Könüllülük cəmiyyət və dövlət maraqlarının qorunmasında ən uğurlu formatdır


İctimai və dövlət maraqlarının müdafiəsi;
 
Qarabağda da işə başladılar


  Könüllülər işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlərini genişləndirir. Bəllidir ki, gənclər cəmiyyətin “dəmir biləyi”dir. Bu “dəmir biləyə” könüllüləri  dəstəyi olduqda isə güc birə-on artır. İşğaldan azad edilmiş yurd yerlərimizin belə bir gücə, coşub-çağlayan enerjiyə ehtiyacı var. Danılmaz həqiqətdir ki, Azərbaycan dövləti, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında bütün Qarabağda nəhəng quruculuq işləri aparır. Gənclərin bu yenidənqurmada fəal iştirakı isə əlbəttə ki, arzuolunandır.  Bu barədə cənab Prezident də çıxışlarında vurğulayıb.  Təsadüfi deyil ki, cənab Prezident tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan edilməsiylə bağlı imzaladığı sərəncamda belə fikirlər yer alır: “Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə qərara alıram: 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin”.
  Həmin vaxtdan etibarən Azərbaycan könüllüləri bir çox sahələrdə fəaliyyətlərini genişləndirir. Ermənistanın hərbi təcavüzü nəticəsində işğala məruz qalmış Qarabağ  torpaqları müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən azad edildikdən sonra könüllülərin də doğma yurd yerlərinə axını başladı. İlk könüllü dəstələri Ağdama yola düşdü və yenidənqurma, abadlıq işlərində dövlətə dəstək olmaq üçün işə başladılar. İndi də Zəngilan könüllüləri yola çıxıb. Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimatı keçirilib. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb. Zəngilan könüllülərinin Ağalı kəndinə təşkil olunan səfəri zamanı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllü gənclərlə görüşüb, cəmiyyətin inkişafında önəmli olan fəaliyyətlərində onlara uğurlar arzulayıb və bu proqramın onlar üçün də faydalı olacağını qeyd edib. “Ölkəmizin dayanıqlı inkişafında könüllülük fəaliyyəti olduqca böyük önəm daşıyır. Sizin fəaliyyətiniz işğaldan azad olunmuş Zəngilanda olacağı üçün öz növbənizdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan tikinti-quruculuq işlərinə, eləcə də “Böyük Qayıdış” prosesinə müsbət töhfənizi verəcəksiniz. Bu proqram həm də sizə yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində özünüzü inkişaf etdirməyə yardımçı olacaq!”, - deyə Vahid Hacıyev bildirib. Daha sonra könüllülər “Böyük Qayıdış”ın rəmzi olan, “Ağıllı kənd” layihəsi ilə yenidən qurulan, həyatın canlandığı Ağalı kəndinin ərazisi ilə, buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat alıblar. Həmçinin səfər zamanı könüllülər kənddə məskunlaşan əhali ilə görüşüb, fikir mübadiləsi aparıb, təəssüratlarını onlarla bölüşüblər. Görüşdə bildirilib ki, Zəngilan könüllülərinin kəndə belə səfərlərinin tez-tez təşkili, eyni zamanda Nümayəndəliklə birlikdə Ağalı kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Proqram çərçivəsində könüllülər tərəfindən Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak etməyə, buraya səfər edən yerli və xarici qonaqlarla işə, qayıdışa hazırlığa, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulub.  Qeyd edilir ki, könüllülər proqramı Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı gənclərin daha geniş cəlb edilməsi çağırışına uyğun olaraq aparılır. İcra olunan proqramın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləməkdir. Eyni zamanda proqram əslən Şərqi Zəngəzurdan olan gənclərin öz doğma torpaqlarında reallaşdırılan yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi mədəni irsinin təbliğində iştirakının təşviq edilməsinə və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verilməsinə hesablanıb.
  Əslən Qarabağdan olan ictimai xadim, Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, könüllülük proqramı gənclərin dövlətə dəstəyinin bariz nümunəsidir: 

"Bilirsiniz ki, proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləməkdir.  Bu fəaliyyətə əslən Qarabağdan olan gənclərin qoşulması, onların doğma torpaqlarda yenidənqurma, bərpa işlərində iştirakı  vacibdir. Çünki bu gənclər bölgənin tarixini, mədəniyyətini adət-ənənəsini bilir, orada doğulmasalar da valideynlərindən eşidiblər, ailədə, qohum-əqrəba arasında bu adətləri görüblər, ənənələr onlara daha yaxşı tanışdır. Bir də ki, əsas məsələ harada doğulmaq deyil. Əsas odur ki, torpaq, yurd sevgisi insana qanla, ana südü ilə ötürülür. Azərbaycanın bütün gəncləri vətənpərvərdir. Lakin məhz Qarabağ zonasından olan gənclərin könüllülər proqramına qoşulması, orada iştirakı əlavə üstünlük qazandırır. O baxımdan ki, dediyim kimi, könüllülər yurda bələddirlər, onlar Qarabağa gələn əcnəbilərə də ətraflı məlumatlar verə bilər. Həm də qoy dünya görsün ki, gənclərimiz dövlətə dayaqdır, dövlət siyasətinin həyata keçirilməsində fəal iştirak edirlər, yurda qayıdırlar. Harda gənclik varsa, orada iş irəli gedəcək. Könüllülər işğaldan azad edilmiş ərazilərdə müxtəlif fəaliyyətlə məşğul olacaq, keçiriləcək tədbirlərdə fəal iştirak edəcəklər, bərpa və yenidənqurma işlərinə dəstək verəcəklər, məskunlaşma məsələlərində dövlət orqanlarına kömək edəcəklər. Gərək könüllülərə bu işlərdə imkan yaradılsın. Onların gücündən, bacarıqlarından səmərəli istifadə edilsin. Könüllülər iqtisadi, həm də sosial layihələrə cəlb edilməlidir. Belə olarsa işğaldan azad edilmiş torpaqlarda məskunlaşma prosesi daha da sürətlənər, dövlətimiz tərəfindən qarşıya qoyulan məqsədlərə daha tez nail olunar".