“İrəvan Fransanın Ermənistanı silahlandırmasını özü üçün yeganə xilas şansı kimi görməkdədir”
Ermənistan silahlı qüvvələri fevralın 23 və 24 tarixlərində ard-arda növbəti dəfə təxribata əl atdı və şərti sərhədlərdə atəşkəsi pozdu. Ordumuzun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri atıcı silahlardan atəşə tutuldu. Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yaydı. Halbuki təxribatın məhz erməni tərəfindən törədildiyini əks etdirən faktlar, sübutlar da təqdim olunmuşdu. Buna rəğmən, şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün Azərbaycan Ordusu qarşı tərəfin təxribatları ilə bağlı cavab tədbirləri görmədi.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Fransa prezidenti yenidən Azərbaycana qarşı bəyanatların həmmüəllifi olmaqda həvəsli davranışını nümayiş etdirdi. Bunun ardınca Baş nazir Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində ənənəvi və klassik erməni diplomatiyası ritorikasını təkrarladı, Azərbaycanın müharibəyə hazırlaşdığını bildirdi:
"Bundan sonra Fransanın müdafiə naziri Sebastian Lekornu Paşinyanın Paris səfərindən sonra tələsik İrəvana ayaq basdı. Onunla Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi əməkdaşlığa dair sənədlər paketi imzaladı. Məhz bunlardan sonra atəşkəs pozuldu. Fransa və Ermənistan Azərbaycanı provokasiyaya çəkir, lakin Bakı strateji təmkin göstərərək cavab üçün uyğun zaman gözləyir. Fransa Ermənistandan Azərbaycana və Türkiyəyə qarşı əməliyyatları həyata keçirə biləcək bir qərargah kimi istifadə etməyə çalışır. Paris və İrəvan Azərbaycan üzərindən Rusiyaya qarşı müqavimət oxu yaradıb. Rəsmi Bakını NATO ilə Moskva arasında rəqabət arasında sıxışdırmağa cəhd edir. Azərbaycan isə geosiyasi oriyentasiyada üstünlük təşkil edən strateji məramını saxlamaq üçün balanslaşdırma aktına daha böyük diqqət yetirir. Azərbaycan bunun yaxın və ya bir qədər uzaq gələcək üçün doktrinasını quracağı çəkindirmə aktları ilə mükəmməlləşdirə bilər. Azərbaycan çəkindirmə üzrə portfelini qüvvətləndirmək üçün Ermənistana qarşı alternativ əməliyyat hüququna müraciət etməyi seçə bilər. Ermənistan üzərindən yaradıla biləcək daha fərqli regional reallıq Fransanın da müqavimətini sındırmaq gücünə malikdir. Lakin Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı regionun təhlükəsizlik balansını dağıtmağa çalışan qüvvələrə qarşı hərəkətə çağırır".
Ekspert vurğulayıb ki, təhdid layları yerindən oynasa belə, Bakının özünü müdafiə edəcək gücü və potensialı mövcuddur: "Ermənistan isə müdafiə üçün praktiki boşluqlardadır. Nə hərbi resurslar, nə silah arsenalı İrəvana xoşbəxt qorunma bəxş edə bilir. Hərçənd İrəvan Fransanın Ermənistanı silahlandırmasını özü üçün yeganə xilas şansı kimi görməkdədir. Bununla belə, həmin silahların Azərbaycan əleyhinə geosiyasi gerçəklik yarada bilmək iqtidarı yoxdur. Çünki reallıq formalaşdırmaq üçün hərbi resurslar böyükölçülü potensiala malik olmalıdır.
Hər halda Azərbaycan bunu bilə-bilə yenə də səbir göstərirsə, bu həm də, Ermənistanı hərbi və siyasi elitada “təmizləmə əməliyyatları” aparmağa çağırışdır.
Boşuna deyil ki, Azərbaycan Müdafiə Nazirliyi şərti sərhəddə baş verən sonuncu insidentlə əlaqədar Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırdı. Bu əməlləri törədənlərin müəyyən edilərək cəzalandırılmasını tələb etdi. Bu, Ermənistanın daxilindəki “paralel hökumətin” təmizlənməsi əməliyyatları üçün verilən istiqamətdir.
Düzdür, Ermənistan mümkün vətəndaş qarşıdurmalarına, iğtişaşlara da hazır olmalıdır. Çünki İrəvanın siyasi kursu daxili arenanı da çalxalayır. Lakin səbəb nə olursa-olsun, Azərbaycan heç bir vəziyyətdə İrəvanın regional sabitliyi pozmaq üçün səylərinin genişlənməsinə imkan verməyəcək".