"Əhali  icra hakimiyyətlərinin tezliklə ləğvini istəyir" 

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “İnam İndeksi” jurnalının yeddinci xüsusi buraxılışında Prezidentin cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib. Məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
Ümumiləşdirərək qeyd etmək olar ki, cari ilin yanvar-aprel aylarını əhatə edən dövrdə ölkə rəhbəri tərəfindən ictimaiyyətə açıq məlumatlara əsasən beynəlxalq və yerli səviyyəli 20-dən çox görüş və səfər, 30-dan çox müşavirə, müsahibə və mətbuat konfransı səviyyəli tədbirlərdə çıxış, 50-ə yaxın qəbul, xarici ölkə rəhbərləri və rəsmiləri ilə 20-dən artıq telefon danışığı, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə etməklə 30-dan çox təməlqoyma və açılış mərasimi həyata keçirilib. Genişmiqyaslı fəaliyyət xronikasından cari ilin əhatə olunan dövrü üçün xüsusi aktuallıq kəsb edən müxtəlif məsələlər ictimai rəy sorğusu əsasında dəyərləndirilib.
Qeyd edək ki,  sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonları üzrə keçirilib və 1081 respondentin rəyi öyrənilib.“İnam indeksi” buraxılışı Prezidentə və hakimiyyətin digər qollarına ictimai inam və etimadı rəy sorğusu əsasında dövrü olaraq qiymətləndirir. Belə ki, keçirilən cari sorğu nəticələrinə əsasən respondentlərin 88,1%-i Prezidentə tam etibar etdiyini, 10,2%-i əsasən etibar etdiyini bildirib. Cəmi 0,7% respondent əsasən etibar etmədiyini, 0,7% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,3%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib.Respondentlərin cəmi 1,0%-i əsasən etibar etmədiyini, 3,4%-i heç etibar etmədiyini qeyd edib. 1,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli keçirilən sosiloji sorğunun önəmindən "Sherg.az"a danışıb:

 "Sözügedən sorğuda müxtəlif parametrlər üzrə qiymətləndirmə həyata keçirilib. Bu qiymətləndirmədə önə çıxan əsas məqamlar  dövlətin hakimiyyət qollarına münasibətini ortaya qoyub. Hazırda hakimiyyətin digər qollarında müəyyən problemlər olsa da, prezidentlik və vitse-prezidentlik üzərində xalqın böyük rəğbəti var. Nəticələr həm də  Prezident və Birinci vitse-prezidentin bir çox sahələrdə həyata keçirdiyi tədbirlərə xalqın ciddi dəstək nümayiş etdirdiyini göstərir".

Ə. Əlibəylinin fikrincə,rəqəmlərin bütövlükdə bu göstəricidə olması sübut edir ki, Azərbaycan xalqı Prezident tərəfindən reallaşdırılan təşəbbüslərdən xəbərdardır: 

"İslahatların verdiyi dəqiq nəticələr var. O cümlədən,icra hakimiyyətləri məsələsindəki tendensiyalar da indi əvvəlki illərdən daha  aşağı enməkdədir. İcra hakimiyyətlərinə xalqın etimadının düşən rəqəmlər üzrə cərəyan etdiyini görürük. Bu son zamanlar ölkə başçısı tərəfindən işğaldan azad edilmiş ərazilərdəki  yeni idarəçilik fəlsəfənin tətbiq edilməsi ilə də bağlıdır. Çünki əhali artıq Prezidentin yeni idarəçiliyinin tərəfindədir və köhnə idarəetmədə özünü doğrultmayan icra hakimiyyətləri kimi sistemlərin çox tezliklə ləğv edilməsinə tərəfdardır". 

Ekspert Birinci vitse-prezidentin fəaliyyətinə diqqət çəkib: 

"Birinci vitse-prezidentin gördüyü humanitar və siyasi tədbirlər, ölkəmizin  həyata keçirilən ümumi təbliğatı, o cümlədən beynəlxalq aləmdə Azərbaycanın tanıdılması məsələsi geniş sahələri əhatə edir. Bu baxımdan şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən tədbirlər isə xüsusi önəm daşıyır" .