“Xocalı hər gün atəşə tutulurdu. Biz 4 ay blokada şəraitində yaşamışıq”.
Bunu “Sherg.az”a açıqlamasında Xocalı sakini, soyqrımının canlı şahidi Məmmədov Mürvət Məmməd oğlu ailəsinin və özünün üzləşdiyi vəhşilikdən danışarkən deyib. O bildirib ki, hadisələr zamanı 14 yaşı olub:
“Biz 8 nəfər ailə üzvlərimlə birlikdə Qərbi Azərbaycandan Xocalı şəhərinə pənah gətirmişdik. Məcburi köçürüldüyümüz zaman isə bir qardaşımı şəhid vermişik. Xocalı şəhərində də erməni zülmü ilə üzləşən ailə üzvlərimdən atam və iki qardaşım könüllü şəkildə döyüşlərdə iştirak edib. Fevralın 25-dən-26- a keçən gecə ermənilər yenidən hücuma keçdilər. Səhərə yaxın qardaşlarım postdan gəldilər ki, ana, deyəsən, ermənilər Xocalıya girib, camaatı öldürür, hazırlaşın bizdə meşədə qaçanlara qoşulaq. Elə bu anda evimizi mühasirəyə aldılar və hər tərəfdən atəşə tutdular. Atam ov tüfəngi ilə, qardaşımsa bizdə yaralı yatan qonşumuz Vidadi dayının silahı ilə patronlar qurtarana qədər döyüşdülər. Gözləmədiyimiz anda evə əl qumbarası atdılar. Mən və anam yaralandıq.Qonşumuz Sara xala və 3 yaşlı qızı Natavan isə dünyasını dəyişdi. Fürsətdən istifadə edən ermənilər içəri girdilər və hər kəsi bir otağa yığıb yandırmaq istədilər. Bu zaman 3 yaşlı qardaşım Ruslan dedi ki, məni öldürməyin. Bu vaxt ermənlərin tərəfində vuruşan rus zabiti öz xeyiri üçün bizi yandırmağa qoymadı”.
Onun sözlərinə görə saxlandıqları otaqda ən iyrənc işgəncələrə məruz qalıblar:
“Bizi və atamla iki qardaşımı ayırdılar. Mənlə beş nəfər ailə üzvüm yaralıların saxlandığı bir otağa gətirildik. Otaqda çürümüş ət və qan qoxusundan dayanmaq olmurdu. Balaca qardaşım Əhmədin ad günü olduğunu öyrənən ermənilər onu aldadaraq əlinə avtomat verdilər və tətiyi sıxaraq əsrləri güllələdilər. Dedilər ki, bu da bizdən sənə ömürlük hədiyyə qalsın. Sonra isə bizi maşına mindirib Ağdamla Əsgəranın arasına gətirdilər və muzdlu qaradərili döyüşçünün meyidi ilə 80 nəfər Azərbaycanlı əsir dəyişdirildi. Atam və iki qardaşım barəsində isə heç bir məlumat yox idi, təxminən 15 il onları axtardıq, amma tapa bilmədik. Sonra isə məlum oldu ki, atam və iki qardaşımın erməni məzarı üstündə başları kəsilib. İndiyə kimi onların cəsədi bizə verilməyib”.
O qeyd edib ki, torpaqlarımız azad olduğu üçün köhnə illərə nisbətən şəhidlərimizin ruhu şaddır:
“Dövlətimizə və ordumuza minnətdaram ki, şəhidlərimizin qanı yerdə qalmadı. Artıq onlar rahat uyuya bilərlər. Cənab Ali Baş Komandan İlham Əliyevin və şəhidlərimizin sayəsində Xocalıda həlak olan insanların ruhları artıq erməni əsirliyindən azaddır. Ümumiyyətlə, hər zaman bizimlə maraqlandığı və qeydimizə qaldığı üçün cənab prezidentə və dövlətimizə minnətdaram. Onun sayəsində biz firavan həyat sürürük. Hazırda ailəliyəm, gözəl evim, işim və iki övladım var.
Oğluma rəhmətlik atamın adını vermişəm. İnanıram ki, tezliklə Xocalıya qayıdacağıq. Biz hələ Qarabağı düşünərkən Prezident İlham Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycan icması yaradıldı. O dədə-baba torpaqlarımıza da qayıdacağımıza şübhə etmirəm”.