Yeniyetmə və gənclər narkotestdən keçirilməlidir

Hərəkətə keçməliyik

Narko-şəbəkə kodlaşdırılmış çağırışlar vasitəsilə mesajlar yayır, şifrəli məlumatlar ötürür

“Yazmaqla, danışmaqla bunun qarşısını almaq mümkün olmayacaq. Çünki bunun qarşısı alınmasa, mənəvi-psixoloji məhvə gətirib çıxaracaq”

  Yazıçı, jurnalist Ömər Xəyyam yayılmış təhlükəli tendensiya haqda sosial şəbəkə üzərindən paylaşım edib: “Xırdalanda, Yasamalda, Biləcəridə, Yeni Günəşlidə, Qaraçuxurda, - indi xatırlamadığım bir çox divarlarda, fasadlarda bu cür qeydlər görmüşəm: “SK.MEF”, “24ks.cc”. Yəqin ki, siz də görmüsünüz. Əvvəl elə bilirdim, bu qeydlər qəzalı, yaxud plana düşmüş binalara dövlət qurumları tərəfindən yazılır, xüsusi nişandır. Fəqət gecə təsadüfən “24ks.cc” yazıb “quqlladım”. Budur, “sintetik ölüm” cəngəlliyi! Bəs demə, “MEF” “SK” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”ymiş. “24ks.cc” isə narkoşəbəkənin saytıdır, teleqram botuna bağlıdır. Bu ənənə bizə Belarusdan, Rusiyadan gəlib. Narkoşəbəkə divarlara "şüar"lar yazanlara ya havayı narkotik vasitə verir, ya da maaş. Bir az da araşdırdım, məlum oldu ki, Bakıda binaların fasadına, məktəb divarlarına narkotik satışını təbliğ edən şüarlar yazan 3 nəfər həbs edilib. Məlum olub ki, naməlum şəxslər “SK.MEF”, “QİKS CC” kimi narkotiki təbliğ edən şüarlar yazmaqla ərazidə narkotik vasitələrin, psixotrop maddələrin satışı, təbliği ilə məşğul imiş. Əfsus, bu məsələdən çoxu xəbərdar deyil, çoxu hadisənin mahiyyətini ötürüb, xəbər üç ənənəvi narkokuryerin həbsi kimi oxunub. Fəqət bu, ayrı mərhələdir. Diqqətli olmalıyıq. Bu tip qraffiti nümunələri bir növ, neyro-linqvistik proqramlaşma metodudur. Mahiyyəti ağırlığında, təfəkkürü boyda telefon işlədən, sevgiyə, qayğıya möhtac, sözün hər iki mənasında dəfələrlə sındırılmış, dəfələrlə təhqir edilmiş travmalı gəncdən ötrü, əlbət, belənçi “işarələr” xoşbəxtliyin elçisidir. Özümüzü, uşaqlarımızı, məhəlləmizi, şəhərimizi, ölkəmizi, gələcəyi qorumalıyıq”.
  Ö.Xəyyam paylaşıma əlavə etdiyi fotonu Yeni Günəşlidə, 275 saylı orta məktəbin yaxınlığında çəkdiyini qeyd edib.
Sosioloq Elçin Bayramlı “Sherg.az"a açıqlamasında bildirdi ki, narko-şəbəkə kodlaşdırılmış çağırışlar vasitəsilə mesajlar yayır, şifrəli məlumatlar ötürür:
- Sosial şəbəkələrin, internetin inkişafı buna rəvac verir. Əhalinin 99 faizi internetdə, feysbukda, tiktokdadı. Hamı “internetləşib”, yeniyetmələr, gənclər də xüsusilə. Müxtəlif sosial şəbəkələrə üzv olurlar. Yazışırlar, “dostlaşırlar”. Narkotik ticarətçiləri, qlobal şəbəkə də bundan məharətlə yararlanır. Gəncləri narkotik maddələrə cəlb edirlər. Yeniyetmələr arasında narkomaniya tüğyan edir. Əvvəllər təbii bitkilər (marixuana) qəbul edirdilər. Son illərdə süni, kimyəvi maddələrdən hazırlanmış narkotik həblərdir. Bu da zombiləşdirmə sisteminin bir parçasıdır. Qlobal narko-şəbəkə bunu tətbiq edir. Narkotiklərin hazırlanmasını da öyrədirlər. Müxtəlif formalarda konfet, saqqız formasında hazırlanır, adını da qoyurlar “bioloji aktiv maddə”. Bunlar güclü asılılıq yaradan maddələrdir. Elə narkotiklər var, hətta bir dəfə istifadədən sonra asılılıq yaranır. Orqanizmi darmadağın edir.
  E.Bayramlı qeyd etdi ki, Daxili İşlər Nazirliyi narkomaniya ilə mübarizə istiqamətində iş aparır, lakin bu, yetərli deyil:
- Narko-şəbəkənin çökdürülməsində cəmiyyət də fəal iştirak etməlidir. Əks halda gənclər məhv olacaq. Cəmiyyət ayıq olmalıdır. Şübhəli davranışlar, şifrəli danışıqlar ifşa olunmalı, açar, kod sözlər araşdırılaraq açılmalıdır. Valideynlər də övladlarını maarifləndirməlidir, övladlarının hansı sosial şəbəkədə vaxt keçirdiyinə, kimlərlə mesajlaşdığına fikir verməlidirlər. Ümumilikdə cəmiyyət məlumatlandırılmalıdır. Mübarizəni birgə aparmaq lazımdır. Cəmiyyət və dövlət orqanları birlikdə hərəkət etməlidir. TV-lər bayağı şoular verməkdənsə, bu problemi işıqlandırsınlar. Psixoloqlar, sosioloqlar dəvət etsinlər, silsilə verilişlər təşkil etsinlər.
  E.Bayramlı bildirdi ki, ciddi tədbirlər görülməsə, genefondumuz məhv olacaq:
- Hesab edirəm ki, yeniyetmə və gənclər narkotestdən keçirilməlidir. Yazmaqla, danışmaqla bunun qarşısını almaq mümkün olmayacaq. Hərəkətə keçməliyik. Çünki bunun qarşısı alınmasa, mənəvi- psixoloji məhvə gətirib çıxaracaq. Birləşib mübarizə aparmaqdan başqa yolumuz yoxdur. Parlamentdə müzakirə edilməli, qanun qəbul edilməlidir. Hər kəs bacardığını etməlidir. Dolayı səbəblər aradan qaldırılmalıdır. Gənclər çox zaman sosial problemlərdən yaranan psixoloji gərginlik səbəbindən narkomaniyaya üz tuturlar. Ona görə də narkomaniyaya aparan şərait aradan qaldırılmalıdır. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili istiqamətində xüsusi proqramlar, layihələr işlənməlidir. Bu artıq milli, strateji məsələdir. Vaxt itirməməliyik.