"Onlara hücumların təşkili işin düzgün qurulmamasından xəbər verir”
44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə alan düşmən məğlubiyyəti sinirə bilmir.
Açıq döyüşdə şücaətli ordumuz qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan rəhbərliyi indi də xarici ölkələrdəki Azərbaycan təmsilçilərinin ayağına dolaşır.
Xüsusən də 44 günlük tarixi qələbənin başlanğıcı olan 27 Sentyabr Anım günü ərəfəsində müxtəlif ölkələrə səpələnən xaricdəki erməni millətçiləri təxribatlar törətməyə çalışırlar.
Bu günlərdə Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.
Elə həmin gün Gürcüstanın paytaxtı Tiflisdə də ermənilər Azərbaycan səfirliyinə qarşı təxribata cəhd ediblər. Belə ki, Tiflisdə yaşayan ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Polis yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Əraziyə çoxlu sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.
Xatırladaq ki, ötən ay da bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.
"Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, uzun illər Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçi dövlətlərdən biri olmasına rəğmən biz hər zaman Fransanın ermənipərəst mövqe sərgiləməsinin şahidi olmuşuq: "Proses bu gün də davam edir və tək Fransada deyil, dünyanın aparıcı ölkələrinin bir çoxunda anti-Azərbaycan siyasəti davam etdirilir. Bunun da səbəbi erməni təbliğatının çox güclü şəkildə aparılmasıdır. Biz bu təbliğatın dəfələrlə açıq formada hiss etmişik. Amma burada bizim diplomatik korpuslarımızın da günahı çoxdur. Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin bir çoxu yarıtmaz fəaliyyət göstərir. Xüsusən də böyük ölkələrdəki səfirliklər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmür. Mən dəfələrlə bu məsələnin üzərinə getmişəm. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri olduqları ölkələrin mediası ilə çox zəif əlaqə qurur.
Baxın, 27 Sentyabr Anım günü ilə bağlı hansısa böyük, supergüc ölkələrdən birində tədbir keçirildiyinə dair heç bir xəbər görmədik.
Bizim üçün əlamətdar və milli-mənəvi önəmi dəyəri yüksək olan günlərlə bağlı tədbirlərin təşkili, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması son dərəcə vacib məsələdir. Bu işin təşkili və məsuliyyəti isə birmənalı olaraq xaricdəki diplomatik korpusların, xüsusilə də səfirliklərin üzərinə düşür. Onlar fəaliyyət göstərdikləri ölkələrdə media və ictimaiyyətlə əlaqələrini genişləndirməlidir. Amma bu sahədə vəziyyət ürəkaçan deyil. Bir çox ölkələrdəki səfirliklər oturub gözləyirlər ki, Bakıdan nə vaxt pul ayıracaqlar ki, tədbir keçirək. Halbuki, erməni səfirlikləri İrəvandan maddiyyat güdmür.
Əksinə, milyonlarla dollar məbləğində Ermənistana maddi yardım edir. Bax, bu bizim qüsurumuzdur”.
Ekspertin sözlərinə görə, dünyanın söz sahibi olan ölkələrdə Azərbaycana qarşı münasibətin mənfi olması, səfirliklərimizə hücumların təşkili işin düzgün qurulmamasından xəbər verir: “Səfirliklərə milli vətənpərvərlik ruhda olan insanlar göndərilməlidir. Kadr seçimi zamanı dilmizi mükəmməl bilən şəxslərə üstünlük verilməlidir. Elə ölkələr var ki, həmin ölkədə səfirliyimizin varlığı ilə yoxluğu bilinmir. Mətbuatla işləmir, vətəndaş cəmiyyətləri, siyasətçilərlə əlaqələr qurmurlar. Bu cür ölkələr axı bizə niyə dəstək versin? Heç bizim bir dövlət olaraq varlığımızdan belə xəbərdar deyillər. Anım günü ilə bağlı nəinki tədbir keçirmək, heç adi bir paylaşım etməyən səfirliklərimiz var. Buna da fəaliyyət göstərdikləri ölkə rəhbərliyi mane olmur ki!?”.