhsil alıb.

Elfak Daşdəmirov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak edib.


 Elfak Daşdəmirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra Şəhid Elfak Daşdəmirov "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Allah rəhmət eləsin.