Cəriməni birdən-birə 40 manatdan 200 manata qaldırmaq tənbeh deyil
"İnzibati tənbehin məqsədləri ilə cəzanın tətbiqi anlayışları tamamilə fərqlidir". Bunu parlamentin iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, inzibati tənbehdə məqsəd tərbiyələndirmədir, cəzanın məqsədi isə cinayət törətmiş şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır: “345 manat minimum əməkhaqqı olan ölkədə cəriməni birdən-birə 40 manatdan 200 manata qaldırmaq haradan tənbeh olur?! Bunun harası şəxsi tərbiyələndirməkdir?! Məhrumiyyət yaratma yalnız cinayət əməlinə görə olmalıdır. Cərimələrin birdən-birə bu qədər qaldırılması doğru deyil. Əgər şəxs əməlindən peşman olmursa, eyni əməli il ərzində təkrarlayırsa, onun üçün cinayət məsuliyyəti müəyyənləşdirək, yoxsa cəriməni bu qədər qaldırmaq olmaz”.
Qeyd edək ki, dünən Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə cərimə ediləcək. Vəzifəli şəxslər 350 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.