“Əminik ki, dövlətimizin nüfuzu, qüdrəti hər keçən il daha da artacaq"
Prezident İlham Əliyev Azərbaycan xalqının yekdil səsini toplayaraq növbəti dəfə dövlət başçısı seçildikdən sonra and içərək öz vəzifə səlahiyyətlərinin icrasına başladı. Əlini Konstitusiyamızın və milli-mənəvi dəyərlərimizə uyğun olaraq Qurani-Şərifin üzərinə qoyaraq and içən dövlət başçısı növbəti tarixi və taleyüklü missiyanın icrasını öz üzərinə götürdü. Bununla da, ölkəmizdə yeni dövrün başlanğıcının əsası qoyuldu. Andiçmə mərasimindəki nitqində Prezident həm də qarşıdakı siyasətin əsas konturlarını səsləndirdi və növbəti illərdə ölkəmizi gözləyən məsələlərə, həlli vacib olan proseslərə diqqət çəkdi. Dövlət başçısı ilk olaraq rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən və 44 gün davam edən Vətən müharibəsinə toxundu, qəhrəmanlarımızın əziz xatirəsini yad etdi.
Müzəffər Ali Baş Komandan bir daha elan etdi ki, münaqişənin müharibəsiz həlli imkanı var idi. Azərbaycan dəfələrlə sülh yolu ilə Ermənistandan tarixi torpaqlarımızdan çıxmağı tələb etməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Əksinə, təxribatlara davam etdi. Eləcə də, bu ölkəyə dəstək verən xarici qüvvələr, münaqişənin həlli üçün mandat almış ölkələr sülhə dair heç bir addım atmadılar. Yalnız ölkəmiz tərəfindən həyata keçirilən sülhə məcburetmə tədbirləri nəticəsində Ermənistan ordusunun üzərində tarixi qələbə qazanıldı, düşmən döyüş meydanından qaçmağa məcbur oldu və sonda kapitulyasiya aktına imza atdı.
Milli Məclisin sədr müavini Adil Əliyev bildirib ki, Ermənistan imza atdığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri icra etmədi. Əksinə, mütəmadi təxribatlar törətməklə antiterror əməliyyatlarını qacılmaz etdi. Nəticədə Azərbaycan Ordusu yüksək peşəkarlıqla 23 saat ərzində separatçıları təslim olmağa məcbur etdi və bununla da, ölkəmizin suverenliyi bərqərar olundu. Vitse-spikerin sözlərinə görə, Prezidentin seçkidə Xankəndi şəhərində səs verməsi isə dünyaya vahid və anlamlı mesaj idi: "Ölkə başçısının məhz vaxtilə xalqımıza qarşı amansız işgəncələrin, repressiyaların, soyqırımın hazırlandığı Xankəndi şəhərində səs verməsi bütün tarixi torpaqlarımız kimi bu şəhərin də düşmən işğalından həmişəlik azad olunmasının dünyaya nümayişi idi. Prezidentin təbirincə desək, “Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Dövlət başçısının çıxışında xüsusilə vurğuladığı bir neçə məqam var idi. Ölkə rəhbəri şəhid ailələri və qazilərin qayğılarına diqqət çəkərək, bu vaxta qədər 14 min 800 şəhid ailəsinin və qazinin evlə təmin olunduğunu qeyd etdi. Habelə, bu il və gələn ildə bu proseslərin davam edəcəyini bildirdi. Ordumuzun peşəkarlığına toxunan dövlət başçısı Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsindəkindən daha güclü olmasına diqqət çəkdi. Rəsmi Bakının istənilən vəziyyətə hazır olduğunu diqqətə çatdırdı. Eləcə də, Ordumuzun silah arsenalının zənginləşdirilməsinə, hərbi qulluqçuların peşəkarlığının artırılmasına vurğu etdi. Dövlət başçısı xüsusi təyinatlı birliklərin sayının artırılmasının, bu prosesin uğurla və sürətlə davam etməsinin önəmini vurğuladı".
A.Əliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tranzit sahəsinin inkişafı ilə bağlı məsələlərə toxunaraq ölkəmizin Şimaldan-Cənuba, Şərqdən-Qərbə daşımaların əsas ünvanına çevrilməsinin, məhz nəqliyyat infrastrukturunun bizim üçün nə qədər vacib olduğunu söylədi: "Bu gün Azərbaycan beynəlxalq arenada söz sahibi olan dövlətlərdən biridir. COP-29 kimi mühüm tədbirin keçirilməsinin ölkəmizə həvalə olunması sözügedən fikrin sübutudur. Eləcə də, ölkəmizin Qoşulmama Hərəkatı kimi dünyanın ən böyük ikinci təşkilatına rəhbərlik etməsi və Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanın Hərəkatın fəaliyyətinə verdiyi ən mühüm töhfələrdən biridir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin genişlənməsi, münasibətlərin daha da dərinləşməsi istiqamətində qarşılıqlı atılan addımlar məhz dövlətlərimizin qüdrətlənməsinə xidmət edir. Bu dövlətlərlə münasibətlər bizim üçün prioritet önəm daşıyır. Dövlət başçısının təbirincə desək,“Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də münasibətlərini müsəlman ölkələri ilə dostluğa, qardaşlığa əsaslanaraq qurub. Rəsmi Bakıya hər zaman bu təşkilatlar tərəfindən diqqətlə yanaşılır, münasibətlərin inkişafına xüsusi önəm verilir. Dövlətimiz güclüdür, qüdrətlidir, xalq-dövlət birliyi tarixin ən yüksək səviyyəsindədir. Xalqımız Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında birləşib, bütün maneələrin qarşısını almağa hazırıq və tariximizin ən qüdrətli dövrünə şahidlik edirik. Qarşıdakı illərdə ölkəmiz üçün vacib olan əsas konturlar müəyyənləşib və əminik ki, dövlətimizin nüfuzu, qüdrəti hər keçən il daha da artacaq".