"Zəfər paradı” Azərbaycanın gücünü bir daha nümayiş etdirdi

 "10 dekabr 2020-ci il tarixində keçirilən parad Vətən müharibəsində qələbədən sonra ilk Zəfər paradı idi".

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, "Zəfər paradı” Azərbaycanın gücünü, Ordumuzun qüdrətini, Prezidentin qətiyyətini bir daha nümayiş etdirdi: 

"Azərbaycan xalqı qalib xalqa çevrilib. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən ordumuz şanlı Zəfərini həmin tarixdə Bakının Azadlıq meydanında dünyaya nümayiş etdirdi. Bu qələbəni Azərbaycan xalqına yaşadan Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusundan biridir. Azərbaycan Ordusu günü-gündən öz gücünü, qüdrətini daha da artırır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bu gün öz torpaqlarını qorumaq, düşməni zərərsizləşdirmək üçün bütün imkanlara malikdir. Həmin gündə işğal olunan torpaqlarda dalğalanan Qələbə bayrağımız parada gətirilməklə, qalib ordumuzun bölmələrini, döyüş texnikalarımızı nümayiş etdirməklə hərbi gücümüzü bütün dünyaya nümayiş etdirdik".

Parlament üzvü qeyd edib ki, Türkiyə prezidentinin paradda iştirakı, iki ölkə rəhbərinin birgə çıxışı, Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatların səsləndirilməsi bu paradın önəmini daha da artırdı: 

"Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak edirdi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. 44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək dost və qarda. Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. Həm Rəcəb Tayyib Ərdoğanın, həm də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi qətiyyətli çıxışlar, verdiyi bəyanatlar bizə əlavə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da hər zaman Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında – Zəfər Paradında bizimlə bir yerdə oldu. Azadlıq meydanında hər iki ölkənin hərbi qüvvələrinin birgə paradı dünyaya verilən aydın mesaj idi".

C.Məmmədov vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında  uğurla davam etdirilən siyasətin nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizamlı orduya çevrilib: 

"Heç şübhəsiz ki, bu Paradın keçirilməsi Rəşadətli Ordumuzun, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə, müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Eşq olsun Müzəffər Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!".