NATO Türkiyəni özündən narazı salmaq istəmir

Finlandiya və İsveç Ankaranın bütün tələblərini yerinə yetirməlidir

Türkiyənin NATO-ya üzvlük üçün vetonun götürülməsini istəyən İsveç və Finlandiyaya qoşduğu 9 şərtlərdən ən başlıcası PKK və hərbi çevrilişə cəhddən sonra ölkədən qaçmış Fətullahçı terrorçuların Ankaraya təhvil verilməsi idi. Lakin Finlandiya hakimiyyəti PKK və FETÖ üzvlərini Türkiyəyə verməkdən imtina edib. Ankaranın tələbindən sonra Finlandiyanın paytaxtı Helsinki və İsveçin paytaxtı Stokholmda terror təşkilatının tərəfdarları Türkiyə əleyhinə nümayişlər keçiriblər. 

Onlar hökumətdən Türkiyənin tələblərini qəbul etməməyi və NATO-ya üzv olmamağı istəyiblər. Aksiyaçılar İsveçdən Türkiyəyə silah embarqosu tətbiq etməyi tələb ediblər. NATO-nun baş katibi Yens Stoltenberq isə vurğulayıb ki, Finlandiya və İsveçin bloka üzvlüyü ilə bağlı Ankaranın narahatlıqları qanunidir. Baş katib qeyd edib ki, Türkiyə qədər heç bir müttəfiqləri terror hücumuna məruz qalmayıb: “Buna görə də Ankaranın təhlükəsizliklə bağlı narahatlıqları ciddi qəbul edilməlidir”. 
Politoloq Qabil Hüseynli “Şərq”ə bildirib ki, NATO üzvləri Türkiyənin terror məsələsində həssas olduğunun fərqindədir. Ekspertin sözlərinə görə, hərbi blok ən güclü üzvünü – Türkiyəni narazı salmaq fikrindən uzaqdır: “Demək olar ki, hərbi alyansın əksər üzvləri öz müttəfiqləri saydıqları Türkiyənin tələblərinin İsveç və Finlandiya tərəfindən nəzərə alınmasını istəyirlər. Hər iki ölkənin hökumətlərinə açıq və ya gizli məsləhət görürlər ki, əgər təşkilata üzv olmaq niyyətləri ciddidirsə, o zaman Ankaranın tələblərini qəbul etsinlər. Çünki NATO-ya üzv olmaq terrorçu PKK və FETÖ üzvlərinə sığınacaq verməkdən, onları təmin etməkdən daha faydalı və perspektivlidir. Əlbəttə, qardaş Türkiyənin şərtləri tamamilə qanunidir. İsveç və Finlandiya terrorçuları açıq şəkildə himayə edirlər, onlara vətəndaşlıq verirlər. Hətta bir müddət əvvəl İsveçdə PKK-çılar üçün “Rozak” adlı televiziya yaratmışdılar. Sonradan ABŞ və başqa Avropa ölkələri vasitəsi ilə həmin televiziyanı bağlatmaq mümkün oldu. Finlandiya isə qanunsuz terrorçu birləşmələrə silah-sursat yardımı göstərir. Lakin Türkiyəyə qanuni yolla silah satmaqdan imtina edir. Ankaranın etibarsız ölkələrlə eyni hərbi-siyasi blokda təmsil olunması qəbuledilməzdir. Türkiyə haqlı olaraq İsveç və Finlandiyanın öz üzərlərinə öhdəlik və məsuliyyət götürməsini tələb edir. İndiki halda bu dövlətlər Türkiyə ilə müttəfiq ola bilməzlər”.