İranın Borçalıda apardığı ideoloji “iş” nəticəsini verir! – “Azərbaycanlıları bölməyə çalışırlar"

“Burada digər əsas məqam Gürcüstan hakimiyyətinin buna şərait yaratmasıdır”

“Xüsusilə İrana yaxın dini bayramlarda gürcü kilsə və dövlətinin də xüsusi dəstək verdiyinin şahidi oluruq”


“Uzun müddətdir, Gürcüstan müsəlmanları Azərbaycan dövlətinin nəzərindən kənarda qalıb. Həmin əhali ilə ideoloji işlər aparılmayıb, lazımı münasibətlər qorunub saxlanılmalıyıb və dini-ictimai məsələlərlə bağlı əlaqalər qurulmayıb. Nəticədə boşluq yaranıb. Bu boşluğu daha çox İranın doldurduğunun şahidi oluruq. Bəzi hallarda isə başqa dövlətlər tərəfindən dəstəklənən dini təriqətlər tərəfindən bu boşluq əvəzlənir”.

Bu barədə əslən Borçalı türkü olan siyasi şərhçi Turab Rzayev  “Sherg.az”a Borçalıda azərbaycanlılar tərəfindən keçirilən aksiyanı şərh edərkən deyib.  O, bildirib ki, İranın uzun müddətdir, apardığı ideoloji “iş” öz nəticəsini verir:

“İran vaxtı gəldikdə 30 il ərzində qurduğu, maddi, mənəvi və digər cəhətlərdən dəstəklədiyi azərbaycanlılardan istifadə edəcək. Bu hazırda baş verir və bütün hallarda Azərbaycan Respublikasının yanında olmalı olan şəxslər İranın siyasi ajandasına uyğun hərəkət edir. Aydın məsələdir ki, burada İran tərəfindən uzun illər yaradılan ideoloji əlaqələrin və göstərilən dəstəklərin xüsusi rolu var. Eyni zamanda, burada Azərbaycan dövlətinin yaratdığı boşluqlar var. Azərbaycan elə boşluq yaratmalı deyildi ki, başqa dövlətlər bundan istifadə etsin”.

Analitikin sözlərinə görə, burada digər əsas məqam Gürcüstan hakimiyyətinin buna şərait yaratmasıdır:

“Xüsusilə İrana yaxın dini bayramlarda gürcü kilsə və dövlətinin də xüsusi dəstək verdiyinin şahidi oluruq. Hətta bir çox kəndlərdə bu qəsdən yayılır. Məsələn, hər kənddə 10-15 radikal şiənin və 10-15 radikal sələfi və təkfirçi şəxsin formalaşmasına şərait yardırlar ki, nəticədə yerli icmada bölünmə yaşansın. Çünki radikal şiələr və radikal sələfilər bir – birinə nifrət edirlər, onların birləşməsi mümkün deyil. Digər tərəfdən də “Parçala və hökmranlıq et” prinsipinə uyğun olaraq həmin əraziləri idarə etmək çox asan olur.

Aydın məsələdir ki,  Azərbaycan dövləti Qafqaz Müsəlmanlar İdarəsi kimi amorf, heç bir funksiyası və real fəaliyyəti olmayan qurumla Gürcüstana təzyiq göstərə bilmir. Radikal sünni, şiə qüvvələri və ya İran, Səudiyyə Ərəbistan kimi ölkələrin təsirində olan dini qruplara nəzarət edə bilmir”.