“Vaşinqton Post”un feyk postları - TƏHLİL

Amerika mediasının Azərbaycana savaş açmasında erməni izi var

  Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinə yaxın “Vaşinqton Post” və digər media orqanlarında Azərbaycana qarşı böhtan kampaniyası davam etdirilir. Əlbəttə, bu, ilk hal deyil. ABŞ-nin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentinin qeyri-rəsmi ruporu kimi tanınan KİV-in mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi hamıya gün kimi aydındır. 


Birtərəfli, qərəzli və qeyri-dəqiq məqalələrin hər birində məsələnin yalnız bir tərəfinə “erməni iztirabları”na fokuslanması onların müəyyən dairələrin sifarişi əsasında hazırlandığını deməyə əsas verir. Təsadüfi deyil ki, bütün məqalələrdə Ermənistan rəsmilərinin tezislərində keçən bəlli sözlərdən istifadə edilir. “Vaşinqton Post” qəzeti iddia edir ki, guya, “Azərbaycanda jurnalistlər həbs edilir və bunun da səbəbi korrupsiya faktları haqda həqiqəti çatdırmalarıdır”. Şübhəsiz, məqaləyə diqqət yetirdikdə tam aydın olur ki, okeanın o tayında "müstəqil söz çarçısı" kimi çıxış edən nəşri Azərbaycanda baş verən hansısa proses qətiyyən narahat etmir. Əgər elə olsaydı, "Vaşinqton Post" absurd iddialarını birtərəfli mənbələrə istinadən yaymaz, Azərbaycan məhkəmələrinin qərarlarına istinad edər, ən azı jurnalistikanın ana prinsiplərinə hörmət qoyardı. Təkcə bu amil göstərir ki, nəşrin niyyəti obyektivlikdən çox uzaqdır və məqsəd Azərbaycan hökumətinə qara yaxmaqdır. Digər məqam odur ki, ABŞ mediası indiki məqamda Azərbaycana "savaş açmaqla", əslində, son günlər ölkədə ifşa olunan agentura şəbəkəsinin arxasında olduğunu da sübuta yetirir. Görünür, müxtəlif ölkələrdə ictimai-siyasi qarışıqlıq, qeyri-sabitlik yaratmaq məqsədilə qurulmuş USAİD-in kuratorluğu ilə yaradılan agentura şəbəkəsinin öz məqsədinə çatmadan rüsvayçı şəkildə ifşası Ağ Evdə ciddi narahatlığa səbəb olub. “Vaşinqton Post”un səhifələrinə çıxarılan anti-Azərbaycan ittihamları birmənalı olaraq erməni lobbisinin təsiri altında olan siyasi dairələrdən qaynaqlanır. Bu söylədiklərimiz qəzetin il ərzində Azərbaycanla bağlı yazılarını araşdıranda da ortaya çıxır. Yekunlaşmaq üzrə olan cari ildə sözügedən nəşrdə Azərbaycan əleyhinə 10-dan artıq məqalə dərc olunub. Materialların demək olar ki, hamısı birbaşa Ermənistanın maraqlarının müdafiəsi məqsədi güdüb. Maraqlı məqamlardan biri odur ki, qəzet barədə amerikalıların özlərinin də məşhur ifadələri mövcuddur. Məsələn, "Demokratların yalan maşını" və "Kəşfiyyatın kağız versiyası" kimi qəlibləşmiş şüarlar "Vaşinqton Post"un hansı mənsəbə qulluq etdiyinin bariz nümunəsidir. Qəzet informasiya siyasətini “dəqiqlik, obyektivlik” üzərində qurduğunu iddia etsə də, fəaliyyəti boyunca bu prinsipləri ən çox pozan nəşr kimi də yadda qalıb.



  ABŞ-nin "qarın ağrısı" rəsmi Bakıya yaxşı məlumdur. Bakı-Vaşinqton xəttində gərginlik noyabrın 15-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirilməsi ilə başlanıb. Dinləmələrə “Dağlıq Qarabağın gələcəyi” adının verilməsi Vaşinqtonun Azərbaycanın suverenliyinə qarşı ən böyük hörmətsizliyi idi. Çünki Azərbaycan Qarabağda suverenliyini təmin edib və respublika ərazisində “Dağlıq Qarabağ” adlı heç bir ərazi vahidi yoxdur. “Dağlıq Qarabağın gələcəyi” demək separatizmə dəstək verməkdir ki, rəsmi Vaşinqton da aşıq şəkildə bu siyasəti yürüdür. Xatırlatmaq yerinə düşər ki, dinləmələrdə iştirak edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bəyan etdi ki, Vaşinqtonun Azərbaycanla münasibəti 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək. Məhz bu bəyanatın özü Qarabağda separatizmə öldürücü zərbə vurulmasının Ağ Evdən gələn qarşılığı idi. Həm də Vaşinqtonun bu siyasəti Ermənistanın maraqlarının açıq şəkildə dəstəklənməsidir və aydındır ki, beynəlxalq müstəvidə aparılan anti-Azərbaycan kampaniyasının arxasında da bu amil dayanır. Qarabağdakı keçmiş separatçı rejimin ayaq üstdə qalmasında ABŞ-nin yardımları az rol oynamayıb. Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda ABŞ separatçılara hər il milyonlarla dollar yardım edib. Bundan əlavə, terrorçu rejimin başçıları hər il ABŞ-yə səfərlər edib, marafonlar keçirib, külli miqdarda vəsait toplayıb. Həmin tədbirlərin hamısı ABŞ hakimiyyətinin siyasi himayəsi ilə baş tutub. Heç kimə sirr deyil ki, ABŞ tərəfindən Gürcüstan və Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana münasibətdə olmayıb. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ, əslində, heç bir iş görməsə də, özünü "bitərəf" kimi göstərməyə, Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmək görüntüsü yaratmağa çalışıb. ABŞ Ermənistanın işğalçı mövqeyini dəstəkləməklə torpaqlarımızın 30 ilə yaxın müddət ərzində işğal altında qalmasına rəvac verib. Halbuki BMT-nin bir çox qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi öz əksini tapmışdı. Azərbaycan 44 günlük Vətən müharibəsində BMT-nin və digər beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi, tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. 
  ABŞ öz təzyiq rıçaqları ilə istəyinə çatıb, Bakını haqq yolundan yayındıra biləcəyini düşündü. Lakin Prezident İlham Əliyev həmişə olduğu kimi yenə milli maraqlarda sərgilədiyi prinsipial mövqeyindən geri çəkilmədi. Vaşinqtona qarşı adekvat addımlar atıldı, ABŞ-dən Azərbaycana yüksək səviyyəli səfərlər qadağan olundu. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, ABŞ-dən Azərbaycana yüksək səviyyəli səfərlərin mümkünlüyü yersizdir. Ötən günlərdə ABŞ Dövlət katibi A.Blinkenin Prezident İlham Əliyevə telefon zəngi və Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsi xahişi göstərdi ki, Vaşinqton Bakının mövqeyi qarşısında reallığı qəbul etməyə məcbur qalıb. Beləliklə, Azərbaycan lideri Vaşinqton və Bakı arasında bərabərlik işarəsini qoyudu və bunu qəbul etdirdi. Bu, bir daha təsdiq etdi ki, heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz. Azərbaycan milli maraqlarına əsaslanan qətiyyətli mövqeyindən geri çəkilməyəcək. Ən əsası isə ABŞ bundan sonra da regionla bağlı siyasətində bunu nəzərə almalı olacaq. Ağ Evdəkilər anlamalıdır ki, Vaşinqton tərəfindən başladılan gərginlikdə itirən tərəf ABŞ-nin özü olacaq. Birincisi, ABŞ-nin Cənubi Qafqazda mövqeləri zəifləyir ki, buna səbəb Vaşinqtonun balanslı mövqedən imtinasıdır. İkincisi, Azərbaycan ictimaiyyəti ABŞ-nin qərəzli mövqeyinin şahidi oldu. Üçüncüsü isə Vaşinqtonun bölgədə itirdiyi mövqelərini bərpa etməsi çətin olacaq, çünki yanlış siyasət ABŞ-nin bütövlükdə strateji planlarını zədələdi və bundan sonra bu ölkənin vasitəçilik niyyətləri şübhə ilə qarşılanacaq. 


  Qeyd edək ki, bu gün məhv olmaq təhlükəsi ilə üzləşən Ukraynaya görə də ABŞ günahkardır. Ukraynanın müharibəyə təhrik olunması, indi isə danışıqlara məcbur edilməsi Ağ Evin "hansı yuvanın quşu" olduğunu göstərir. Sirr deyil ki, dünyada baş verən əksər inqilablar və hakimiyyət çevrilişləri məzh ABŞ-nin layihələridir. 2000-ci illərin əvvəllərindən Şərqi Avropa və postsovet məkanında başlanan rəngli inqilablar dalğası, ərəb baharı və s. hərəkatlar birbaşa Vaşinqtondan həyata keçirilib. 

Vaşinqtonun ikili yanaşmasını İsrail-HƏMAS savaşında da görmək mümkündür. Bir yandan Qəzzaya humanitar yardım göndərmə çağırışı edən Ağ Ev İsrailin hərbi əməliyyatlarına tam dəstək verir və atəşkəsin əldə olunması istiqamətində səy göstərmir. 
  ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi, yəni USAID dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan, rəngli inqilablar ssenarilərini gerçəkləşdirən mexanizmidir. Amerika kəşfiyyatı "humanitar missiya" adı altında bölgəyə yerləşdirdiyi təşkilatlardan - USAID və digər qurumlardan öz məqsədləri üçün istifadə edir. USAID kənd təsərrüfatı, ticarət, səhiyyə, humanitar yardıma dəstək istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, Cənubi Qafqaz ölkələrində "media inkişafına" külli miqdarda vəsait, qrantlar ayırması, müxalif QHT-ni maliyyələşdirməsi əsas məqsədin nədən ibarət olduğunu aydın şəkildə ortaya qoyur. Amerika kəşfiyyatı davamlı olaraq ölkələrin daxili işlərinə qarışmaq və siyasi nizamı pozmaq cəhdləri göstərir. Bir müddət əvvəl Gürcüstanda baş verən hadisələr də bunun bariz nümunəsidir. İlk dəfə 20 il bundan əvvəl Gürcüstanda oxşar texnologiyadan istifadə edildi. Ötən əsrin 90-cı illərindən USAID Azərbaycanda da fəaliyyət göstərir. Bu dövrdə dəfələrlə eyni üsullar və taktikalara əl atılsa da, hüquq-mühafizə sistemi bu məkrli ssenarilərin qarşısını qətiyyətlə alıb. ABŞ və ona bağlı dairələr tarixi Zəfərdən və suverenliyin tam bərpasından sonra ölkəmizə qarşı da təzyiqləri çoxaldıb. Lakin unudublar ki, Azərbaycan Ermənistan deyil və heç zaman hansısa dövlətin ruporu olmayıb. Tarixi təcrübə göstərir ki, Azərbaycanda aranı qatmaq və süni yollarla daxili sabitliyi pozmaq cəhdləri məhvə məhkumdur. Bu cür cəhdlər Azərbaycan dövləti və xalqının sarsılmaz həmrəyliyinə nəinki mane olur, əksinə, bu həmrəyliyi və bağlılığı daha da artırır.