Ermənistan Rusiyanı zəhərli ilan kimi sancır - Fuad Abbasov

Şimal qonşumuzun İrəvana qarşı qisası çox ciddi ola bilər

Moskva Ermənistanın Ukrayna üzrə konfransda iştirakını anti-Rusiya jesti kimi qiymətləndirir

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakını şərh edib.

Bunu  Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə bildirib ki, Moskva Ermənistanın Maltada Ukrayna üzrə konfransda iştirakını İrəvanın nümayişkaranə anti-Rusiya jesti kimi qiymətləndirir.

“Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb, Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”, - XİN rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bir müddət əvvəl özünün də etiraf etdiyi kimi, Ermənistanın sabitliyi və rifahının təmin olunması üçün ən mühüm amil adlandırılan Rusiya ilə müttəfiqlik münasibətlərinin qəsdən pozulması təəssüf hissi doğurur.

Zaxarovanın fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, həm Ermənistan, həm də Ukraynadakı hakimiyyət Qərb yönümlüdür: 

" Vladimir Zelenskinin və Nikol Paşinyanın ən yaxşı sponsorlarından biri Soros olub. Amerika, kollektiv Qərbin Ukrayna və Ermənistanda təsir mexanizmləri çox güclüdür. Dünyada ən böyük Amerika səfirliklərindən biri İrəvan şəhərindədir. Bu isə Amerikanın Ermənistan üzərində təsirinin bir nümunəsidir. Beləliklə iki Amerika təsiri altında olan dövlətin birlikdə Rusiyaya qarşı çıxması normal haldır. Yəni, burada Mariya Zaxarova yeni bir söz demir. Sadəcə olaraq hərkəsin bildiyini Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində səsləndirmiş olur. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra rusiyalı politoloqlar dəfələrlə rəsmi Moskvanı xəbərdar edirdi ki, Ermənistan qoynunuzda bəslədiyiniz zəhərli ilan kimi sizi sancacaq. Bu gün həmin vəziyyət yaranıb. Rusiyanın bu sancmalardan hansı hala düşəcəyini bilmirəm. Amma şimal qonşumuzun Ermənistana qarşı qisası çox ciddi ola bilər. 1920-ci ildə Zəngəzurun bir qisminin qanunsuz şəkildə Ermənistana verilmə əməlini Rusiya Sovet İttifaqının varisi olaraq geri çevirə bilər. Bu isə  rəsmi İrəvanın Qərb yönümlü və Amerika tərafdarı olmağının ən böyük cəzası olar".