21 il sonra zəhərli iynə  - Şizofreniya xəstəsinin ölümü

  6 yaşlı qızı zorlamaq üçün qaçırıb onu öldürdüyünü etiraf edən amerikalı Conni Conson edam edilib. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 2002-ci ildə Conni Conson ABŞ-nin Missuri ştatında 6 yaşlı Keysi Vilyamsonu qaçırmışdı. Keysinin atası Ernie Vilyamson  səhər saat 7-dən əvvəl yuxudan oyananda qızını evdə gecələyən 24 yaşlı Conni Consonla qonaq otağında görüb. 

Tualetə getdiyini izah edən Erni qonaq otağına qayıdanda Keysi və Conson evi tərk etmişdilər. Keysinin valideynləri Ernie və Angie Vilyamson dərhal polisə zəng edərək qızlarının itdiyini bildiriblər.

  FTB, polis və könüllülərin iştirak etdiyi əməliyyat zamanı balaca Keysinin cəsədi evindən 2 kilometr aralıda çuxurda tapılıb. Conson, Keysinin qəza nəticəsində öldüyünü və onu basdırdığını iddia edib. Lakin saatlar sonra Conson 6 yaşlı uşağı cinsi istismara görə qaçırdığını bildirib.
  Conson ittihamlar əsasında ölüm cəzası ilə üzləşib. Vəkillər 45 yaşlı Consonun xəstəliyinin "törətdiyi cinayətlə cəza arasındakı əlaqəni anlamağa mane olduğunu" əsas gətirərək, edam qərarının ləğvini tələb ediblər. Conson dünən yerli vaxtla saat 18:33-də öldürücü iynə ilə edam edilib. Edamın bir hissəsi olaraq Consonun bədəninə ölümcül pentobarbital dozası vurulub.

  Şizofreniya xəstəliyindən əziyyət çəkən Conson edamından saatlar əvvəl dərc olunmuş əlyazmasında peşman olduğunu qısaca ifadə edib. Conson, “Allah bağışlasın. Mən incitdiyim insanlardan və ailədən üzr istəyirəm" qeydini buraxıb.

  Conson edam otağında boynuna qədər mələfə ilə kürəyi üstə uzanıb. İynə vurulmağa başlamazdan az əvvəl o, məsləhətçisini dinləyirmiş kimi başını sola çevirib. Daha sonra o, heç bir fiziki reaksiya vermədən gözlərini yumaraq başını çevirib. Consonun edamının şahidləri arasında qızın ailəsinin bir neçə üzvü və onun işinə rəhbərlik edən keçmiş prokuror və polis müstəntiqi də olub.