Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda “Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələri müzakirə olunub. Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib. İclasda komitə üzvləri ilə yanaşı Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının deputatları da iştirak edir.
Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun ərazi bölgüsünə dair təklif edilən dəyişikliyin səbəbi açıqlanıb
Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə təklif edilən dəyişikliklərin səbəbi açıqlanıb. Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, hazırda azad edilmiş ərazilərin Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün aparılan irimiqyaslı quruculuq işləri həmin rayonlarda ərazilərin planlaşdırılması və istifadəsi, bu ərazilərdə yaşayan və məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığının təşkilini şərtləndirir. Komitə sədri bildirib ki, həmin rayonların inzibati ərazi quruluşunda bəzi kənd ərazi vahidlərinin inzibati tabeliyi dəyişdirilərək onların faktiki yerləşdiyi rayonların inzibati ərazi bölgüsünə daxil edilməsindən, sərhədlərinin dəyişdirilməsindən və ya ləğv edilməsindən ibarət dəyişikliklərin edilməsi zərurəti yaranır.
Millət vəkili Elman Məmmədov deyib ki, o vaxt Ağdərə rayonu rəhbərlikdə olan şəxslər arasında çəkişmələr nəticəsində ləğv olunmuşdu. Deputat bildirib ki, bunun heç bir hüquqi əsas yox idi: “Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə o dövrdəki Azərbaycan rəhbərliyi yatıb qalmışdı. Ermənilər ondan iki ay əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmişdilər və "Artsax" yaratmışdılar. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi".
"Bu qərarı verdilər və Ağdərə rayonunu ləğv etdilər"
Elman Məmmədov o vaxt rayonların ləğv olunduğu sessiyada deputat kimi olmasa da iştirak etdiyini xatırladıb: “1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sessiyasından "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edilib və yenidən yaradılıb. Həmin sessiyada Surət Hüseynov dedi ki, siz görərsiniz Ağdərə rayonu qalacaq ya qalmayacaq. O iclasdan sonra da elə bu binada, o vaxt artıq Milli Məclis adlanırdı, bu qərarı verdilər və Ağdərə rayonunu ləğv etdilər”.
Tərtərin Kasapet kəndinin adının dəyişdirilməsi təklif edilib
Deputat Aqil Məmmədov deyib ki, Ağdərə rayonuna verilən bəzi kəndlərin adlarının dəyişdirilməsi sevindirici haldır, digər rayonlarda da belə kəndlər var ki, adları dəyişdirilsə, yaxşı olar. O, Tərtər və Kəlbəcər rayonlarının ümumilikdə iki kəndinin adının dəyişdirilməsini təklif edib: “Xüsusilə, iki kənd var ki, onların adlarına da baxılmalıdır. Bunlar Kəlbəcərin Zardaxaç və Tərtər rayonunun Kasapet kəndləridir. Düşünürəm ki, bunların adlarına yenidən baxılmalıdır. Onların adları niyə belə qalıb bilmirəm". Komitə sədri Siyavuş Novruzov isə bildirib ki, bununla bağlı qanun layihəsi daxil olarsa, ona da baxılar.
"Tərtər Birinci Qarabağ müharibəsində düşmənə bir qarış torpaq verməyib"
Millət vəkili Sahib Alıyev deyib ki, qəhrəman Tərtər rayonu I Qarabağ müharibəsi dövründə düşmənə bir qarış belə torpaq verməyib: "Ona görə cənab Prezident Tərtərdən danışarkən “qəhrəman Tərtər” ifadəsini səsləndirir". O, sosial şəbəkələrdə Tərtərin ərazisinin Ağdərəyə verilməsi ilə bağlı fikirlərə münasibət bildirib: "Tərtər əmanətə xəyanət etmir. Bu torpaqlar Ağdərə rayonu ləğv ediləndə Tərtərə verilmişdi, indi də geri qaytarılır". Sahib Alıyev şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı məsələni də qaldırıb: “Tərtərdən olan şəhid valideynləri övladlarının adının küçələrə, məktəblərə verilməsini istəyir. Biz bu məsələni qaldırmalıyıq”.
"Ermənistan delimitasiyaya qarşıdır"
Deputat Bəxtiyar Əliyev deyib ki, Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Parlament üzvü bildirib ki, ermənilər bizim vətəndaşları etnik təmizləməyə məruz qoyub: "Biz bu tarixi həqiqəti dünyaya çatdırmalıyıq. Ermənilər bizim əhaliyə etnik təmizləmə edərək öz doğma yurd-yuvalarından qovub çıxarırdılar. Məqsəd xaricdə olan erməniləri bizm vətəndaşların evlərində məskunlaşdırmaq idi. İndi biz həmin dövrdə bizim vətəndaşların ürək ağrısı ilə sovet rəhbərliyinə yazdığı məktubları oxuya bilərik. Bu faktları dünyaya çatdırmalıyıq. Biz göstərməliyik ki, qanunun aliliyi təmin edilir, tarixi ədalət bərpa olunur". Elm və təhsil komitəsinin sədri bildirib ki, Ermənistan delimitasiyaya qarşıdır: "Çünki bilirlər ki, işğaldan əlavə də onların yaylaq kimi istifadə etdiyi bəzi kəndlər də o zaman bizə qaytarılmalıdır. Kəndlərin birləşməsi hesab edirik ki, Azərbaycanda həyata keçirilən azad edilmiş ərazilərin ağıllı şəhər, ağıllı kənd konsepsiyası ilə yenidən qurulmasına xidmət edir".
"Kəlbəcərin elə kəndi var ki, 15 ailə yaşayır"
Deputat Tahir Rzayev deyib ki, Kəlbəcərin 132 kəndi mövcuddur, o kəndlərdən eləsi var ki, 15 ailə yaşayır: "Bir çox rayonlarda belə kəndlər mövcuddur. Məsələn, Lerikdə 160-dan çox kənd var. Bu gün bütün deputatlara ucqar kəndlərdən məktublar gəlir və elə təəssürat yaranır ki, guya onlar inkişafdan kənar qalır. Amma sovet dövründə 3-4 yaxın adam birləşib gedib yaşayıblar və belə kəndlər yaranıb". Aqrar siyasət komitəsinin sədri qeyd edib ki, indiyə qədər 12 milyard manat vəsait azad edilmiş ərazilərin bərpasına xərclənib: “Yenə də büdcəmizdən bu istiqamətə vəsait ayrılır. O ərazilər bu gün bərpa olunur. Bu qanun layihələri bir daha göstərir ki, həmin ərazilərdə əhalinin kənarda yerləşdirilməsi həyata keçiriləcək. Bu da çox düzdür. Həm nəqliyyatın idarəetməsi baxımından da bu çox əlverişli olacaq”.