Məktəbliləri narkotacirlərdən qorumaq lazımdır


“Şagirdlər üçün təşkil edilən antinarkomaniya tədbirlərinə yanaşma dəyişilməlidir”
“Bu iş də məktəb psixoloqlarına həvalə olunmalıdır”
  Narkotik maddə satışı ilə məşğul olanlar sırasında azyaşlılar da var. Acınacaqlı məqam bununla bitmir. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar yaş həddinə məhəl qoymadan uşaqdan - böyüyə əlləri çatan hər kəsi narkomaniya bəlasına qurban edirlər. Bakıda narkotik satışı ilə məşğul olan 2002-ci il təvəllüdlü Günay Quliyevanın (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə G.Quliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
İbtidai araşdırma orqanı tərəfindən irəli sürülən ittihama əsasən, Bakının Binəqədi rayonunda kirayə yaşayan 20 yaşlı qadın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıyıb.
  Günay Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satdığını bildirib. O, bu səbəbdən hətta uşaqların valideynləri tərəfindən döyüldüyünü də qeyd edib. İş materiallarında təqsirləndirilən şəxsin məktəbin qarşısında narkotik vasitə dövriyyəsi ilə məşğul olması öz təsdiqini tapıb.
"Sherg.az"a danışan  Narkomaniya üzrə ekspert Emil Maqalov isə hesab edir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə kompleks tədbirləri davam etdirsə də, cəmiyyətin sosial bəlası olan narkomaniya ilə mübarizə təkcə onların vəzifəsi deyil: “Uşaqlara nəzarət etmək və onları narkotik ticarətçilərindən qorumaq valideynlərin vəzifəsidir. Amma əksər ailədə hər iki valideyn çörək dalınca evdən çıxır. Səhər-gedib, axşam gəlir və mütəmadi olaraq uşaqlarına vaxt ayırıb, onların tərbiyəsi ilə məşğul ola bilmir. Bəzi ailələrdə daxili konfliktlər olduğu üçün bu məsələlər diqqətdən kənar qalır. Bəzi ailələrdə isə valideynlər savadsız olur, heç özləri də narkomaniya nədir, o, hansı bəlalara səbəb olur, bilmir. Buna görə də yük uşağın, yeniyetmənin getdiyi məktəbin üzərinə düşür. Hesab edirəm ki, məktəblərdə şagirdlər üçün təşkil edilən antinarkomaniya tədbirlərinə yanaşma dəyişilməlidir. Bu iş də məktəb psixoloqlarına həvalə olunmalıdır. Təbii ki, min nəfər şagirdi olan məktəbdə bir psixoloq varsa, o məktəbin şagirdləri çox asanlıqla narkotacirlərin toruna düşəcək. Məktəblilər narkomaniya barədə düzgün məlumatlandırılmalı, onlara narkomaniyanın düçar etdiyi bəlalar aşılanmalıdır. Çətin tərbiyə olunan uşaqlarla onların dilində danışmaq və narkomaniyanın nə qədər təhlükəli və zərərli bir vərdiş olduğunu başa salmaq lazımdır. Baxın, məktəblərdə keçirilən antinarkomaniya tədbirlərində əksərən tərbiyəli, nizam-intizamlı uşaqlar dəvət olunur, onlarla diskussiya aparılır. Hansı ki, o uşaqların gələcəkdə narkomaniya qurbanı olma ehtimalı çox azdır. Bizim hədəf kütləmiz çətin tərbiyə olunan və zərərli vərdişlərə meyilli olan uşaqlar olmalıdır. Məktəblərdə araşdırma aparmalı və bu uşaqları seçib onlarla maarifləndirici söhbət aparmaq lazımdır. Bu işdə də dediyim kimi əsas yük məktəb psixoloqlarının üzərinə düşür. Bir məktəbdə oxuyan min uşaq arasından hansının zərərli vərdişlərə meyilli olduğunu, hansının narkotik maddə satışı ilə məşğul olan insanların “tələ”sinə tez düşəcəyini ancaq psixoloqlar bilər. Bunun üçün də daimi olaraq uşaqlarla söhbət aparıb, onların xarakterinə bələd olmalıdır”.