Ermənistan Avropa platformalarının geosiyasi ambisiyalarının alətinə çevrilib
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilib. Parlament üzvləri iclasın gündəliyinə salınmış 11 məsələni müzakirə ediblər. Əvvəlcə deputatlar gündəmdəki cari məsələlərlə bağlı çıxışlar edərək, öz mövqelərini səsləndiriblər. Millət vəkili Musa Qasımlı deyib ki, bu gün Xocalı qurbanlarının ruhu artıq şaddır. Çünki Xankəndidə bayrağımızın dalğalanması ilə yeni dövrün təməli qoyuldu. O, çıxışında həmçinin Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmasını təklif edib: "Bu il soyqırımı qurbanlarının xatirəsini fərqli bir şəraitdə anırıq. Xankəndidə bayrağımızın dalğalanması, ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin bərqərar edilməsi, millətimizin həyatında yeni bir mərhələnin başlanması ilə Xocalı soyqırımı qurbanlarının ruhu da şaddır. Xocalı soyqırımı qurbanlarını ehtiramla anmaq həm keçmişimizi unutmamaq, Ermənistanın simasını göstərmək, həm də buna bənzər hadisələrin təkrarlanmaması baxımından gələcək nəsillərə və dünyaya bir çağırışdır. Bundan ötrü biz bir millət olaraq daim güclü olmalıyıq. Xocalı şəhərində soyqırımı qurbanlarına abidənin tikilməsi necə olardı?". Deputat eyni zamanda “Qarabağ” futbol klubunun qalib gəlməsinə də münasibət bildirib. Qeyd edib ki, bu qalibiyyət sadəcə idmanda əldə edilən qələbə deyil. Bu qələbə həm də regionu qarışdırmaq istəyənlərə yaşıl meydanda verilən cavabdır: "Bu, dövlətimizin yürütdüyü “yumşaq güc” siyasətinin bir parçası olan idman diplomatiyasının millətə ruh verən uğurlu hadisələrindən biri, regionu hələ də qarışdırmaq istəyənlərə yaşıl meydanda verilən cavabdır. Qeyd edim ki, Münhen bir sıra ölkələrin nümayəndə heyətlərinin başçılarının cənab Prezidentimizlə görüşməyə can atması bir tarixi xatırladır. 1923-cü ildə qəhrəman türk milləti istiqlal savaşında qalib gəldikdən sonra əvvəllər düşmənçilik edən bir sıra dövlətlərin rəhbərləri, rəsmi şəxsləri Qazi Mustafa Kamal Paşa ilə görüşmək, əlini sıxmaq istəyirdilər. Buna bənzər mənzərəni Münhendə cənab Prezidentimiz İlham Əliyevlə görüşlərdə və deyilən sözlərdə gördük. Millətimiz üçün qürurverici anlar idi”.
"Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir"
Deputat Bəhruz Məhərrəmov deyib ki, bəzən eyforiyaya düşüb kimlərinsə rolunun süni şəkildə qabardılmasına şahidlik edirik. Onun sözlərinə görə, hər kəs başa düşür, anlamayan da dərk etməlidir ki, yeni reallığın, bu gücün, zəfərlərin qarantı Heydər Əliyev kursudur: "Prezident seçkiləri öncəsi Fransa və onun marionetlərinin Azərbaycana münasibətdə artan əsassız təzyiq cəhdləri fonunda, Qərbin seçki nəticələrinə mənfi reaksiyalarına ümidli idi. Amma seçkidən cəmi iki gün sonra Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevin əlini sıxıb təbrik etmək üçün uzun bir növbə var idi. Azərbaycan Prezidenti Konfransda gün yarım ərzində qarşı tərəfin xahişi ilə 30-a yaxın dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və qlobal iqtisadiyyatda söz sahibi olan özəl sektor nümayəndələri ilə görüşdü. Bu, eyni zamanda Azərbaycanın antiterror tədbirlərinin ardınca yaratdığı yeni status-kvonun dünyanın təhlükəsizlik arxitekturasına qəbul etdirilməsi idi. 60-cı Münhen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb. Hər kəs şahid oldu ki, həmişə lokal reallıqlara köklənməyə məhkum olan Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir. Prezident İlham Əliyev daxili auditoriyaya səsləndiyi ritorikanı qlobal təhlükəsizlik konturlarının müəyyən olunduğu platformalarda qoruyur. Məsələn, dövlət başçımız “Ermənistanla münasibətlərin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum olmaması”na dair Milli Məclisin tribunasından ifadə etdiyi mövqeyini, rahatlıqla ATƏT sədri, yaxud ABŞ dövlət katibi ilə görüşdə də diktə edir. Azərbaycan xalqı da 7 fevral seçkilərində nümayiş etdirdi ki, reallıqları çox gözəl anlayır və milli iradənin tələbi o yöndədir ki, bu kurs hələ uzun on illiklər davam edəcək, Heydər Əliyev irsi İlham Əliyev və onun layiqli varisi tərəfindən hələ uzun dövr ərzində idarəetmə modelindən asılı olmayaraq Azərbaycanı inkişaf və tərəqqiyə aparacaq”.
"İlham Əliyev bu dəfə də ilk rəsmi səfərini Türkiyəyə etdi"
Deputat Vahid Əhmədov qeyd edib ki, Münhen konfransında Azərbaycan və Ermənistan arasındakı danışıqlardan kənarda qalan Fransa qərəzli mövqe tutmağa və regionu qarışdırmaq cəhdlərinə davam etdi: “Təsadüfi deyil ki, Münhen konfransının bitməsindən qısa müddət sonra Paşinyan Fransaya səfər etdi. Emmanuel Makron Nikol Paşinyanı qəbul edən zaman Azərbaycan əleyhinə bir sıra bəyanatlar verdi. Makron yenidən Fransanın Ermənistana dəstəyini ifadə edərək, qoşunların sərhəddən qarşılıqlı çəkilməsinə və Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şəraitin təmin edilməsi üçün addım atmalı olduğunu bildirdi. Bunun üçün ilk növbədə Ermənistan 1980-ci illərin sonlarında öz ata-baba torpaqlarından qovulmuş minlərlə azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir. Ermənistan isə bu məsələni Azərbaycanla müzakirə etmək istəməyərək ikili standart nümayiş etdirir. Ermənistanın qoşunların sərhəddən qarşılıqlı çəkilməsi ilə əlaqədar bəyanatı isə Rusiyanın maraqları ilə oxşarlıq təşkil edir. Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır. Ancaq heç bir dövlət unutmamalıdır ki, Azərbaycanın Türkiyə kimi güclü və qüdrətli müttəfiqi var. Dövlət başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsi bir daha “bir millət və bir ordu” olduğumuzu dünyaya bəyan edərək bölgədə bölücülük etmək istəyən qüvvələrə ciddi mesaj oldu”.
"O torpaqların tarixi sahibi olan azərbaycanlılar Zəngəzur yolunu açacaq"
Deputat Zahid Oruc Avropa İttifaqının Ermənistandakı səfiri Vasili Maraqosun fevralın 12-də verdiyi müsahibəyə toxunub: “Vasili Maraqos müsahibəsində deyir ki, Sünix Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhlükəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq. Ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır? Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları biznes şirkətləri və digər çətirlər altında Zəngəzur mahalında yerləşib. Lakin unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar: o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”.
“Bu fakt Fransanın gərginliyin qalmasında maraqlı olduğunu göstərir”
Deputat Elşad Mirbəşir deyib ki, Ermənistan Avropa platformalarının geosiyasi ambisiyalarının alətinə çevrilib və bu, bütövlükdə region üçün çox böyük təhlükə yaradır. O əlavə edib ki, ermənilər kobud səhvlərindən nəticə çıxarmırsə, bu, onları gələcəkdə cinayət məsuliyyətindən azad etməyəcək: “Ermənistanda “Miatsum” təşkilatının 36-cı ildönümünün keçirilməsi və orada Azərbaycanın sərt şəkildə ittiham olunması buna sübutdur. Eləcə də, Münhendə vasitəçilikdən kənarda qalan Fransa etnik ermənilərin Qarabağa qayıtmasının vacibliyini bəyan edib. Hesab olunur ki, Azərbaycanda olan ermənilərin hüquqları, təhlükəsizliyi beynəlxalq hüquqla tənzimlənməlidir. Bu fakt da Fransanın gərginliyin qalmasında maraqlı olduğunu göstərir. Azərbaycan Avropa və digər platformaların bu kimi qərəzli çıxışlarını həmin qurumların özünə qarşı istifadə etməlidir”. E.Mirbəşir rəsmi Parisin qərəzli siyasətinə diqqət çəkərək bildirib ki, Fransanın qərəzli davranışı özünə qarşı istifadə olunmalıdır: “Ermənistan Avropa platformalarının geosiyasi ambisiyalarının alətinə çevrilib. Bu, bütövlükdə region üçün çox böyük təhlükə yaradır”.
"Deputatdan "Qarabağ"a görə iş adamlarına müraciət"
Deputat Elşən Musayev bütün iş adamlarına müraciət edib: "Dünən biz şahid olduq ki, futbol necə böyük siyasətdir. Biz iş adamlarını sponsorluğa təşviş etməliyik. Xüsusən də, idmana sponsor olan iş adamlarına vergi məsələsinə ciddi diqqət edilə bilər. Təklif edirəm ki, futbola sponsorluq edən iş adamlarının vergi məsələsinə yenidən baxaq. Bu gün futbol kinodan da, başqa məsələlərdən daha effektiv siyasi üsuldur”.
"Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin"
Millət vəkili Fazil Mustafa təklif edib ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin: “Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi hallar müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qurban Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik”.