Cəmiyyətin, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin üzərinə böyük missiya düşür
İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb. Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib. O bildirib ki, Azərbaycan torpaqları erməni işğalından azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: "Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq". E.Səmədov söyləyib ki, itkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək. Qeyd edək ki, Xocalı şəhərində daha bir kütləvi məzarlıq aşkarlanıb. Su-kanalizasiya sisteminin tikintisi zamanı ən azı 4 nəfərə məxsus olması ehtimal edilən insan qalıqları üzə çıxıb. Qalıqlardan birinin 4-5 yaşlı azyaşlıya aid olması ehtimal edilir. Qalıqları aşkarlanan insanların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib ki, 30 illik erməni işğalı dönəmində 4000-ə yaxın azərbaycanlı itkin düşüb. Hüquq müdafiəçisi bildirib ki, onlar girov götürülmüş sayılır və taleləri barədə heç bir məlumat yoxdur:
"Girov götürülmüş və barəsində heç bir məlumat verilməmiş azərbaycanlıların müxtəlif dönəmlərdə işgəncələrlə qətlə yetirildikləri bəlli idi. Vətən müharibəsindən, torpaqlarımız işğaldan azad ediləndən sonra orada aparılan bərpa-quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar edilməyə, erməni vəhşiliyinin izləri üzə çıxmağa başladı. Şuşada, Kəlbəcərdə, Ağdamda, Laçında kütləvi məzarlıqlar aşkarlandı. Ötən gün də Xocalıda belə bir məzarlıq üzə çıxdı. Şübhəsiz, bunlar ilk növbədə erməni vandalizminin bariz nümunəsidir. 4 minə yaxın itkin vətəndaşımızın ermənilər tərəfindən əsir götürüldüyü və sonrakı illərdə qətlə yetirildiyi bəlli olur. Həm də nəzərə alınmalıdır ki, erməni silahlıları əsir götürdükləri azərbaycanlıları sadəcə qətlə yetirməyiblər, onlara dəhşətli işgəncələr veriblər, qeyri-insani rəftara məruz qoyublar. Sonra da onları kütləvi məzarlıqlarda basdıraraq vəhşiliyin izlərini itirməyə çalışıblar. Ancaq bu faktlar tədricən ortaya çıxmaqdadır".
Hüquq müdafiəçisi vurğulayıb ki, bunlar müharibə cinayətidir və Azərbaycan dövləti bununla bağlı genişmiqyaslı istintaq tədbirləri həyata keçirir: "Müharibə cinayətlərini ifşa etmək, daha sonra sənədləşdirib sübutlarla, dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq vacibdir. Həm erməni vandalizmini ifşa etmək, həm də belə vəhşətin bir daha yaşanmaması üçün bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq məhkəmələrdə hüquqi qiymət verilməsi çox zəruridir. Bu məsələdə bütün cəmiyyətin, medianın, vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin üzərinə böyük missiya düşür. Olduğumuz ölkələrdə, çıxış etdiyimiz beynəlxalq təşkilatlarda bu məsələni daim gündəmə gətirməli, erməniləri sübutlarla ifşa etməliyik".