30 il əvvəl ölmüşdü, indi dəfn olundu - Surət Hüseynovun qaranlıq taleyinə qara yazı 

23 il əvvəl, yenə avqust ayı, yenə vida mərasimi. Bakının qızmar günəşinə də baxmayaraq camaat küçədə, göz yaşı töküb, bu millətə Azadlıq neməti bəxş edən Əbülfəz Elçibəyi yola salır. 

23 il sonra. İyulun sonunda yenə bir ölüm xəbəri aldıq. Qiyamçı polkovnik Surət Hüseynov öldü. Bu dəfə nəinki vidaya axın edən, nə göz yaşı tökən var, nə rəhmət oxuyan. O rəhmət ki, heç tanımadığımız, adını da bilmədiyimiz adamlar üçün dilucu da olsa, deyirik. İndi isə əksinə, adi, quru  sözü etika xatirinə demək də istəmədik. Bir rəhmət də gəlmədi ürəyimizdən. 
*
Qiyamçı polkovnikin ölümü hələ dəqiq deyildi. Dedilər ki, təyyarədə komaya düşüb. Dəqiqləşdirmək lazım idi. Amma bir adam tapılmadı. Redaksiyada o biri otağa keçib, 1990-ları görən peşəkarlardan soruşdum, ona yaxın, dost- tanışından kim var? 

“Onun Azərbaycanda dostu qalıb ki?” – bu cümlə ilə vəziyyəti izah etdilər. 
Tanınmış jurnalist Ləman Ələşrəfqızı bir statusla nə hiss etdiyimizi, nə istədiyimizi yazdı:

“Kaş, Surət Hüseynov 5-cə gün sağ qalaydı. Ağlı başında, onun ölüm xəbərinə ictimaiyyətin münasibətini görüb sonra öləydi. Yenə də Allah bilən məsləhətdir”.
Qarşımızda iki nümunə var. İkisinin də adı tarix kitablarındadır. İkisi də tarixə yazılıb. Amma necə? Bəy millətin sevgisini, duasını almış bir şəxsiyyət kimi tarixin şanlı səhifəsinə çevrildi, rus yanlısı qiyamçı, qara polkovnik isə xalqın  rəhmətini də qazana bilmədi.

Əslinə qalanda millət üçün 30 il əvvəl ölmüşdü. İndi dəfn olundu. 
*
Bir onu bilirəm ki, el qədrini canından daha əziz bilənlər, şirin bir xatirətək qalacaqdır dünyada. 
Vaxtında şair gözəl deyib...