Xocalı rayonunun Əsgəran qəsəbəsində qala divarlarının yaxınlığında kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir. İnsan skeletlərinin qalıqlarının üzə çıxmasından dərhal sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə əraziyə xarici media nümayəndələrinin iştirakı ilə mediatur təşkil edilib. Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Xocalı rayonunun Fərrux kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları aşkarlanıb. Onu da deyək ki, Azərbaycanın ötən il Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçirilən, 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Beqlaryan Rəşid Aramayisi dindirilərkən 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını və hadisələr zamanı 8 nəfər azərbaycanlının qətlə yetirildiyini, orada özünün də iştirakçı olduğunu etiraf edib. O, qətlə yetirilən günahsız insanların Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını deyib. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva da Əsgəranda kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib. O bildirib ki, Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, deportasiya, terror siyasəti nəticəsində minlərlə soydaşımız məhz etnik və dini nifrət zəmində qətlə yetirilib, əsir və itkin düşüb, girov götürülüb: "Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib. Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkar edilməsi faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir. Dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməyib, çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verməli, cinayətlərin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdır".
Millət vəkili Elman Məmmədov "Sherg.az"a deyib ki, bu cür kütləvi məzarlıqların sayı çox olacaq. Deputat vurğulayıb ki, Xocalı sakinləri, o cümlədən özü qətliamların harada baş verdiyini, günahsız insanların necə vəhşiliklə qətlə yetirildiklərini bilirlər:
"Soyqırımı törədən cinayətkarlar da harada neçə insanı öldürdüklərini, basdırdıqlarını yaxşı bilirlər. Xocalı soyqırımı zamanı 150 insanımızın taleyi haqqında bugünədək heç bir məlumat yoxdur. Taleyi haqqında məlumat olanların da hamısının nəşini gətirib dəfn edə bilməmişik. Xocalıda qətlə yetirilən insanların cəsədlərinin, daha doğrusu, sümüklərinin qalıqları tədricən aşkara çıxacaq. İndiyə kimi bir çox yerdə kütləvi məzarlıqlar aşkarlanır. Bu hələ davam edəcək. Onu da qeyd edim ki, Əsgəran qalasının ətrafındakı məzarlığın aşkarlanması prezident seçkisi ilə eyni vaxta təsadüf etdi. Bizim üçün bu, çox lazımlı məqam idi. Seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan əcnəbi jurnalistlərin, beynəlxalq təşkilatların nümayəndələrinin böyük bir qrupu məzarlıq aşkar olunan bölgəyə aparıldı. Hamısı o vəhşiliyi öz gözləri ilə gördülər. Ümid edirik, ədalətli mövqe tutacaqlar və erməni vandalizminin əyani sübutu haqqında məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar".