"Hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, bu “dialoqa” son qoymağa çağırmaq lazımdır"
İranın və İsrailin Azərbaycandakı səfirlərinə ölkəmizi mübahisə poliqonuna çevirməmələri üçün xəbərdarlıq etmək lazımdır. Bu iki ölkə səfirinin sosial şəbəkələr üzərindən söz atışmasına çıxması ilk dəfə deyil. Lakin bu dəfə atmacaların ağırlığı artıb. Səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq və görüşlər keçirməkdir. Səfir ölkəsinə aid olmayan müharibə ilə bağlı başqa ölkənin səfirini hədələməməlidir.
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İran səfiri Abbas Musəvinin son atmacası və İsrail səfiri Corc Dikin cavabı barədə qeyd edib.
O bildirib ki, bir səfirin digər ölkənin səfirini hədələməsi çalışdığı ölkəyə qarşı hörmətsizliyidir:
“Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər. İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə İsrailin Azərbaycandakı səfiri Corc Diki təhdid edib, İsrail səfiri isə cavab yazıb.
Fikrimcə, hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, bu “dialoqa” son qoymağa çağırmaq lazımdır. Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır”.