Dünən ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
Belə ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar olub.
BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlət, eləcə də Türkiyə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyi barədə bəyanatlar veriblər.
Ermənistanın keçmişdə qaldığını söylən millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a bildirib ki, ermənilər müasirlikdən və demokratiyadan dən vursalar da, heç birindən xəbərləri yoxdur:
"Ümumiyyətlə ermənilər müasir dünyada hansı proseslərin getdiyini dərk etmir. Çünki düşünürlər ki, heç kəsin baş verənlərdən xəbəri yoxdur və dünya meydan oxuduqları köhnə dünyadır. Dünən BMT Təhlükəsizlik Şurasında qalib gələn isə Azərbaycanın yaratdığı reallıqdır. Yəni hamıya agahdır ki, Azərbaycan beynəlxalq hüquq və qanunlarını torpaqlarına qaytardı və sülh istəyir. Ermənilər isə bunu qəbul etməkdə çətinlik çəkirlər".
Parlamentarinin sözlərinə görə, BMT TŞ-nın dünənki iclası Ermənistanın beynəlxalq ictimaiyyətə hörmətsizlik etdiyini bir daha sübut edib:
"Sanki onlar dünyanı idarə edən qüvvəni aldatmaq və barmağına dolamaq istəyir. Ancaq məşhur rus rejissoru Stanislavski hər zaman səhnədə kim pis oynayırdısa ona “inanmıram” deyirdi. Beynəlxalq ictimaiyyət də dünən Ermənistana" inanmırıq " sözünü dedi. Çünki Azərbaycanın təklif etdiyi humanitar problemlərin həlli yolu, danışıqlar gündəliyi və sülh planı hər kəs üçün birmənalı şəkildə qəbulolunandır. Hətta tarixən ermənilərin yanında dayanan ölkələr belə alternativ yollar, real konstruktiv danışıqlar və sülhdən söhbət açdılar. Həmçinin Ermənistana son zamanlarda daha çox havadarlıq edən Fransa da, iclasda çıxış edərkən başını aşağı saldı və ermənilər tərəfindən verilən sözləri deyib səsini kəsdi. Digər ölkələr isə Ermənistanın bu təxribatını " inanmırıq" sözü ilə rədd etdi. Bu isə Azərbaycan xalqının, Prezidentinin və ordusunun dünyada yaratdığı reallıqdır".