İsraildə səfirliyimiz açıldı: 30 il gözlədik, amma daha yubatmaq olmazdı


  Dünən İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olub. Açılış mərasimində xarici işlər naziri Ceyhun Bayramov, millət vəkilləri iştirak ediblər. Qeyd edək ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib. 
  Xarici işlər naziri Ceyhun Bayramovun İsrail xarici işlər naziri Eli Kohenlə görüşündə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunub. Siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Azərbaycanla İsrail arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub. C.Bayramov həmkarını bölgədə postmünaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib. Həmçinin nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib. İsrail xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu deyib. Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər. Kohen bildirib ki, Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması münasibətlərin dərinləşməsinə töhfə verəcək.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İsrail Azərbaycanda səfirliyi 30 il bundan əvvəl açıb, biz isə 30 il gözlədik. Analitikin fikrincə, İran və ərəb amilinə görə İsraildə səfirlik açmaqdan çəkinmişik: "Sonrakı illərdə aydın oldu ki, İsraildə səfirlik olmadan da Tehran Azərbaycana qarşı təxribatlarından əl çəkən deyil. Çünki Tehranın dərdi Azərbaycan-İsrail əməkdaşlığından çox Azərbaycanın dünyəvi müsəlman ölkəsi olaraq varlığıdır. Digər tərəfdən, son illərdə ərəb ölkələrinin bir qrupu İsraillə diplomatik əlaqələr qurublar. Ərəb ölkələri İsraildə səfirliklər açırlarsa, Azərbaycanın bu ölkədə niyə səfirliyi olmamalıdır? Azərbaycanın İsraildə səfirliyinin açılmasını şərtləndirən amillərdən biri də iki ölkə arasında artan əməkdaşlıqdır. İsraildən aldığımız hərbi texnikanın İkinci Qarabağ müharibəsindəki uğurumuzda payı az deyil. İsrail Azərbaycanla əməkdaşlığı təhlükə altına atmamaq üçün düşmənimiz Ermənistana hərbi texnika satmadı. Halbuki İrəvanın belə cəhdləri olmuşdu. Hərbi-texniki sahədə əməkdaşlıq o həddə çatıb ki, İsrail şirkətinin dəstəyi ilə bugünlərdə Bakıda kibertəhlükəsizlik mərkəzi açılıb. Bundan başqa, Azərbaycan illərdir Ceyhan limanı üzərində İsrailə neft satır. Bu, İsrailin neftə olan tələbatının təxminən 30 faizdən çoxunu təşkil edir. Bütün bunlardan sonra Azərbaycanın İsraildə səfirliyinin açılmasını yubatmaq olmazdı".