“Bu ölkələr arasındakı müttəfiqlik Qərb faktoruna hesablanıb”
“Ümumiyyətlə, Çinin regiona ayaq açması bizim maraqlarımıza təhlükə kimi qəbul edilməməlidir”
"Bakı Qərb və Rusiya arasında necə balanslı siyasət yürüdürdüsə, elə də Çin-Qərblə də bu balansı qoruyaraq maraqlarını təmin etməlidir"
İran Prezidenti İbrahim Rəisinin Çinə səfəri zamanı Tehran və Pekin arasında 25 illik əməkdaşlıq sənədinin həyata keçirilməsi üçün 20-yə yaxın memorandum imzalanacaq.
bu barədə İranın İqtisadiyyat naziri Ehsan Xanduzi bildirib.
Çin və İranın son 5-10 ildə qarşılıqlı tərəfdaşlıq münasibətləri qurduğunu deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, bunun əsas səbəbi İran və Çini ortaq düşmən olan ABŞ faktorunun birləşdirməsidir:
"Düzdür bu ölkələr arasında da ziddiyyətlər var. Lakin ABŞ faktorundan yola çıxan hər iki dövlət zidiyyətlərini kənara ataraq, qarşılıqlı əməkdaşlıq yoluna daxil olub. Əlaqələrin başında biz enerji məsələsini görürük ki, bu da müasir dünyanın ən böyük problemlərindən biridir. Təbii ki, Çin və İranın yaxınlaşmasının Cənubi Qafqaza təsirləri olacaq. Ancaq bu təsirlər birbaşa Azərbaycanın dövlət maraqlarına təsir verəcək gücdə deyil. Çünki hər nə qədər Azərbaycan və İran arasında diplomatik qarşıdurmalar yaşansa da, Azərbaycan və Çin arasındakı münasibətlər qarşılıqlı maraq çərçivəsində davam edir. Hətta Çinin yol layihəsi Azərbaycanı da əhatə edir. Ona görə də rəsmi Pekin heç zaman Bakının maraqlarını tapdalayacaq addımların atılmasını istəməz".
Ekspertin sözlərinə görə Pekin və Tehran arasındakı müttəfiqlik sırf Qərb faktoruna hesablanıb:
"Eyni zamanda biz Çinin tək bizim regionda yox ,bütün dünyada aktivliyinin artdığını görürük. Məsələn onun Afrika siyasəti ilə yanaşı son illərdə Ərəb siyasəti ilə də qarşılaşırıq. Hətta yaxınlarda Səudiyyə Ərəbistanı və ərəb liqasında uğurlu nəticələr əldə edildi. Ümumiyyətlə, Çinin regiona ayaq açması bizim maraqlarımıza təhlükə kimi qəbul edilməməlidir. Biz hər zamankı balans siyasətini qorumalıyıq. Bakı Qərb və Rusiya arasında necə balanslı siyasət yürüdürdüsə, elə də Çin-Qərblə də bu balansı qoruyaraq maraqlarını təmin etməlidir".