Birbaşa təmaslar sülhə aparır
Sankt-Peterburq görüşünün ikinci “lift diplomatiyasına” çevriləcəyi proseslərin inkişafında bilinəcək
Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Medianın məlumatına görə, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Baş nazir Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər: “MDB-nin qeyri-rəsmi sammiti zamanı Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında qeyri-rəsmi təmaslar olub. Ermənistan və Azərbaycan arasında sülh gündəliyi ilə bağlı məsələlər müzakirə edilib. İkitərəfli formatda müzakirələr aparılıb". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Rusiyanın "Birinci" kanalına bildirib ki, Bakı və İrəvan sülh müqaviləsini yekunlaşdırmağa hazırdır: "Onlar müharibə edən tərəflər deyil, onlar vahid sənəd əldə etməyə, sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bildirirlər. Burada heç bir risk yoxdur".
Erməni analitik Ruben Marqaryan da Paşinyanın iştirak etdiyi MBD sammitini şərh edib: “Əliyevi zəfər qazanmış adam kimi mehribanlıqla qarşıladılar. Paşinyanın özü Əliyevi kifayət qədər səmimi qarşılayıbsa, MDB ölkələrinin digər liderləri Əliyevi niyə səmimi salamlamasınlar ki?! Hamı buna diqqət yetirsə də, heç kim təəccüblənmədi. Əgər yaxın vaxtlara qədər onları bir-birindən ayıran problem, yəni “Artsax” artıq mövcud deyilsə, niyə Azərbaycan və Ermənistan liderləri əl sıxmasın? Peskovun da dediyi kimi, Əliyev və Paşinyan müharibə edən tərəf deyillər, onlar sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan ediblər. Paşinyanın mətbuat katibi Baqdasaryan da təsdiqləyib ki, Paşinyan və Əliyev sülh müqaviləsi məsələsini tədbirdə vasitəçisiz müzakirə ediblər. İlk baxışdan qəribə görünür. Axı Əliyevlə Paşinyan arasında əvvəlki razılaşma, yəni üçtərəfli bəyanat Rusiya tərəfinin birbaşa iştirakı ilə bağlanıb. İndi Moskva sülh müqaviləsi üzərində işdə kömək edəcəyini vəd etsə də, prosesdən bir qədər uzaqlaşır. Görünür, bu, erməni tərəfi üçün pis əlamətdir. Ehtimal etmək olar ki, İrəvanla Bakı arasında artıq razılaşdırılmış sülh müqaviləsinin mətni erməni tərəfi üçün o qədər pisdir ki, Moskva yenidən Rusiyaya “xəyanətdə” ittiham olunmamaq üçün özünü vasitəçi elan etmək niyyətində deyil. Moskva başa düşür ki, İrəvanla Bakı arasında hazırlanan sülh müqaviləsi Azərbaycanın “son təcavüzündən” sonra ortaya çıxan reallıqların İrəvanın qəbul etməsindən başqa bir şey olmayacaq”.
Sankt-Peterburq sammiti ilə bağlı rusiyalı siyasi şərhçi Aleksandr Razuvayev maraqlı açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, Putin öz milli maraqlarını qoruyan güclü suveren dövlətlərlə işləməyin çox rahat olduğunu, onlarla razılığa gəlməyin mümkünlüyünü dəfələrlə qeyd edib: “Postsovet məkanında bu ölkə Azərbaycandır. MDB məkanında qeyri-suveren oyunçuya misal olaraq isə Ermənistanı göstərmək olar. Onun Qərblə yaxınlaşma istiqamətində indi atdığı addımlar təkcə özünə deyil, eyni zamanda MDB “orqanizmində” mövcud sabitliyə mənfi təsir göstərəcək. Bu mənada Ermənistan birlikdə sabitliyin pozulmasının aparıcı qüvvəsidir. Bölgədə kənar oyunçuların maraqlarını təşviq edən belə bir tərəfdaşla işləmək olduqca çətindir. Azərbaycanı MDB dövlətləri arasında vasitəçi də adlandırmaq olar. Axı Bakı MDB-nin daxili strukturunda regional çoxluğu təşkil edən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir. Rusiya-Azərbaycan münasibətləri isə həmin strukturu daha da gücləndirən alətdir”.
İRNA agentliyi də bildirib ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 26-da Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Qafqaz regionunda baş verən hazırkı hadisələrə toxunaraq Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əldə edilməsi üçün aparılan danışıqlar prosesini alqışlayıb, İranın regionda sülh və sabitliyin yaranmasına dəstəyini vurğulayıb. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da "Guardian"a müsahibəsində deyib ki, yekun sülh müqaviləsinə çox da uzaq olmadığımız müzakirələrin bu vacib mərhələsində nəticəyə yönəlmiş addımlar atmağa ehtiyacımız olduğunu anlamaq vacibdir: “Mən bilirəm ki, otuz il davam edən və önəmli bir nəticə əldə edilməyən müzakirələrdən sonra hər iki tərəfdə müəyyən yorğunluq və məyusluq var ki, biz nə vaxta qədər heç bir məntiqli nəticə əldə etmədən bir-birimizlə görüşməyə davam edəcəyik”. Elçin Əmirbəyov Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsindəki beş prinsipə toxunaraq, “hər iki ölkənin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarının rədd edilməsi, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT-nin Nizamnaməsinə zidd olan hər hansı aktların rədd edilməsi və iki ölkənin sərhədlərinin delimitasiyası məsələsini” əhatə etdiyini qeyd edib. Qeyd edək ki, Azərbaycanın Qarabağda antiterror əməliyyatından sonra oktyabrın 26-da Tbilisidə Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub. Daha sonra Azərbaycan regiondan kənar qüvvələrin iştirakı olmadan danışıqların davam etdirlməsini təklif edib. Beləliklə, Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının noyabrın 30-da iki ölkənin dövlət sərhədində beşinci görüşü keçirilib. Hazırda iki ölkə sülh müqaviləsi üzərində işi davam etdirməklə bir-biri ilə təkliflərini bölüşür.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi görüşündə ən mühüm məqamlardan biri Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu. Ekspertin fikrincə, sülh gündəliyinin müzakirə edildiyi görüş qeyri-rəsmi formada baş tutsa da, burada iki məqam diqqət çəkir:
"Birincisi, İlham Əliyevlə Paşinyan Qarabağdan erməni separatizminin ləğvindən sonra ilk dəfə birbaşa təmas qurdu. İkincisi, Qərb görüş təşkil etmək üçün çox israr etsə də, bu, Rusiyada baş tutdu. Ən mühüm detal isə dövlət başçısı İlham Əliyevlə Paşinyanın ikitərəfli formatda müzakirə aparmasıdır. Halbuki vasitəçilik üzərində Rusiya-Qərb qarşıdurması fonunda Putinin üçtərəfli formata çalışacağı gözləntisi var idi. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan da görüşün Rusiyada baş tutmasıdır. Və belə demək mümkünsə, Rusiya bu görüşlə bölgədə əsas oyunçu olduğunu ən azı vizual olaraq nümayiş etdirdi. Bütün bunlarla yanaşı, Əliyevlə Paşinyanın Sankt-Peterburq təmaslarında yadda qalan iki məqam da var. Tərəflər söhbəti ayaqüstə aparıb və MDB iclasını birlikdə tərk ediblər. Bu texniki detallar ermənilər üçün kabus olan “lift diplomatiyası”nı xatırladır".
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdə liderlərin Sankt-Peterburqda ikitərəfli şəkildə apardığı müzakirələr üçüncü tərəflərin prosesə müdaxiləsi olmadan sülh sazişinin imzalanmasına töhfə verə bilər: "Hər iki liderin iclasdan birlikdə çıxması detalını da əslində ikitərəfli təmas mühitinin formalaşması kimi qəbul etmək mümkündür. Lakin həlledici amil Nikol Paşinyanın sülh gündəliyinə nə qədər sadiq qalacağıdır. “Lift diplomatiyası” adlandırılan Düşənbədə baş nazir verdiyi sözə əməl etməmişdi. Bu baxımdan, Sankt-Peterburq görüşünün ikinci “lift diplomatiyasına” çevriləcəyi, yoxsa sülhə töhfə verəcəyi proseslərin inkişafında bilinəcək".