Müasirlik avropalaşmaq, rusiyalaşmaq, yaxud çinləşmək deyil
Torpaqlarımızı işğaldan azad edərkən necə ortaq düşüncə, vahid bir ideologiya ətrafında birləşmişdiksə, bundan sonra da eyni mövqeni sərgiləməliyik. Hazırda dünyada ideologiyalararası mübarizə davam edir və bunun məqsədlərindən biri özlərini böyük hesab edən dövlətlərin kiçik dövlətlərin ideologiyalarını udmaq cəhdidir. Bunun üçün biz xaricdən gələn təhdidlərə qarşı milli ideologiyamız ətrafında birləşməliyik. Ortaq hədəflərə çatmaq üçün birlik nümayiş etdirmək çox vacibdir. Dövlət başçısı İlham Əliyev də andiçmə mərasimində çıxışında bu məsələyə toxundu. Ölkə rəhbəri ümumən vurğuladı ki, vahid ideologiya, milli kimlik və mənəviyyatımıza sahib çıxmaqla dövlətimizi, xalqımızı qoruya bilərik. Prezident diqqətə çatdırdı ki, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi, dünyada oynadığı rolu artır: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın". Dövlət başçısı deyib ki, burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır: "Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir". Prezident vurğulayıb ki, milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir: "Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz".
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında deyib ki, hər bir Azərbaycan vətəndaşı milli ruhda böyüməli, tərbiyə edilməlidir. Alim vurğulayıb ki, milli ruh milli ideologiya və varlığımız deməkdir:
"Milli dəyərlərə söykənmək, ilk növbədə azərbaycançılığı, türkçülüyü dərk etməkdən ona sahib çıxmaqdan, onu yaşatmaqdan gedir. Milli ideologiyamızın əsas mahiyyəti Azərbaycanın üçrəngli bayrağında öz əksini tapıb. Türklüyümüz, çağdaşlığımız və islamlığımız üçü birlikdə azərbaycançılığın mahiyyətini təşkil edir. Azərbaycan xalqının milli mənsubiyyəti, milli özünüdərki və mədəniyyəti türklüklə bağlıdır. Ona görə də gənclərimiz oğuznamələri, Dədə Qorqudu, Nizami Gəncəvini, Nəsimini, Füzulini, sonrakı dönəmdə Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavidi, Həsən bəy Zərdabini, S.C.Pişəvərini, M.Xiyabani və digər mütəffəkkirlərimizi oxumalıdır. Türk dövlətlərinin tarixi öyrənməlidir. Azərbaycan xalqı bütün dönəmlərdə çağdaş ruhda olub, ancaq çağdaş ruhda olmaq heç də Qərb dövlətlərinin mədəniyyətlərini təbliğ etmək anlamına gəlmir. Onları da bilməklə yanaşı, milli mədəniyyətimizi daim ayaqüstə tutmalıyıq".
F.Ələkbərli əlavə edib ki, müasirlik avropalaşmaq, rusiyalaşmaq, yaxud çinləşmək deyil: "Müasirlik milli dəyərləri dövrün çağırışlarına və çağdaş ruha uyğun təqdim və təbliğ etməkdir. Əlbəttə, Azərbaycan tolerant, multikultural dəyərlərə malik ölkədir. Ancaq bütün hallarda əsas evin içidir. Prezident İlham Əliyevin andiçmə mərasimində bu məqamları xüsusi qabartması olduqca önəmlidir. Biz Azərbaycan ailəsi dedikdə milli ruhun hakim olduğu ailələri nəzərdə tuturuq. Bir milləti ayaqda tutan əsas məqam milli mənsubluq, milli qayədir. Azərbaycan müasir, çağdaş dünyanın üzvü olmaqla yanaşı, həm də türk və islam dünyasının bir parçasıdır. Öz milli kimliyimizi, dəyərlərimizi hər sahədə, hər şəraitdə yaşatmalı, qorumalıyıq. Çünki dünyada var olmağın yolu bundan keçir".