Kamil Zeynallı şagirdlərlə görüşdü: "Normaldır" - AÇIQLAMA

Kamil Zeynallı şagirdlərə nümunə olacaq şəxsdir

Kamran Əsədov: "Onun orta məktəblilərlə görüşündə heç bir problem yoxdur"

“Biz orta məktəblərdə təkcə tanınmış şəxsləri, alimləri, şair və yazıçıları deyil, cəmiyyətin digər üzvlərini də tanıtmalıyıq”

  Paytaxtdakı 45 saylı orta ümumtəhsil məktəbində Kamil Zeynallı ilə görüş təşkil edilib. Kimdir Kamil Zeynallı? Müxtəlif şəraitlərdə, cinayət tərkibli müxtəlif əməllərə görə polis tərəfindən dəfələrlə saxlanılan bir şəxs. Doğrudur, K.Zeynallı xeyriyyəçi kimi də tanınır. COVID-19 pandemiyası zamanı onun aztəminatlı ailələrə sosial yardımlar etməsi məlum idi. Xeyirxah insandır. Danmaq mümkün deyil. Başqa nə? Bu insanın başqa hansı xidməti, xüsusi olaraq onu fərqləndirən hansı cəhəti var? Kamil Zeynallı ilk başdan müğənni Gülayın həyat yoldaşı kimi tanınıb. (Ölkəmizdə müğənnilər hamıdan məşhurdur axı!..) Çünki tv-proqramlara birgə qatıldıqları vaxtlar olurdu. Kim kimi məşhurlaşdırdı, Kamilmi Gülayı, Gülaymı Kamili, bu da çətin sualdır. Bu da faktdır ki, Kamilin adı çəkiləndə, “Gülay Zeynallının həyat yoldaşı” təyini səslənirdi. İndi də, baxmayaraq ki, ailə münasibətləri sonradan pozuldu, Kamil Zeynallı yenə də daha çox Gülay Zeynallının həyat yoldaşı kimi məşhurdur, sabiq olsa da. Bununla K.Zeynallı şəxsiyyətini aşağılamaq fikrində deyilik. Qətiyyən. Sadəcə, bu insanın cəmiyyətdə necə tanındığını izah etməyə çalışırıq. Və başqa bir tanıtım, təqdimat tapa bilmirik. “İdmançıdır”, desək, o qədər idmançılar var ki! Əgər ölkəmizi hansısa mötəbər idman yarışlarında təmsil edib, mükafatlar qazanan titullu idmançı olsaydı, əlbəttə, təqdimat başqa cür edilərdi. Belə deyil. K.Zeynallının trenajor zalı – idman-sağlamlıq mərkəzi (“Limak) vardı, işlədirdi, sahibkar kimi. İndi bu mərkəz fəaliyyətdədir, deyil, onu da bilmirik. Eyni adda “çatdırılma” məntəqəsi də var. Onundur, onun deyil, bunu bilmirik. Qısası, bu insan dalaşqan davranışları ilə sosial şəbəkələrdə populyarlaşıb. Sonuncu dəfə də Rusiyada həbs edildi (ermənilərin təxribatı ilə), Azərbaycanın Rusiyadakı səfirliyinin müdaxiləsindən sonra sərbəst buraxıldı. Belə adamlar haqqında “qəbrə salamat baş aparana oxşamır”, məsəli işlənir.
Yaxşı, belə bir mübahisəli şəxsiyyəti olan adamın niyə məktəbdə şagirdlərlə görüşü təşkil edilməlidir?
  Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında, hər nə qədər bizə təəccüblü görünsə də, həmin görüşü müsbət qarşıladığını qeyd etdi:

- “Təhsil haqqında” qanunun tələbinə görə, hər bir şagird şəxsiyyət olaraq yetişib cəmiyyətə atılmalıdır. Birmənalı şəkildə biz orta məktəblərdə təkcə tanınmış şəxsləri, alimləri, şair və yazıçıları deyil, cəmiyyətin digər üzvlərini də tanıtmalıyıq. Hər bir şəxs cəmiyyətin üzvüdür. İstər Kamil Zeynallı, istərsə də müasir dövrün digər populyar şəxslərinin məktəblilərlə görüşünün keçirilməsində heç bir problem yoxdur. “Orta ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”ndə müsbət xarakterizə olunan şəxslərin məktəbə dəvət edilməsi də əksini tapıb. Belə şəxslərlə təşkil edilən görüşlər şagirdlərə müsbət təsir göstərir. Biz şagirdlərə cəmiyyətin hər bir üzvünü təqdim etməliyik ki, onlar hansı yolla gedəcəklərinə özləri qərar versinlər. Bütün şagirdlər ali məktəbə daxil olmur, bütün şagirdlər elm ardınca getmir. Başqa peşələri, sənətləri seçənlər var. Kamil Zeynallı fəaliyyəti ilə bağlı cəmiyyət tərəfindən müsbət qəbul olunan insandır. İdmanla məşğul olur, bununla da şagirdlərə nümunə olacaq şəxsdir. Biz bu cür müsbət xarakterizə olunan insanları şagirdlərə tanıtmalıyıq. Bu cür insanları uşaqlar, məktəblilər onsuz da sosial şəbəkələrdə görür, izləyirlər. K.Zeynallını yaxından tanıtmaqla biz şagrdlərə motivasiya verə bilərik. Çünki bir çox hallarda çətin situasiyalarda şagirdlərin özlərini itirdiyini görürük. Müasir dövrün trendi budur. Biz müasir dövrün çağırışlarını nəzərə almalıyıq.

P.S. Belədirsə, “Son zəng” tədbirlərində, məzun günlərində meyxana oxuyan, “vorovskoy” mahnılar dinləyib rəqs edənləri də gərək qınamayaq, “özləri yollarını seçsinlər”, deyib keçək.