Məlum olduğu kimi dövlət başçısı İlham Əliyev hazırda Münhendə səfərdədir. Münhen Təhlükəsizlik Konfransının açılışından öncə dövlət başçısı qarşı tərəfin bir sıra müraciətləri əsasında görüşlər keçirib. Qarşı tərəfin müraciətinə əsasən Prezidentlə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq arasında görüş olub.
Tərəflər arasında bir sıra öməmli məsələlər müzakirə olunub. Eyni zamanda qarşı tərəfin xahişi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, "Leonardo" şirkətinin baş həmdirektoru, ABŞ rəsmiləri və digər siyasilərlə də Prezident arasında görüşlər olub. Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırdı. Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirərək, ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd etdi. Dövlət başçısı bildirdi ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı. Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır. Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olundu.
Münhendə qalib liderimizə olan xüsusi diqqət, görüşlərin xahişlərə əsasən baş tutması göz önündədir. Avropa növbəti dəfə Azərbaycan dövlətinin və qalib lider İlham Əliyevin qlobal nüfuzunun şahidi olmaqdadır.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan Prezident İlham Əliyev bir sıra dövlət rəsmiləri, o cümlədən ATƏT və digər təşkilatların, qlobal şirkətlərin nümayəndələri ilə görüş keçirib.
Deputat vurğulayıb ki, görüş istəklərinin məhz qarşı tərəflərdən gəlməsi xüsusi diqqət çəkir:
"Prezident İlham Əliyev Münhendə İsrail prezidenti və Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşlər keçirdi. Bugün də dövlət başçısı önəmli təmaslarda olacaq. Bütün bunlar ilk növbədə onu göstərir ki, Azərbaycan daim diqqət mərkəzində olan və həyata keçirdiyi daxili-xarici siyasətin daim diqqət mərkəzində olduğu bir dövlətdir. Ölkəmiz Avropada müxtəlif dövlətlər və şirkətlər tərəfindən maraq cəzb etməkdədir. Azərbaycanın dünyanın hər yerində önəmli tərəfdaşları və dəstəkçilər var. Azərbaycan rəhbərliyi qətiyyətli, iradəli və məqsədyönlü xarici siyasət yürüdür. Dövlətimizin inkişafını, irəliyə getməsini istəyən, bizimlə bərabərhüquqlu əməkdaşlıqda maraqlı olan dövlətlər və qurumlar var ki, bu da balanslaşdırılmış uğurlu Azərbaycan siyasətinin əsas göstəricisidir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan yeni dövrün tələblərinə uyğun olaraq yeni kriteriyalar əsasında xarici siyasət həyata keçirir:
"Əvvəllər əsas məsələ Qarabağın işğalı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması idisə, indi isə xarici siyasətimizlə bağlı tamam fərqli aspektlər, məqamlar gündəmdədir. Xüsusən xarici iqtisadi əlaqələrin gücləndirilməsi və beynəlxalq ictimaiyyəti narahat edən iqlim dəyişikliyi, ekologiya və digər məsələlər ətrafında Azərbaycanın dəstəyi, töhfələri, həmçinin regionda dayanıqlı sülhün əldə olunması perspektivləri müzakirə olunur. Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında iştirakı mühüm məqamlardan xəbər verir. Prezidentin ATƏT sədri ilə görüşdə diqqət çəkdiyi məqamlar da çox önəmlidir. Dövlət başçısı bir daha vurğuladı ki, əhəmiyyətsiz Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi fəaliyyətsiz strukturlar ləğv olunmalı, onlara ayrılan vəsait daha faydalı işlərə sərf olunmalıdır. Bunlar çox önəmli nüanslardır. Eyni zamanda Azərbaycana qarşı təzyiqlər edən, qarayaxma kampaniyası aparan bəzi ölkə və təşkilatlar da Münhendə gördüklərindən nəticə çıxartmalıdır. Azərbaycanı və Cənubi Qafqazı rəsmi Bakının yaratdığı yeni reallıqlarla qəbul etməlidirlər".