Dünya Fikrət Əmirov musiqisinin sehrindədir


Onun əsərləri bu gün də yaşayır, sevilə-sevilə dinlənilir
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
  Azəbaycanın dünya şöhrətli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi həm ölkəmizdə, həm də xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir. Xüsusi olaraq vurğulanmalıdır ki, görkəmli bəstəkarın 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı var. Sərəncamda qeyd edilir ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş edib. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirib. Fikrət Əmirovun üslubuna xas lirik-romantik boyaların bütün əlvanlığı ilə öz əksini tapdığı bu müxtəlif janrlı sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik hakimdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənib və müəllifinə geniş coğrafiyada şöhrət qazandırıb. Yüz illiyinin UNESCO-nun 2022–2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. Fikrət Əmirovun vətənpərvərliyə səsləyən, daim mənəvi zənginlik aşılayan və bəşəri ideallar tərənnüm edən, nailiyyətlərlə zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir”. Görkəmli bəstəkarın 100 illik yubilyeyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirmək Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Mədəniyyət Nazirliyinə tapşırılır.
  Belə tədbirlərdən biri Fransanın paytaxtı Parisdə, UNESCO-nun mənzil-qərargahının konsert zalında musiqi axşamı keçirilib. Musiqi axşamı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Musiqi axşamında təşkilatın baş katibinin müavini Firmin Edouard Matoko, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, diplomatik korpusun nümayəndələri, fransalı siyasətçilər, musiqi həvəskarları, jurnalistlər və digər şəxslər iştirak ediblər. UNESCO baş katibinin müavini Firmin Edouard Matoko çıxışında musiqinin cəmiyyətdə həmrəyliyi, birliyi, dialoqu gücləndirdiyini bildirib. O, UNESCO-nun musiqinin dəyərlərinin yayılmasındakı roluna toxunub və Azərbaycan musiqisinin bu yolda əhəmiyyətli yeri olduğunu bildirib. Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi E.Abdullayev dünya şöhrətli bəstəkar F.Əmirovun yaradıcılığı haqqında məlumat verib, bəstəkarın musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək dəyərli sənət əsərləri yaratdığını və əsərlərinin Azərbaycanın musiqi tarixinin parlaq səhifələrindən olduğunu bildirib. E.Abdullayev ölməz bəstəkarımızın şifahi ənənəli klassik musiqi janrı olan muğam dəstgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirdiyini, orkestr boyalarının əlvanlığına böyük ustalıqla nail olduğunu xüsusi qeyd edib. Musiqi axşamında Azərbaycanın Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, respublikamızın Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər - Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış ediblər. Proqrama bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan Bayatı-Şiraz”, “Azərbaycan süitası”, F.Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifi olduqları “Ərəb mövzuları əsasında fortepiano konserti”, habelə bəstəkarın “Şeyx Sənan” (Hüseyn Cavid) tamaşası üçün yazdığı məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxil edilib.
  Fikrət Əmirov musiqisi həqiqətən də ölməz əsərlər silsiləsinə daxildir. Elə bir azərbaycanlı tapılmaz ki, “Kürd-Ovşarı”, yaxud “Şur” simfonik muğamlarının sirrinə düşməsin, bu musiqi əsərlərini dinləməkdən yorulsun, “Min bir gecə” baletinin ecazkarlığına heyran qalmasın. Nəinki Azərbaycan tamaşaçısı, dünyanın yüzlərlə ölkəsinin tamaşaçıları bu misilsiz musiqiləri ayaq üstə alqışlayıb. Bu da səbəbsiz deyil. F.Əmirov dahi Üzeyir bəyin tələbəsi olub. Həmçinin görkəmli bəstəkar Boris Zeydmanın sinfində də təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub. 1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib. 1950-ci ildə dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasını yazıb. Bəstəkar üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir. 1970-ci illərdə "Nəsimi" vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün "Azərbaycan qravürləri" əsərini, "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamını, "Min bir gecə" nağılları əsasında eyniadlı balet yazıb. 1984-cü ilin yanvarında "Nizami" baletini tamamlayıb.
  Fikrət Əmirovun “məni bəstəkar edən Azərbaycan tarıdır” sözləri, əlbəttə, unudulmazdır. Fikrət Əmirovun atası Məşədi Cəmil musiqimizin beşiyi sayılan Şuşada doğulmuşdu, dövrünün məşhur tarzəni kimi tanınırdı. Məşədi Cəmil sonra İstanbulda professional musiqi sənətinə yiyələnib, qayıtdıqdan sonra Gəncədə yaşamağa başlayıb. Musiqi sahəsində fəaliyyətini davam etdirib. 1923-cü ildə Gəncədə ilk musiqi məktəbinin yaradıcısı da Məşədi Cəmil olub. O, məktəbə direktor təyin ediləndən sonra Üzeyir Hacıbəylinin iştirakı ilə tədris ocağının təntənəli açılışı olub. Üzeyir bəy musiqi məktəbinin tədris planlarının hazırlanması, məktəbə Moskvadan, Kiyevdən, Sankt-Peterburq ali musiqi təhsili olan müəllimlərin dəvət edilməsində Məşədi Cəmil Əmirova yaxından köməklik göstərib. 1923-cü ildə Məşədi Cəmilin «Namuslu qız» operettası Gəncədə tamaşaya qoyulub. İlk tamaşada Üzeyir bəy şəxsən iştirak edib. Belə bir mühitdə böyüyən Fikrət Əmirov öz yaradıcılığında atasının sənət ideyalarını davam etdirib. Eyni zamanda, o, böyük sənət yoluna atasının yaxın dostu, dahi Üzeyir bəyin xeyir-duası ilə qədəm qoyub. Fikrət Əmirov da gənc bir tarzən kimi Gəncədə Dövlət Filarmoniyasının ilk solistlərindən olub. Bakıya gələrək Dövlət Konservatoriyasına daxil olan Fikrət Əmirov böyük bəstəkar və pedaqoqun qayğısını hər zaman üzərində hiss edib. Bu barədə Fikrət Əmirovun «Musiqi düşüncələri» kitabında maraqlı bir xatirəsi də var. O yazır: «1938-ci ildə Bülbül anam Dürdanə xanımı Bakıda görüb tapşırmışdı ki, Fikrəti göndər, gəlsin Konservatoriyada oxusun. Bülbülün dediyi kimi də oldu. Mən Bakıya gəldim. Konservatoriyada kiçik bir yoxlamadan sonra Bülbül məni Üzeyir bəyin kabinetinə apardı və dedi: «Üzeyir bəy Məşədi Cəmilin oğludur. Bəstəkar olmaq istəyir. Üzeyir bəy elə o andaca məni çox istiqanlıqla, böyük məhəbbətlə və əsil ata qayğısı ilə qarşılayıb, əsərlərimi dinlədi. İlk yazdıqlarıma müsbət rəy bildirərək “hə, sən əsl bəstəkar olacaqsan” dedi. O gündən də məndən öz diqqət və qayğısını əsirgəmədi». Fikrət Əmirov musiqisinin mayasını millilik təşkil edirdi. Buna görədir ki, görkəmli bəstəkar muğamla simfonik musiqinin sintezini çox məharətlə yaradıb. Bəstəkarın bütün əsərlərində millilik və Azərbaycan kimliyi aparıcı xətt təşkil edib. Onun xalq tərəfindən sevilməsi, illər keçsə musiqisinin də, özünün də daim gənc qalmasının əsas səbəbi budur. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın xatirə günü tədbirində çıxışı zamanı bildirib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli və Qara Qarayev üçlüyünün nümayəndəsidir. Fikrət Əmirovun simfonik əsərlərini dünyanın dahi dirijorları repertuarlarına daxil edib, özləri dirijor pultu arxasına keçərək Əmirov musiqisini səsləndiriblər. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir. Onun əsərləri bu gün də yaşayır, sevilə-sevilə dinlənilir. Bu mənada o, xoşbəxt insandır. Azərbaycan xalqı da xoşbəxt xalqdır ki, dünya şöhrətli bəstəkara malikdir.