"Yazıçı Yusif Vəzir Çəmənzəminlinin Rusiyanın Nijni-Novqorod şəhəri yaxınlığındakı həbs düşərgəsinin qəbiristanlığında basdırılmış nəşini doğulduğu Şuşaya gətirib dəfn etmək ölkə həyatında əsl tarixi hadisə olar". Bunu tanınmış yazıçı-publisist Vahid Qazı feysbukda yazıb. Yazar bildirib ki, bu təklifi irəli sürənlər, dəstəkləyənlər sağ olsunlar: "Fikrimcə, Yazıçılar Birliyi, başqa yaradıcı təşkilatlar, şəxslər bu ideyanın həyata keçirilməsinə nail oluncayadək gündəmdə saxlamaqla böyük missiya həyata keçirmiş olarlar. Yusif Vəzirin “Studentlər” romanında Şuşa belə təsvir olunub: “Əvvəla, realni məktəb erməni məhəlləsində idi. İkinci, bütün hökumət müəssisələri də orada idi. Erməni məhəlləsi şəhərin abad bir yeri idi. Türk hissəsi qaranlıq və xərabə bir halda idi. Odur ki, biz hər gün erməni hissəsinə gəzməyə gedərdik. Yayda hər axşam bulvarda olardıq”. Çəmənzəminlinin Şuşada dəfn edilməsi faciəli həyat hekayəsini işıqlı sonluqla bitirmək qədər müqəddəs iş olar. Böyük ədib bu dəfəki qayıdışında Rusiyanın, Ermənistanın işğalından azad olunmuş şəhərinə dönər. Dönər və görər ki, daha bu şəhərin hər yanı “türk hissəsidir”, azaddır və abadlaşır. Heç Qarabağ da daha “İki od arasında” deyil!".
Məlumat üçün bildirək ki, ötən gün Milli Məclisdə çıxış edən millət vəkili Fazil Mustafa Yusif Vəzir Çəmənzəminlinin nəşinin Azərbaycana gətirilməsini təklif edib. Y.V.Çəmənzəminlinin varisləri də bunun reallaşmasını arzuladıqlarını bildiriblər.