Erməni vəhşiliklərini dünya duydu
Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.
Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.
O cümlədən də 2020-ci il 27 sentyabr -10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsi xalqımızın, o cümlədən Azərbaycan diasporunun tarixində əhəmiyyətli yer tutur. Azərbaycan tarixinin qızıl səhifəsi olan Böyük Zəfər ili diasporumuzun da fəaliyyətinin qızıl ili sayılmalıdır. Bu qısa zaman kəsiyi Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyəti ilə yadda qalıb.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu ilə bərabər, dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimiz də birlik nümayiş etdirdilər. Ordumuz Azərbaycanın işğal olunmuş ərazilərində düşmənin canlı səddini yardı, bundan ruhlanan xaricdəki diasporumuz da ermənilərin dezinformasiya mühasirəsini dağıtdı və həqiqətləri dünyaya yaydı.
Artıq tarixi qələbənin ikinci ilini qeyd edirik və dünyanın bir çox ölkələrində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov son 3 həftədə 40-dan çox müxtəlif aksiya və yürüşlər keçirildiyini deyib.
O bildirib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları çalışır ki, erməni vəhşiliklərini bütün dünya görsün. "Bu vəhşilikləri, qanunsuz hərəkətləri erməni icması həyata keçirir. Bütün dünya da, akreditə olunmuş səfirliklər də bunu görərək qiymət verir. Son 3 həftədə 40-dan çox müxtəlif aksiya və yürüşlərimiz keçirilib. Parisdə UNESCO-nun qarşısında Azərbaycanın tarixi abidələrinin dağıdılması, mədəni irsimizin məhvi ilə əlaqədar 3 gün dinc aksiya keçirildi. Heç bir erməni təşkilatı cürət edib, söz deyə bilmədi.
Azərbaycan diasporu hadisələrə çox çevik reaksiya verir. Heç bir ölkədə Azərbaycan diasporu qeyri-qanuni fəaliyyətlə məşğul deyil. Erməni diasporu isə bəzi ölkələrdə qanunsuz addımlara yol verir. Mənə elə gəlir ki, həmin dövlətlər buna ciddi reaksiya verməlidir".
Qeyd edək ki, Azərbaycanın İndoneziyadakı səfirliyində Anım Günü qeyd olunub.
Səfirlikdə İndoneziyanın “Jarıngan Media Siber İndonesia” təşkilatının nümayəndələrinin iştirakı ilə İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan Anım günü tədbiri keçirilib. Tədbirdə 2020-ci il sentyabrın 20-nin Azərbaycan xalqı üçün 30 il erməni işğalı altında olan torpaqların azad olunması, Vətən müharibəsində canlarından keçərək şəhid olan Azərbaycan övladlarının xatirəsinin yad edildiyi gün olduğunu bildirən səfir Cəlal Mirzəyev, həmin günün Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazıldığını söyləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun erməni işğalı altında qalan torpaqlarımızın 30 illik əsarətinə son qoyduğunu, Azərbaycan xalqının bu haqlı mübarizədə canından keçən şəhidlərin xatirəsini hər ilin sentyabrın 27-də böyük ehtiramla andığını diqqətə çatdırıb.
Vətən müharibəsi və postmüharibə dövrü haqqında iştirakçılara geniş məlumat verən diplomat, Azərbaycanın ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını, regionda sülhün və əmin-amanlığın bərpa olunmasında maraqlı olduğunu vurğulayıb.
Estoniyadakı səfirliyimiz tərəfindən də 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Türkiyənin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri xanım Başak Türkoğlu, səfirliyin əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutduğunu, ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdığını bildirib.
44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığı vurğulanıb.
Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyi qeyd olunub.
Niderlandın Rotterdam şəhərində şəhidlərimizin xatirəsi yad edilib. Bu ölkədə fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) şəhidlərimizin Anım Gününə həsr olunmuş “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı anım mərasimi təşkil edib. “Qarabağ” idman klubunun Rotterdamdakı ofisində keçirilmiş anım mərasiminə Niderlandda yaşayan Azərbaycan, eləcə də türk icma və dərnəklərinin nümayəndələri qatılıblar.
Mərasimdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın işğaldan qurtulduğu 44 günlük Vətən müharibəsinə həsr edilən film nümayiş olunub. Şəhidlərimizin şücaətindən qəhərlənmiş mərasim iştirakçıları torpaqlarımız uğrunda canlarından keçmiş Azərbaycan oğullarının xatirəsini ehtiramla yad edərək, onların ruhlarına dualar oxuyublar.
İordaniyada yaşayan Azərbaycan icması Ermənistanın ölkəmizlə sərhəddə törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olmuş hərbçilərimizin xatirəsini anıb.
Mərasimdə Azərbaycan, Türkiyə, İordaniya və İraq icmalarını təmsil edən xanımlar iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Bildirilib ki, Azərbaycanın təşəbbüsü və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqlarının vacib mərhələsində Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə müharibə cinayətinə əl atıb. Şəhid ailələrinə dərin hüznlə başsağlığı verən mərasim iştirakçıları bölgədə sülhün bərqərar olmasını istəyən Azərbaycan dövlətini dəstəklədiklərini vurğulayıblar.