Qazaxdan Qarabağadək... - Səbinə Yusif yazır



Bu yazını Qazax rayonunun Fərəhli kəndinin Şəhid övladı Elfak Eltun oğlu Daşdəmirovun ruhuna ithaf edirəm.

Bizə Qələbə sevincini yaşadan hər kəsə - Cənab Ali Baş Komandan İlham Əliyevə, Şəhidlərimizə, Qazi qardaşlarımıza, Ordumuzda xidmət edən bütün şəxsi heyətə hər zaman minnətdarıq.

Taleyimizə yazılan, bəxtimizə naxış olan günlər var ömrümüzdə. Şəhidlərin doğum günü Vətənin bəxtində naxış açan, iz salan günlərdəndir.
Bu gün müqəddəs gündür. Bu gün Yerlə Göyün danışdığı, Göydən Yerə mərhəmət, Yerdən Göyə salam yağan gündür. Bütün hüquqlarından keçən, Vətən sağ olsun, deyən Elfak Daşdəmirovun günüdür bu gün.
Ağrılar bitməz. Yaralar sağalmaz. Çünki Şəhidlər öz gedişləri ilə hamını yandırdılar.  Elfak ailənin tək oğul övladı idi. Elfak əbədilik gedişi ilə bir ailənin çırağını söndürdü. Əvəzində Vətənin işığını yandırdı.

Mən görən ahu tutub,
Qan daman oxu tutub,
Gedəndə oyaq idi,
Balamı yuxu tutub.
Biz 44 günlük Vətən Müharibəsində nələrin şahidi olmadıq ki?
Həyat yoldaşının nəşini çiyinləri üzərinə götürən Azərbaycan qadınını gördük. Ehtiyat pulunu Orduya dəstək fonduna hədiyyə edən nənə, babaları gördük. Nişanlı oğlunun toy xonçasını Şəhid məzarına aparan anaları gördük. Nişanında başına örtülmüş qırmızı yaylığı Şəhid nişanlısının qara mərmər daşına bağlayan nişanlı qızları gördük. İtkin düşmüş oğlunun nəşinin tapılmasına qurban deyib, oğlunun nəşi gətirilən kimi qırmızı lentlə bağlanmış qoçu Şəhid tabutunun qarşısında kəsən valideynləri gördük.
Şirini acı kəsin,
Uzadın ucu kəsin,
Şəhidin toyu budu,
Xınalı qoçu kəsin.
Bütün ümidlərini, sevgilərini, arzularını üçrəngli bayrağa büküb Şəhadətə ucalan oğulların başı dik, alnı açıq, vüqarlı ata-analarını gördük.  Balasının toyuna saxladığı çöngəni Şəhid yasında ehsan edən valideynləri gördük.
Qalx dağdan yolu kəs dik,
Nə kimsəydik, nə kəsdik.
Toy ətliyi cöngəni,
Şəhid vayında kəsdik.
Şəhid oğlunun nəşi bükülmüş olduğu Üçrəngli bayrağı tütyə kimi öpüb gözləri üstünə qoyan ataları gördük. Hər gecə O Bayrağı  "oğlumdur" deyib öpüb bağrına sıxıb yatan, "oğlumun iyini ondan alıram, mən öləndə o bayrağı mənim sinəmdə dəfn edərsiniz",  deyən anaları gördük. Döyüşdə Şəhid olan əsgərləri üçün göz yaşlarını saxlaya bilməyən Komandirləri gördük.
Əl tuturam, sıxmırsan,
Ev-eşiyə baxmırsan.
Budu, Komandir gəlir,
Əsgər niyə qalxmırsan?
Şəhid qardaşının şəklini qucaqlayıb, "bacın qurban sabah toyumdur, heç olmasa bir günlük qayıt", deyib, toyu günü qardaşından halallıq almaq üçün qəbristanlığa gedən Şəhid bacılarını gördük.
Elfak Ata-anasının umid işığı idi. Mən Elfakın ailəsini elə Elfaka görə tanımışam. Həm Eltun müəllim, həm Aynur xanım yüksək insani keyfiyyətlərə malik insanlardır. Onların övladları başqa cür ola bilməzdi.
Elə istəyirəm ki, qayıdan torpağın qayıtmayan oğulları bir ayağı olmasa da, bir gözü, bir qolu olmasa da geri qayıtsınlar. Axı onlar bir nəslin davamçısı, bir evin çırağı, bir mahalının fəxri idilər.
Öz-özümə Şəhidlərlə danışıram. Deyirəm: Sizin otağınızı bəzəkli, paltarınızı ütülü saxlayan analarınız var. Nə olar, onların xatirinə qayıdın. Sizi bu dünyada gözləyənlər var, qayıdın! Sizin ayaqqabılarınızı təmizləyib: "oğlum gəlib, ayaqqabılarını geyinib işə gedəcək", deyə ümidlə yaşayan anaların xatirinə qayıdın.
Dərya qırağın hanı,
Gəmi durağın hanı,
Ayaqqabını sildim,
Oğul, ayağın hanı?
Elfakın şəkillərinə baxıram. Həyat dolu ürəyi sevgi dolu baxışlarından aydın sezilir. Kim bilir bəlkə də onun da gözaltısı vardı. Baxışı sevirəm söyləyir Elfakın. Sevgisini sevdiyi qıza açıb söyləməyə imkan vermədi müharibə. O, sevgisini Vətənə qurban verdi.
Elfak zəhmətkeş, tərbiyəli, vətənpərvər, dostcanlı oğlan olub. 24 yaşında Şəhidlik zirvəsinə ucalıb. 24 yaşlı Elfak ata-anasının gözünün ağı-qarası, taleyinin ilki, ürəklərinin döyüntüsü idi. Eltun müəllim də, Aynur xanım da Elfakla birgə ürəklərini bu Vətənə qurban verdilər.
Elfak həm qədim, həm də insanlarının mehribanlığı, qonaqpərvərliyi ilə seçilən bir kənddə - Fərəhli kəndində göz açmışdı dünyaya. O kəndin Qəhrəman oğulları var. Güllə səsləri altında böyüyən Elfak da bir gün Qəhrəman olacaqmış sən demə. Adını tarixə şərəflə yazdıracaqmış. Bu da təsadüf deyil. Təhsil aldığı məktəb Şəhid Kamran Kərimovun adını daşıyır. O kəndin müəllimləri hər dərs keçəndə şagirdlərinə bir az da Vətən dərsi keçiblər. Axı sinif otağında əyləşən şagirdlər pəncərədən baxanda mənfur düşməni görürdülər. Elfak doğulub boya-başa çatdığı kəndin 7 Şəhidi var - Kamran Kərimov, Qoşqar Qurbanov, Şamil Məmmədov, Azər Hüseynov, Mühüd Orucov, Əhməd Məmmədov və Elfak Daşdəmirov. 4 igid Birinci Qarabağ savaşında ömrünü Vətənə fəda edib. "Kəşfiyyatın Mixaylosu" adlandırılan XTQ-nin kapitanı Mühüd Orucov Aprel döyüşlərində Şəhid oldu. Elfakla Əhməd isə Vətən Müharibəsində Qarabağın azadlığı uğrunda canlarından keçdilər. Elfakın əmisi də hərbçidir. Elfak elə bir mühitdə böyüdü ki, orada uşaqdan böyüyə hər kəs doğulduğu gündən döyüşçüdür. 90-cı illərdə o kəndin insanları silah tapmayanda qeyrətlərinə sarılıb döyüşdülər düşmənlə. Ancaq o kənddən çıxmadılar. Hər kəs "təki Vətən sağ olsun", söylədi. Elfak da bir gün qəhrəman olmaq arzusu ilə böyüdü. Arzusuna çatdı. Qəhrəman oldu. Zəfər tariximizin unudulmaz Qəhrəmanı oldu Elfak Daşdəmirov. Fərəhli kəndinin köksündə özünə əbədilik bir yurd seçdi. Füzulidən Zəfərlə gəlib Fərəhlinin qoynunda əbədilik yuxuya getdi Elfak. İndi onun cənnət qoxulu mübarək evi ziyarətgaha çevrilib. Məktəblilər, qocalar, cavanlar, döyüş yoldaşları, tələbə yoldaşları, iş yoldaşları hər kəs Elfakla görüşmək üçün Fərəhliyə - mübarək ziyarətgaha çevrilən o evə qonaq gedirlər.
Yazım kövrək notlar üzərində kökləndi bilirəm. Biz olanları xatırlamaqla Şərəfli tariximizin ən qürurlu səhifələrini yenidən vərəqləyirik. Və hər səhifənin başında bu cümlələri oxuyuruq: "Şəhidlər ölməz! Biz hər zaman sizə borcluyuq! Siz bizim fəxrimizsiniz, Şəhidlər!"
Doğum günün mübarək, Elfak. Sənə və Şəhid yoldaşlarına salam olsun🇦🇿

Müqəddəs Şəhid ruhlarına ehtiramla: Səbinə Yusif "CARÇIOGLU GROUP" MMC-nin mətbuat katibi, Azərbaycan Jurnalistlər Birliyinin və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü

P.S. Yazıda istifadə olunan bayatılar şair İlham Qəhrəmanındır.