Şuşada ekoaksiya Novruz şənliyi fonunda yüksək əhvali-ruhiyyə ilə davam edir 


Şuşada Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları üçün təşkil edilən Novruz şənliyi davam edir.


Belə ki, aksiya iştirakçıları üçün hazırlanan Novruz süfrəsinin təamlarından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar təqdim edilib.

Bundan əlavə, aksiya iştirakçılarına Novruz bayramı sovqatı paylanılıb.

Eləcə də burada quraşdırılan bayram çadırında Azərbaycanın milli mətbəxinin xörəkləri bişirilib.

Dünən olduğu kimi bu gün də ərazidə quraşdırılan musiqi səhnəsində vətənpərvərlik və milli ruhda mahnılar səsləndirilir.

Qeyd edək ki, ərazidə bayram simvolu sayılan səməninin təsviri quraşdırılıb.

Hazırda aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur və yol humanitar məqsədlər üçün açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.