Fransanın müstəmləkəçilik siyasətinə qarşı cəbhələr birləşir
Fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb. Tədbirin açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ötən dövrdə bu qurum tərəfindən altı beynəlxalq konfransın keçirildiyini bildirib. Vurğulanıb ki, bu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması idi.
Bakı Təşəbbüs Qrupu buna nail oldu və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini öyrəndi. Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbin çıxışında müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycan, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib. O deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Bəzi ölkələrdə müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində zaman-zaman hərəkatlar baş qaldırsa da, onların özünü idarə etmələri baxımından çox kiçik və uzaq olduqları düşünüldü. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər buralarda yaşayan insanlar üçün çox vacibdir. Panel müzakirələrindən sonra iştirakçılar adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır. Məktubda həmin adalarda Fransanın törətdiyi müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən maneə yaradılması, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin bunun fəsadlarından əziyyət çəkməsi, insanların məcburi emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də aparılması, orada müstəmləkəçi məhkəmə sistemlərinin tətbiqi və digər faktlar öz əksini tapıb. İştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış ediblər. Tədbirin sonunda Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq bu ölkəyə daşınmış 100 mindən artıq maddi və mədəni irs nümunəsinin geri qaytarılması üçün petisiyaya start verildiyi elan edilib. Bildirilib ki, bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək. Xatırladaq ki, konfransa dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumilikdə 50 nümayəndə iştirak edib. Onların böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizaşırı ərazilərindən– Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqından (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) gələn şəxslərdir. Qeyd edək ki, bu, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır. Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir, onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bildirir. Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək məqsədi daşıyan Bakı Təşəbbüs Qrupu ötən il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.
Korsika “Nazione” hərəkatının koordinasiya bürosunun üzvü Alan Antuan Simoni bildirib ki, “Nazione” hərəkatı Korsikada yaxın zamanlarda yaradılıb:
"Yaranmasından iki gün sonra mənim oğlum, hərəkatın fəallarından olan Anto Simoni Fransa polisi tərəfindən çox kobud şəkildə həbs edildi. Onun iki azyaşlı uşağı var və bu hadisə uşaqların gözləri qarşısında baş verib. Oğlum adi bir maliyyəçidir, o, maliyyə məsələləri üzrə ekspertdir və ətrafında, xüsusilə gənclər arasında çox böyük nüfuza sahibdir. Oğluma, eyni zamanda, hərəkat daxilində də ciddi hörmət göstərilir. Elə bu səbəbdən də o, Fransa rəsmiləri tərəfindən bir növ terror münasibəti ilə üzləşib". Oğlunun Fransa polisi tərəfindən saxlanılma anları haqqında danışan Simoni deyib ki, Fransa polisi oğlumun evinin qapısını partladaraq açıb: "Halbuki o özü qapını açmağa etiraz etməyib. Bunun ardından oğlumu yerə yatıran polis əməkdaşları onun qollarını qandallayaraq başına silah dayayıb və bütün bunlar beş yaşlı nəvəmin gözləri qarşısında baş verib. Uşaq ağlı ilə atasını azad etmək istəyən körpəyə cavab olaraq isə uşaq kənara atılıb və onun bütün oyuncaqları sındırılıb. Hadisə ilə bağlı Korsikada baş verə biləcək etirazlar nəzərə alınaraq oğlum dərhal Parisə aparılıb. Düzdür, bəzi etiraz aksiyaları da oldu. Hadisədən təxminən üç həftə sonra oğlum nəzarətdən buraxıldı. Lakin onun Korsikaya, ailəsinin yanına qayıtmasına qadağa qoyulub. Məntiqlə düşünsək həbsdən buraxılan bir insan haqqında hansısa ittihamın olmadığını və onun səbəbsiz yerə belə münasibətə məruz qaldığını anlamaq elə də çətin deyil. Bəli, dünyada bəlkə də milyonlarla insan bu cür hadisələrlə üzləşib, lakin özünü insan haqları ölkəsi bəyan edən Fransada bu cür münasibətin göstərilməsi sadəcə dəhşətverici hadisədir".
Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) fəalı Robert Kurto söyləyib ki, onların hərəkatı Yeni Kaledoniyanın fransız müstəmləkəçiliyindən azad olunması və müstəqilliyin əldə edilməsi uğrunda mübarizə aparır: "Bu gün mən ilk dəfədir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan tədbirdə iştirak edirəm. Buna görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkürümü ifadə etmək istəyirəm. Bu qrup sayəsində Yeni Kaledoniya öz problemini Sakit okean regionunda beynəlmiləlləşdirə bilib. Qrupun fəaliyyətinin bundan sonra daha uğurlu olacağına inanıram. Bakı Təşəbbüs Qrupu tərəfindən İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans vasitəsilə biz ölkəmizlə yanaşı, Fransa müstəmləkəçiliyinə məruz qalan bir çox başqa ərazilərin də olduğunu öyrəndik. Bizim bu ölkələrlə mübarizəmiz eynidir. Bu kontekstdə bizim üçün yaratdıqları bu platformaya görə həm Azərbaycana, həm də Bakı Təşəbbüs Qrupuna bir daha minnətdarlığımı ifadə edirəm”.
Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı Tunç Demirtaş ifadə edib ki, Türkiyə də, Azərbaycan da hər zaman müstəmləkəçiliyə qarşı çıxış edən iki dövlət olub:
"Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə altıncısı Türkiyədə keçirilən tədbir bu iki ölkənin müstəmləkəçiliyin hökm sürdüyü torpaqlarda da birlikdə hərəkət etdiyini göstərdi. Tədbirin məhz İstanbulda keçirilməsinin, əslində, Türkiyənin müstəmləkəçilik keçmişinin olmadığını göstərdiyini deyən Tunç Demirtaş bildirib: “Bu, eyni zamanda, fərqli coğrafiyalarda müstəmləkəçilik sistemlərinin tətbiq edildiyi bölgələrdə birgə hərəkətin göstəricisidir. Afrikadan başlayaraq Sakit okean regionu, yaxud Yeni Kaledoniyada həyata keçirilən müstəmləkəçilik siyasəti qarşısında Azərbaycanın və Türkiyənin birgə fəaliyyətinin davam edəcəyinə inanıram”.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Martinikdən olan iki fərqli milli müstəqillik üzrə hərəkat partiyasının rəhbərləri “Air France” aviaşirkəti tərəfindən təyyarəyə buraxılmayıb:
"Onlar bizim, “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransımızda iştirak etmək üçün İstanbula yola düşürdülər. Şirkətin nümayəndəsi onlara təyyarəyə minmələrinin bloklandığı ilə bağlı açıqlama verib. Lakin bununla bağlı heç bir hüquqi əsas və ya dəlil göstərilməyib". Bunun Fransa tərəfindən göstərilən ilk təzyiq olmadığını bildirən icraçı direktor deyib ki, bundan əvvəl də dəfələrlə bu kimi hallar müşahidə edilib: "Ötən il dekabrın 14-də Bakı Təşəbbüs Qrupunun İsveçrədə BMT-nin qərargahında keçirilən konfransına dəvət edilən QHT rəhbəri bir ingilis vətəndaşı da İsveçrənin hökumət nümayəndələri tərəfindən hava limanında saxlanılmışdı. Bu şəxsin Cenevrəyə daxil olmasına qadağa qoyuldu. O, eyni zamanda hüquqşünasdır. Davam edən uzun müzakirələrdən sonra təyyarəyə buraxılmamasının səbəbi açıq şəkildə ona izah edildi və bildirildi ki, bu, Fransa hökumətinin İsveçrə hökumətindən bir xahişidir. Bu təzyiqlər sonradan da davam etdi. Qeyd etdiyim kimi, daha iki fəalın İstanbuldakı tədbirimizə gəlişinin qarşısı alındı. Bundan sonra da bu kimi təzyiqlərin davam edəcəyini düşünürük. Lakin bu qərəzli mövqe Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə verdiyi töhfə və dəstəyi əsirgəməsinə zərrə qədər təsir etməyəcək”.