Amma Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmə təşəbbüsləri ortadadır
“Kənar güclərin təhrikləri ilə Ermənistan tərəfindən hansısa təxribat törədilə bilər”
"Ermənistan təmsilçiləri "Azərbaycan hərbi əməliyyatlara, hücuma hazırlaşır" tipli uydurma xəbərlər tirajlayırlar". Bu barədə Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Partiya rəhbəri bəyan edib ki, son günlər ABŞ və Qərb təşkilatları tərəfindən də bənzər informasiyalar yayılır və iddia edirlər ki, guya, Azərbaycan növbəti müharibəyə start verəcək: "Azərbaycan Ordusunun Qərbi Ermənistan istiqamətində hücuma keçəcəyi ilə bağlı iddialar səsləndirirlər. Bununla yanaşı, erməni tərəfinin də Cermux istiqamətində təxribata hazırlıq gördüyü, sözügedən bölgəyə canlı qüvvə cəmlədiyi barədə xəbərlər yayılır. Erməni təxribatı ilə bağlı informasiyalar öncəsi bu tipli xəbərlərin tirajlanması təsadüfi deyil. Guya, erməni tərəfi buna cavab olaraq qabaqlayıcı tədbirlər görür. Avropa İttifaqının "mülki missiyası"nın bölgəyə yerləşdirilməsi də bu məqsədə xidmət edir. Öz aləmlərində "Azərbaycandan gələcək təhlükə"nin qarşısını almağa çalışırlar. Son dönəmdə missiyanın tərkibini xeyli artırıblar, həm də hərbiləşdiriblər. Fransalı general iki gün öncə şərti sərhədlərə gələrək "situasiyanı qiymətləndirib". Maraqlıdır ki, son günlər bəzi beynəlxalq mərkəzlər də hərbi əməliyyatların başlaya biləcəyi ilə bağlı proqnozlar verirlər. Ehtimallardan biri də Ermənistanın Cermux istiqamətində təxribata hazırlaşması ilə bağlıdır. Təbii ki, Ermənistan Azərbaycana qarşı müharibə etmək gücündə deyil. Bakı da müharibəni istəmir. Amma Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmə təşəbbüsləri ortadadır".
Analitik hesab edir ki, hələlik ön planda Fransadır, lakin başqa güclər də dövriyyəyə girə bilər: "Kənar güclərin təhrikləri ilə Ermənistan tərəfindən hansısa təxribat törədilə bilər. Ermənistan başa düşür ki, güclü Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Əgər təxribat baş verərsə, erməni tərəfi bunun ardınca Fransa kimi ölkələrə müraciət edəcək və fransız hərbi qüvvələrin Ermənistana yerləşdirilməsinə nail olmağa səy göstərəcəklər. Ssenarilər bu cür ola bilər. Ancaq istənilən halda belə addımların həm Ermənistan, həm də Qərb üçün ciddi fəsadları olacaq".