20 Sentyabrın əsl mesajı: Qarabağda dövlətçilikdən quruculuğa keçid

  • Mehriban Vəliyeva: “Suverenliyin ən mühüm göstəricisi insanların doğma torpaqlarına qayıdışıdır”

2023-cü il sentyabrın 20-si Azərbaycanın dövlətçilik tarixində ərazi bütövlüyü və suverenliyin tam bərpa olunduğu tarixi gün kimi yadda qalıb. 20 Sentyabr həm də Azərbaycan dövlətinin suverenliyinin təntənəsidir. Suverenliyimiz xalqımızın iradəsi, şəhidlərimizin müqəddəs qanı, Ordumuzun qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti ilə qorunur.

Xatırladaq ki, sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələ başa çatıb. 

24 saatdan az müddətdə separatçı qüvvələrin silahlı müqaviməti dayandırılıb və Azərbaycanın dövlət suverenliyi bütün ərazidə tam bərpa olunub.

Bununla 30 ildən artıq davam edən işğal və separatizm tarixinin son səhifəsi yazılıb. Azərbaycan bayrağı Qarabağın şəhər və yaşayış məntəqələrində yenidən dalğalandı. Bu, yalnız hərbi qələbə deyil, Azərbaycan dövlətçiliyinin, xalq iradəsinin və beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün qələbəsi idi.

Antiterror tədbirlərindən sonra Qarabağda separatçı qüvvələrə məxsus çoxsaylı silah-sursat və hərbi texnika aşkarlanaraq müsadirə edilib. 

Bu proses Qarabağdakı qanunsuz silahlı birləşmələrin hər bi imkanlarının aradan qaldırılması ilə yanaşı, bölgədə yeni idarəçilik və təhlükəsizlik mərhələsinin başlanmasını şərtləndirib.

Sentyabrın 28-də Qarabağdakı qondarma qurumun özünü buraxdığını elan etməsi də yeni reallığın əsas göstəricilərindən biri oldu. Samvel Şahramanyanın imzaladığı qərara əsasən, həmin qurumun bütün strukturları və təşkilatları 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırdı.

Ardınca Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən separatçı qurumun keçmiş rəhbər şəxsləri və hərbi-siyasi nümayəndələri saxlanılaraq Bakıya gətirildi. Bu addımlar Azərbaycanın öz ərazisində hüquqi və konstitusion qaydaların bərpası istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi oldu.

Bununla paralel olaraq Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası prosesi başladı. Azərbaycan tərəfi reinteqrasiyanın ölkənin Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirildiyini bəyan etdi. Etnik, dini və dil mənsubiyyətindən asılı olmayaraq insanların hüquq və azadlıqlarının, eləcə də təhlükəsizliyinin təmin olunması əsas prinsiplər kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü elan edilməsi bu tarixi hadisənin dövlətçilik salnaməsindəki əhəmiyyətini daha da möhkəmləndirib.

Bu gün Azərbaycan ərazisinin hər qarışında dövlət bayrağımız dalğalanır, Konstitusiyamız və dövlət hakimiyyətimiz ölkənin bütün ərazisində qüvvədədir.

Azərbaycanın son onilliklərdə keçdiyi yol, milli dövlətçiliyin bərpası və möhkəmləndirilməsi prosesinin ən parlaq səhifələri ilə yadda qalıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra 2023-cü il 19–20 sentyabr tarixlərində aparılmış lokal antiterror əməliyyatı dövlətimizin suverenliyinin tam bərpasını təmin edib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva Sherg.az-a bildirib ki, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində təmin olunması ilə uzun illər davam edən münaqişənin yaratdığı reallıqlardan biri aradan qalxıb. 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi isə bu tarixi hadisənin dövlətçilik baxımından əhəmiyyətini rəsmiləşdirib. Deputatın sözlərinə görə, 20 Sentyabr yalnız 2023-cü ilin sentyabr hadisələrini deyil, onilliklər ərzində formalaşmış tarixi prosesin nəticəsini ifadə edir:

"Bu tarix həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına yenidən qovuşmasını simvolizə edir. 

30 ildən artıq davam edən işğal dövrü Azərbaycan üçün ağır humanitar və sosial nəticələr doğurdu. Yüz minlərlə insan doğma yurdlarından məcburi köçkün düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi. Azərbaycan dövləti bütün bu illər ərzində ərazi bütövlüyünün və suverenliyin bərpasını əsas milli prioritetlərdən biri kimi müəyyənləşdirdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsi bu istiqamətdə həlledici mərhələ oldu. Azərbaycanın hərbi-siyasi üstünlüyü nəticəsində ərazilərin böyük hissəsi azad edildi və regionda yeni reallıq yarandı. Bununla belə, Azərbaycanın qarşısında dövlət suverenliyinin bütün ərazidə tam təmin olunması məsələsi qalırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə bu proses tamamlandı və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin ölkə ərazisində tam təmin olunması üçün yeni mərhələ başladı. Azərbaycan Prezidentinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı sərəncamında da 2020-ci il Vətən müharibəsi və 2023-cü il sentyabr hadisələri ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası kontekstində qeyd edilir".

M. Vəliyevanın sözlərinə görə, qarşıda daha böyük və uzunmüddətli vəzifə – azad edilmiş ərazilərin bərpası, insanların təhlükəsiz və dayanıqlı şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi dayanır: " Bu istiqamətdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən layihələr Qarabağda yeni həyatın formalaşmasının əsas göstəricilərindəndir.

Bütün bu proseslərin mərkəzində isə Böyük Qayıdış dayanır. İnsanların doğma torpaqlarına qayıtması suverenliyin bərpasının sosial nəticələrinin ən mühüm göstəricilərindən biridir. Qayıdış yalnız yaşayış evlərinin tikilməsi demək deyil. Dayanıqlı həyat üçün məktəblər, səhiyyə müəssisələri, iş yerləri, yollar, enerji və kommunikasiya infrastrukturu, mədəni və sosial obyektlər də yaradılmalıdır. Bu baxımdan Qarabağda aparılan quruculuq prosesi hərtərəfli və uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi çıxış edir.

20 Sentyabrın mahiyyəti də məhz burada daha aydın görünür. Bu tarix yalnız keçmişdə baş vermiş hadisənin xatırlanması deyil, həm də suverenliyin bərpasından sonrakı yeni mərhələnin başlanğıc nöqtəsidir. Bir vaxtlar münaqişə və işğal anlayışları ilə gündəmə gələn ərazilərdə bu gün dövlət idarəçiliyi, təhsil, iqtisadi fəaliyyət və sosial həyatın bərpası istiqamətində layihələr həyata keçirilir. Beləliklə, 20 Sentyabr Azərbaycan üçün həm dövlət suverenliyinin bərpasının, həm də Qarabağda yeni həyatın qurulmasının rəmzinə çevrilib. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin yenidən Azərbaycanın vahid siyasi, hüquqi və sosial məkanına daxil olması ilə yeni mərhələ başlayıb. Bu mərhələnin əsas məzmununu isə bərpa, quruculuq, Böyük Qayıdış və dayanıqlı inkişaf təşkil edir. Dövlət Suverenliyi Günü bu baxımdan həm tarixi yaddaşın qorunmasına, həm də Azərbaycanın Qarabağda qurduğu yeni gələcəyin dərk edilməsinə xidmət edən əlamətdar tarixdir".