“İran Rusiya ilə viza rejiminin tamamilə ləğvinə hazırdır”.
Bunu İranın Moskvadakı səfiri Kazem Cəlali mətbuata acıqlamasında deyib.
Məlumata görə, hazırda İran rəsmilərinin apardıqları diplomatik proses iki ölkə arasında qarşılıqlı viza rejiminin aradan qaldırılmasına yönəlib.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, Qərb İrana qarşı lazımi sanksiyaları tətbiq edib:
"Bu gün həmin sanksiyaların yumşaldılması və dondurulmuş vəsaitlərin ləğvi ilə bağlı qərarı verən də, Qərbin ipini çəkən də ABŞ-dir. Ümumiyyətlə, biz ikili standartlı dünyada yaşayırıq və Qərbin maraqları bir mərkəzdən idarə olunmur. Hətta Avropa Birliyinin də şəxsi istəkləri var və müəyyən mənada ABŞ-lə özünün geosiyasi maraqlarını uzlaşdırmağa çalışır. Digər tərəfdən zaman-zaman Amerika da maraqları tələb etdiyi təqdirdə İranla müəyyən razılaşmaya gedə bilir".
Analitik əlavə edib ki, özlərini müttəfiq kimi göstərən dövlətləri müəyyən geosiyasi maraqlar birləşdirdiyi üçün müvəqqəti olaraq birlikdə addım atırlar:
"Əslində həmin dövlətlər mehriban düşməndirlər. Yəni İran heç vaxt Rusiya ilə müttəfiq olmayıb, ola da bilməz. Eyni münasibəti Çin haqda da demək olar. Bu gün rəsmi Pekin tamamilə zəifləmiş Rusiya istəyindədir ki, gələcəkdə uzaq Şərq torpaqlarını işğal edə bilsin. Yəni bu dövlətlərin bir ittifaqda uzunmüddətli fəaliyyət göstərməsi mümkün deyil. Sadəcə, Qərb əleyhinə süni birliklər yaradaraq qarşı tərəfi güzəştə getməyə məcbur etmək istəyirlər. Ümumiyyətlə "Şərq bloku" deyilən birliyə inanmıram və perspektivini görmürəm".
N.Mirinin sözlərinə görə, İranla Rusiya arasında viza rejiminin ləğvi o qədər də ciddi bir hadisə deyil:
"Bu nə rəsmi Tehrana, nə də Moskvaya müsbət heç nə qazandırmayacaq. Çünki viza rejiminin ləğvi tətbiq olunmadıqdan əvvəl də iki ölkə arasında qanunsuz əməliyyatlar həyata keçirilirdi. Yəni qanunsuz daşımalar onsuz da baş tuturdu. Düşünürəm ki, İran və Rusiya sadəcə yaxınlaşmanı büruzə vermək istəyirlər. Ancaq strateji anlamda hər bir dövlətin öz maraqları var. Ümumiyyətlə, İran, Rusiya, Şimali Koreya və Çin ittifaqını ciddiyə almaq lazım deyil".