SON DƏQİQƏ: İsrail Qəzzada tunelləri dəniz suyu ilə doldurmaq istəyir

ABŞ mətbuatında yer alan iddialara görə, İsrail rəhbərliyi Qəzzada kəşf etdiyi tunelləri duzlu su ilə dolduracaq. Məlumatlara görə, dənizdən su çəkəcək nasoslar quraşdırılır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın Qəzzaya nəzarəti zamanı ərazini tunellərlə təchiz etdiyi məlumdur. Bu tunellərin İsrailin quru əməliyyatında HƏMAS-ın ən güclü silahı olacağı iddia edilirdi.

İsrail ordusu Qəzzanın şimalında ələ keçirdiyi ərazilərdə çoxlu tunel aşkarlayıb. Bu tunellərdən bəzilərinin HƏMAS tərəfindən tikildiyi şübhə doğursa da, Təl-Əviv tunellərin yararsız hala salınmasını istəyir.

ABŞ-da dərc olunan "Wall Street Journal" qəzetində yer alan iddialara görə, İsrail tunelləri Aralıq dənizindən çəkdiyi duzlu su ilə dolduracaq.

HƏMAS daha əvvəl girovların Qəzzada təhlükəsiz bölgələrdə tunellərdə saxlandığını bildirmişdi.

Qəzzada tunellərin bəziləri dənizdən kilometrlər uzaqdadır. Təl-Əviv administrasiyası Aralıq dənizi suyunu içəriyə daşımaq üçün qabaqcıl nasos sistemləri quraşdırdı.

Xəbərə görə, ən azı beş nasosun quraşdırılması başa çatıb. Bildirilir ki, hər nasos saatda minlərlə kubmetr su ötürmək gücünə malikdir.

İsrail ordusu nasoslarla bağlı suala birbaşa cavab verməkdən imtina edib. Ordunun verdiyi açıqlamada bu ifadələr yer alıb: İsrail müdafiə qüvvələri HƏMAS-ın terror potensialını məhv etmək üçün müxtəlif üsullardan, o cümlədən müxtəlif hərbi və texnoloji vasitələrdən istifadə edir.

Xəbərə görə, Netanyahu bu planı ötən ay ABŞ prezidenti Co Baydenə açıqlasa da, yekun qərar hələ verilməyib.