Hərbi-texniki sahədə əməkdaşlıq inkişaf etdiriləcək



20-dək sənəd Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir

  Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artmaqdadır. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsir göstərir. Xüsusən, son dövrlər Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə canlanma müşahidə olunur.

Prezident İlham Əliyevin iyunun 21-22-də Özbəkistana rəsmi səfəri iki ölkə münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Səfər zamanı müxtəlif sahələrdə müzakirələr aparıldı, Özbəkistanla əlaqələrə yenidən nəzər salındı. Prezidentin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki ölkə münasibətlərində dərin köklərə dayanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. 

İki ölkənin münasibətlərindən “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, səfər zamanı imzalanmış 20-dək sənəd Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldir:

 “Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. BMT, İƏT, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycanın Qarabağla bağlı haqq işini dəstəkləyib. Azərbaycan xalqı bunu hər zaman yüksək qiymətləndirib. Bu gündən Azərbaycanla Özbəkistan hərbi və hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirəcəklər. Tərəflər nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da gücləndirilməsini planlaşdırır. Əslində bu sahədə də iki ölkənin imkanları kifayət qədər genişdir. İki ölkə liderləri sənaye və investisiya sahəsində də əlaqələri inkişaf etdirməyi planlaşdırırlar. Məlum olduğu kimi, Özbəkistan Qarabağda həyata keçirilən abadlıq və quruculuq işlərində də iştirak etmək niyyətindədir. 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Ş.Mirziyoyev Füzulidə Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəyini bildirmişdi. 3 hektar ərazidə 960 yerlik məktəb tikintisi üçün ərazi artıq müəyyənləşdirilib, ilkin işlərə başlanılıb. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun, əsl qardaşlığın rəmzidir. Azərbaycan xalqı bu doğma münasibəti yüksək qiymətləndirir”.