Tramp özünü Navalnı ilə müqayisə edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Navalnının “çox cəsarətli adam” olduğunu və Rusiyaya qayıtmamalı olduğunu bildirən Tramp rus müxalifət liderinin ölümü ilə bağlı heç bir ittiham irəli sürməyib.

"Yəqin ki, onun üçün geri qayıtmaqdansa, ölkədən kənarda qalmaq və danışmaq daha yaxşı olardı, çünki insanlar bunun baş verə biləcəyini düşünürdülər və belə də oldu. Və bu, dəhşətli bir şeydir", - Tramp Cənubi Karolinadakı Fox News-a müsahibəsində deyib. 

Həm 2017-2021-ci illərdə Ağ Evdə işlədiyi dövrdə, həm də ondan sonra Putinə heyran olduğunu bildirən Tramp özünü Navalnı ilə müqayisə edib və hər ikisinin “siyasi motivli təqiblərlə” üzləşdiyini deyib.

Tramp, "Bizim ölkədə də bu baş verir. Biz bir çox cəhətdən kommunist ölkəyə çevrilirik. Baxırsınızsa, əsas namizəd mənəm. Məni ittiham edirlər".