Klaar yaxşı olardı ki, tərəflərə çağırışlar etmək əvəzinə özlərinkilərlə, Avropa siyasətçiləri ilə işləsinlər
"Avropa İttifaqının ziddiyyətli və birmənalı olmayan mövqeyi Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına əngəllər törədir". Bunu "Sherg.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Aİ-nin məsələyə yanaşması, münasibəti bu və ya digər şəkildə Fransanın təsiri ilə formalaşır: "Fransanın destruktiv rolu Avropa İttifaqının ümumi mövqeyinə mənfi təsir göstərir. Bu da Birliyin Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarına təsirsiz ötüşmür. Fransanın Ermənistanı açıq-aşkar silahlandırması və Aİ-nin "mülki missiyası"nda daha aktiv rol oynamağa çalışması faktı ortadadır. Paris çalışır ki, Ermənistandakı missiyanın tərkibində daha çox fransız hərbçilər, keçmiş polislər yer alsın, sayı artırılsın. Fransanın Ermənistandakı missiyanı öz maraqları çərçivəsində yönləndirmək, himayə etmək cəhdləri bölgədəki prosesləri, İrəvan-Bakı arasındakı sülh danışıqlarının irəliləməsinə imkan vermir".
Analitik vurğulayıb ki, əgər Avropa İttifaqı şəffaf münasibətlər istəyirsə, belə addımlara son qoyulmalı və bütün məsələlər açıq müstəvidə müzakirə olunmalıdır: "Azərbaycanın tələbləri, şərtləri ciddi qəbul olunmalıdır. Avropa Parlamenti rəsmi Bakıya qarşı qərəzli mövqeyindən əl çəkməlidir. Aİ-nin sülh ritorikası real əməllərlə üst-üstə düşməlidir. Hələ ki bunu görümürük. Klaar yaxşı olardı ki, tərəflərə çağırışlar etmək əvəzinə özlərinkilərlə, Avropa siyasətçiləri ilə işləsinlər. Azərbaycanla münsibətlərin pozulması ilk növbədə Avropa İttifaqının özünü pis vəziyyətdə qoyacaq".