“Media mənsubları aksiya yerində işin öhdəsindən gəlir”

Fikir, söz azadlığı, plüralizmin inkişaf etdirilməsi

Orxan Amaşov: “Hazırda bizim jurnalistlər aktivdir, xarici mediaya müsahibələr verir, operativ informasiya ilə təmin edirlər”
“Məhz medianın sayəsində Şuşa-Laçın yolundakı aksiyanın dinc məqsəd daşıdığı, Xankəndidəki erməni əsilli əhaliyə qarşı heç bir humanitar blokada olmadığı, humanitar yüklərin daşınmasına, dinc sakinlərin sərbəst hərəkətinə heç bir maneə yaradılmadığı əyani şəkildə sübuta yetir”
  Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatları nümayəndələri, ictimai fəalların Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada, Şuşa-Laçın yolunda etiraz aksiyası günlərdir davam edir. Aksiya iştirakçıları Xankəndiyə toplaşmış erməni separatçılarının, cinayətkar rejim üzvlərinin ölkəmizin təbii sərvətlərini talamasına, ekoloji fəlakət törətmələrinə, “humanitar yardım” adı altında qanunsuz silah-sursatın Azərbaycan ərazisinə daşınmasına və Ermənistan hakimiyyəti tərəfindən separatçıların silahlandırılmasına etiraz edir, Şuşa-Laçın yolunda qanuna uyğun olaraq gömrük postunun qurulması və avtomobillərin, yüklərin yoxlandıqdan sonra Xankəndiyə buraxılmasını tələb edirlər. Azərbaycan vətəndaşlarının haqlı tələbləri dünyada böyük əks-səda doğurub. Bizə dost ölkələr, haqqın, ədalətin yanında olanlar aksiyanı dəstəkləyir, tələblərin qanuni olduğunu bildirirlər. Lakin ölkəmizə qeyri-dost münasibəti bəsləyənlər, şəxsi mənafeləri üçün separatçılara havadarlıq edənlər aksiyanı “humanitar blokada” adlandırıb dünya ictimaiyyətini çaşdırmağa səy göstərirlər. Belə şəraitdə medianın üzərinə həqiqətləri dünyaya çatdırmaq kimi böyük vəzifə və məsuliyyət düşür. Media bunun öhdəsindən necə gəlir?
  Qeyd edək ki, Azərbaycan media nümayəndələri ilk gündən aksiyanın işıqlandırılması, informasiyanın ilk mənbədən çatdırılması məqsədilə hadisə yerinə ezam olunublar. İstər çap mediası, istər onlayn media və televiziyalar, ölkədə fəaliyyət göstərən xəbər daşıyıcıları ilk gündən etibarən aksiya barədə məlumatların vaxtında ictimaiyyətə çatdırılması üçün səfərbər olub. Televiziya, onlayn media subyektlərinin əməkdaşları aksiya iştirakçıları ilə eyni sırada dayanaraq məlumatların operativliyini təmin ediblər. Məsələn, "Trend" İA-nin Şuşaya ezam olunan əməkdaşının verdiyi xəbərdə bildiirlir ki, etirazları davam etdirən aksiya iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuyur, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər. Ekofəallar, ictimaiyyət nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır. “Report”un hadisə yerində olan əməkdaşı isə xəbər verir ki, Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 5 ədəd təminat avtomobili keçib. Bu, bir daha onu sübut edir ki, aksiyanın keçirilməsinə baxmayaraq, yol humanitar məqsədlər üçün açıqdır. Aksiyanın keçirilməsi ölkəmiz, dövlətçiliyimiz üçün, eləcə də Xankəndinin erməni əhalisinin təhlükəsizliyi baxımından nə qədər önəmlidirsə, aksiya barədə beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin məlumatlandırılması, erməni yalanlarının ifşa edilməsi də bir o qədər vacibdir. Bu isə məhz medianın üzərinə düşən vəzifədir.
  Siyasi şərhçi, hüquqşünas Orxan Amaşov “Şərq”ə açıqlamasında hazırda aksiyanın keçirildiyi ərazidə olduğunu bildirdi və mövcud durumu izah etdi:
- Aksiyanın keçirildiyi ərazidə 3 gün oldum, hadisələri müşahidə etdim, indi də buradayam. Deyə bilərəm ki, əvvəlki günlərlə müqayisədə infrastruktur xeyli yaxşılaşıb, təkmilləşib. Təbii ki, ilk günlərdən bunu təmin etmək bir qədər çətin idi, lakin günlər keçdikcə çatışmazlıqlar aradan qaldırıldı. Media mənsubları üçün də ayrıca konteyner təşkil edilib və davamlı fəaliyyətləri üçün lazımi şərait yaradılıb. Məlumdur ki, hazırda bir neçə istiqamətdə mübarizə gedir. Həm diplomatik, həm ictimai müstəvidə, həmçinin informasiya müstəvisində. Yerli media mənsubları bu işin öhdəsindən gəlir. Sayları az deyil. Lakin hesab edirəm ki, media mənsublarının sayını daha da artırmaq lazımdır. Bu, Azərbaycanla bağlı, Qarabağ, Xankəndi, Şuşa-Laçın yolu haqqında erməni yalanlarının daha geniş ifşasına kömək edər, mövqelərimizi gücləndirər. Xarici dil bilən media mənsublarının sayını da artırmalıyıq. Hazırda bizim media nümayəndələrimiz aktivdir, xarici mediaya müsahibələr verir, operativ informasiya ilə təmin edirlər. Qardaş Türkiyənin telekanallarında – TRT, "Haber Global"da aksiya barədə geniş məlumatlar verilib, videogörüntülər yayımlanıb. Bu əməkdaşlıq genişləndirilməli və digər ölkələrin media subyektlərini də əhatə etməlidir. Medianın imkanları genişdir. Məhz medianın sayəsində Şuşa-Laçın yolundakı aksiyanın dinc məqsəd daşıdığı, Xankəndidəki erməni əsilli əhaliyə qarşı heç bir humanitar blokada olmadığı, humanitar yüklərin daşınmasına, dinc sakinlərin sərbəst hərəkətinə heç bir maneə yaradılmadığı əyani şəkildə sübuta yetir. Media subyektlərinin hazırladıqları süjetlər, verdiyi xəbərlər, yayımladıqları foto-videogörüntülər Şuşa-Laçın yolu ilə hərəkət edən yük avtomobillərinin və sakinlərin sərbəst gediş-gəlişi əks olunur. Bunları görən hansı dövlət, yaxud beynəlxalq təşkilat Azərbaycan dövlətini “humanitar fəlakətdə” günahlandıra bilər?
  O.Amaşov qeyd etdi ki, aksiya iştirakçılarının qarşıya qoyulan məqsədə nail olunmayınca, dirənişi davam etdirəcəyinə şübhə yoxdur:
- Buradakı insanlarımız, ekoloqlar, ictimaiyyət nümayəndələri, fəalllar Yeni İl bayramını Şuşa-Laçın yolunda keçirəcəklərini ifadə edirlər və bildirirlər ki, məqsədə nail olunmadan, təbii sərvətlərimizin separatçılar tərəfindən talanına son qoyulmadan geri dönməyəcəklər. Hətta Dünya Azərbaycanlılarının Həmrəylik Gününü burada bayram edəcək, yeni ili də burada qarşılayacaqlar. Bunu nəzərə alaraq, hesab edirəm ki, aksiyaya daha çox resurslar cəlb edilməlidir. İnformasiya təminatını isə bir an belə dayandırmaq, axsatmaq olmaz. Aksiyanın hədəfə çatması üçün bu, çox önəmlidir.