Vüsal Qasımlı: “Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin fəaliyyəti data əsaslı strateji idarəetmədə önəmli rol oynayır”
Vüqar Bayramov: “Dövlət üçün alternativ sənədlərin hazırlanması məqsədilə mərkəzlərə şərait yaradılmalıdır”
Dövlət siyasətinin formalaşmasında beyin mərkəzləri önəmli rol oynayır. Bu təcrübə artıq dünya ölkələrində çox məşhurdur, hətta Qərb dövlətləri öz siyasətlərini əsasən beyin mərkəzlərinin araşdırmaları əsasında qurur. “Beyin mərkəzləri”nin əsas məqsədləri ictimai-sosial, siyasi, iqtisadi, mədəni və digər problemlərə dair informasiyaları toplayıb sistemləşdirmək, tövsiyələr, proqnozlar vemək, proqram və konsepsiyalar hazırlamaqdan ibarətdir. Dövlət isə bu hesabatlara müvafiq olaraq, müəyyən məsələlər üzrə atacağı addımları müəyyənləşdirir. İnkişaf edən ölkələrdə “beyin mərkəzləri” siyasi islahatların və transformasiyaların katalizatoru, ictimai siyasətin, vətəndaş cəmiyyəti institutlarının güclənməsinin təşəbbüskarı kimi də çıxış edir.
Azərbaycanda da son illər beyin mərkəzlərinin inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Belə ki, hazırda Azərbaycanda iqtisadi, sosial təminat, hüquq, dövlət idarəçilik sistemində və digər sahələrdə aparılan islahatlar ölkədə mövcud olan araşdırma mərkəzlərinin ölkənin inkişafına yönəlmiş təhlil və təkliflərinə ehtiyac yaradıb.
Beyin mərkəzləri vətəndaş cəmiyyətinin vacib siyasi institutlarından biri kimi cəmiyyəti və dövləti narahat edən müxtəlif məsələlər üzrə praktik həllər nəzərdə tutan araşdırmalar aparır və bununla bağlı müvafiq təklifləri dövlət və ictimaiyyətə təqdim edir.
Qeyd edək ki, müasir dünyamızda beynəlxalq münasibətlər mürəkkəbləşməkdə davam edir və getdikcə daha çox gözlənilməz, proqnozlaşdırıla bilməyən xarakter alır. COVID-19 pandemiyası, Ukraynada müharibə, regional münaqişələrin yenidən alovlanması, qlobal siyasi-iqtisadi böhranın doğurduğu sosial narazılıq dalğası, iqlim dəyişməsi, təbii və texniki kataklizmlər kimi qlobal çağırışlara cavab verilməsi zərurəti dövlətlərin, beynəlxalq təşkilatların, beynəlxalq ictimaiyyətin və beyin mərkəzlərinin birgə səylərini şərtləndirir. Beyin mərkəzləri akademik dairələrlə hakimiyyət, hökumətlə vətəndaş cəmiyyəti arasında vasitəçi rolunu oynayır. Bu, dövlət orqanları ilə elmin sıx əməkdaşlığına, dövlət siyasətinə töhfə verməyə, qlobal proseslərə strateji baxış formalaşdırmağa imkan yaradır, daha səmərəli, düşünülmüş siyasət yürütməyə, milli maraqların təmin edilməsi ilə bağlı elmi əsaslandırılmış qərarların qəbul olunmasına yardım edir. Həmçinin qloballaşma və müasir texnologiyaların sürətli inkişafı nəticəsində dünyanın “kiçilməsi”, informasiyaya dövlət inhisarının aradan qalxması yeni qeyri-dövlət aktorlarının, o cümlədən də beyin mərkəzlərinin rolunu əhəmiyyətli dərəcədə artırır. Beyin mərkəzləri dövlətin “gələcəyin idarə edilməsi” strategiyasının tərkib hissəsi olmaqla, həm də dövlət idarəçilik sisteminin aparıcı komponentinə çevrilir.
Qeyd edək ki, son illər Azərbaycanda beyin mərkəzi kimi fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarının sayı da artmaqdadır. Hazırda QHT statusunda fəaliyyət göstərən beyin mərkəzlərinin sayı 30-a yaxındır. Onlardan 20-yə yaxını dövlətlə sıx əməkdaşlıq edənlər, digər 10-a yaxını isə tam müstəqil və ya siyasi qüvvələrə bağlıdır. QHT-lər bir tərəfdən vətəndaş cəmiyyətinin beyin mərkəzi rolunda çıxış edir, digər tərəfdən dövlət qurumlarının qərarlarının cəmiyyətə təsirini müayinə edir.
"Sherg.az"a danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, qlobal miqyasda beyin mərkəzlərinin rolu informasiya və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin beş əsas istiqamət üzrə apardıqları fəaliyyətlər data əsaslı strateji idarəetmədə önəmli rol oynayır. Bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı big data (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki elmi araşdırmalar, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan dataların təhlili aiddir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, deputat Vüqar Bayramovun sözlərinə görə, dövlətin siyasi və iqtisadi inkşafına təkan verən beyin mərkəzləri üçün əlavə şərait yaradılmalıdır: “Beyin mərkəzləri iqtisadi inkşafa malikdir. Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatlarının xüsusi təcrübəsi göstərir ki, beyin mərkəzləri həm daxili-iqtisadi inkişafa, eyni zamanda, beynəlxalq münasibətlərə və siyasətə təsir edən ən ciddi resurslardan biridir. Bu baxımdan digər inkişaf etmiş ölkələr də daxil olmaqla artıq universitetlər beyin mərkəzi kimi formalaşmaqdadır. Yalnız tədris deyil, eyni zamanda fərqli tədqiqatların aparılması, təkliflərin verilməsi və s. bu istiqamətdə işlər görüləcək. Görülən işlər bütövlükdə dövlət siyasətinə müsbət mənada təsir edir". Deputat qeyd edib ki, Azərbaycanda beyin mərkəzləri yeni formalaşmağa başlayır. Qiymətləndirilmələr göstərir ki, ölkəmizdə təxminən 16-ya yaxın beyin mərkəzi fəaliyyət göstərir: "Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin çoxu iqtisadi sahədə çalışırlar, bu sahədə tədqiqatlarla çıxış edirlər. Ümumiyyətlə, tədqiqatlar göstərir ki, beyin mərkəzləri müstəqil olmalıdır. Dövlət müstəqil beyin mərkəzlərinə fərqli tədqiqatlar üçün sifarişlər verə bilər. Artıq fərqli yanaşmaları görmək lazımdır. Beyin mərkəzlərinin dövlət tərəfindən dəstəklənməsi, inkişafı üçün şərait yaradılmalıdır. Düzdür, onlar üçün maliyyə ayrılsa da, məbləğ kiçikdir. Bu da mərkəzlərin inkişafını formalaşdırmır. Rəqabət aparmaq və dövlət üçün alternativ sənədlərin hazırlanması məqsədilə mərkəzlərə şərait yaradılmalıdır”.